Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 17:00:00
Bir-birindən vacib qərarlar, döyülən  direktor, sabiq rektor müzakirələri – Həftənin təhsil icmalı  

 

AzEdu.az bu gündən etibarən,  bitməkdə olan  həftənin təhsil  icmalını təqdim edəcək:

Geridə buraxdığımız günlərdə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı təsdiqləndi

Prezident İlham Əliyev  “2019-2023-cü  illər üçün  Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Doktorant və gənc tədqiqatçıların XXII respublika elmi konfransı keçirildi

 Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib.

Təhsil naziri Ceyhun Bayramov konfransda çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etməklə yanaşı, bir çox önəmli detallara da toxunub.

Nazir dövlət başçısının Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini qeyd edib.

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan Ceyhun Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir. Nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib.

Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib

Ötən həftənin ən önəmli təhsil hadisələrindən biri də Təhsil nazirinin mətbuat konfransı oldu. Konfransda 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələrdən bəhs olunub.

Təhsil nazirinin müavini kollektivə təqdim olundu

Geridə buraxdığımız həftədə prezidentin sərəncamı ilə  Təhsil nazirinə  yeni müavin təyin olundu.  Bir neçə gün sonra isə   nazir  Ceyhun Bayramov yeni müavin İdris İsayevi kollektivə  təqdim etdi.

Xatırladaq ki, İ.İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.

Reyhan Camalova dünyanın 100 ən nüfuzlu qadını arasında  yer alıb

BBC dünyanın dörd bir yanından 100  ən nüfuzlu qadınların siyahısını açıqlayıb. Siyahıda azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova da yer alıb. O, bu barədə öz şəxsi facebook hesabında məlumat yayıb.

Xatırladaq ki, Reyhan Camalova 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

Məktəblilərin payız tətili başa çatıb

21.11.2018-ci ildən etibarən  orta   məktəblərdə 2018-2019-cu tədris ilinin payız tətili başa çatıb.

Qeyd edək ki, payız tətili 5 gün - 16-20 noyabr tarixlərini əhatə edib.

Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

“Drakon” məktəb direktorunu vəhşicəsinə döydü

"Dolu" filminin məşhur aktyoru,  "Drakon" obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktorunu döyüb. Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.

Qeyd edək ki,hadisə 220 nömrəli məktəb-liseydə baş verib. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxıb. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirib.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənib.

Abel Məhərrəmovdan mediaya müraciət  edib

Bildiyimiz kimi ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov mətbuatda barəsində yazılanlara münasibət bildirib.

  A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, yazılanlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur: “Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmağımı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.

Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: “Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.

 

Məktəb direktoru olmaq istəyənlər üçün imtahan keçirildi

Noyabrın 22-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə start verilib. bu mərhələdə 1600-dən artıq namizədin iştirak edəcəyi gözlənilib. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi 135) keçirilib.

İmtahanın keçiriləcəyi tarix və saat barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.  

Bu mərhələdə namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunub.

 Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Beyləqan rayon Təhsil şöbəsinin müdiri işdən çıxarılıb

 Geridə buraxdığımız günlərdə  Beyləqan rayon Təhsil şöbəsinin müdiri  olan Xuraman Rüstəmova işdən çıxarılıb.

Bu xəbər bizim diqqətimizdən yayınmayıb.AzEdu.az "Report"a istinadən xəbər verib ki, Təhsil Nazirliyi tərəfindən rayon Təhsil şöbəsində araşdırmalar aparılıb və ciddi nöqsanlar aşkarlanıb.

X.Rüstəmovanın da məhz bu səbəbdən vəzifəsindən kənarlaşdırıldığı bildirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyaya səfər edib

Təhsil nazirinin  müavini Firudin Qurbanov  Noyabrın 23-də nazir müavini Azərbaycan Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasında iştirak edib.

Səfər çərçivəsində təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın yeni təyin olunan milli təhsil naziri Yekaterina Andronesku və nazir müavini Gigel Paraskiv ilə görüşüb. Görüş zamanı Firudin Qurbanov 24-25 may 2017-ci il tarixində ADA Universitetində keçirilən Azərbaycan-Rumıniya Universitetlərarası forumunda iştirak etmək üçün rumıniyalı həmkarının ölkəmizə səfərini, o cümlədən Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin, Azərbaycanda Rumıniyaşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini məmnunluq hissi ilə qeyd edib. Görüşdə nazir müavini həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verərək ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinin təşviq edildiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında ali və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə edilib.

Daha sonra nazir müavini Buxarest Politexnik Universitetinin Qabaqcıl Tədqiqatlar Mərkəzini ziyarət edib

 

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları