Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 10:26:00
Həkim olsam,  heç vaxt qoymaram ki, anam xəstələnsin” – V sinif şagirdiylə “Atüstü söhbət”

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitet və  məktəblərin fəal tələbə - şagirdləri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir.

Rubrikamızın ilk şagird  qonağı Bakı şəhəri 214 nömrəli  tam orta məktəbin   5-ci sinif şagirdi İbrahim Cəfərovdur.

İbrahim Cəfərovla “Atüstü söhbət”i təqdim edirik:

“Həkim olub, insanlara pulsuz xidmət göstərmək istəyirəm”

 -İbrahim, əvvəlcə, nümunəvi şagird necə olar, onu de...

-Nümunəvi şagird  - müəllimlərin verdiyi bütün tapşırıqları yerinə yetirən, dərsini yaxşı cavablandırandır. Nümunəvi şagird   ilk  növbədə, nümunəvi övlad olmalıdır. Çünki hər bir  şagird öz ailəsinin təmsilçisidir.

-Dərslərində çətinlik çəkirsən?

-Yaxşı oxumağa çalışdığım üçüm çox zaman  dərslərimdə çətinlik çəkmirəm. Amma fənlərin şahı olan Riyaziyyatdan – müəllimlər belə deyir -  bəzən, problemim olur.

-Dərslərində “2” alanda nə hisslər keçirirsən?

-Özümü çox pis hiss edirəm. Evə getməyimə, valideynimin qarşısına çıxmağa  utanaram ki, “2”aldım.  Axı heç bir valideyn istəməz ki, övladı aşağı qiymət alsın...

- Səncə, “dostluq”  sözünün anlamı nədir?

-Dostluq - mənim üçün   zəncirdir. Heç kimin onu qırmağa gücü çatmaz.  Hər bir insanın həyatında dostu olmalıdır.  Öz dostunu məktəb  illərindən qazanmaq çox gözəldir...

“Dostluq” sözünün mənası  çox böyükdü.  Dost dediyin insan heç vaxt dostunu dar gündə qoymaz, ona yalan danışmaz. Mənim bir dostum var, adı  Raman, o, tərbiyəlidir, həm də  heç vaxt yalan danışmır. Çalışırıq, dərslərimizdə çətinlik olduğu zaman bir-birimizə kömək edək.   Mən bir dəfə xəstə olub dərsə getmədim.  Raman evə qədər gəldi, bu, mənə böyük dəstək oldu.

-Bəs sənin üçün  Vətən nə deməkdir?

-Vətən  insanın anadan olduğu, dədə-babalarının,  qohum-əqrəbalarının yaşadığı torpaqdır. Vətən xüsusi sevgi və hörmətə layiq olan müqəddəs diyardı. Biz vətənin suyunu içir, çörəyini yeyir,  havasını uduruq. Vətən bizim anamız, and yerimizdir. Vətənə sevgi hissi də həm ailədə, həm məktəbdə , həm də cəmiyyətdə  tərbiyə olunmalıdır. Mənim vətənimə olan sevgim sonsuzdur. Biz hamımız vətən uğrunda canımızdan keçməyə hazır olmalıyıq. Əbəs yerə deyilməyib ki, Vətəni  üçün ölmüş  bir insan məsud  insandır.

-Bəs, sevgi...?

-Ümumiyyətlə,  sevgi  anlayışı mənə görə  genişdir. Sevgi duyğuların ən alisidir. İnsanda sevgi  olmasa, o,  vətənini, valideynlərini dostlarını sevə bilməz. Sevgi hər şeydən üstündür o puldan və var-dövlətdən yaranmır.

-Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?

-Anam istəyir ki, gələcəkdə həkim olum. Özümün də  o peşəyə  sevgim çox   böyükdür. Həkim olub insanlara pulsuz xidmət göstərmək istəyirəm. Ehtiyacı olan insanlara hər an kömək olmaq çox yaxşıdır. Həkim olsam,  heç vaxt qoymaram ki, anam xəstələnsin.  Axı analar müqəddəsdir. İnanıram ki, o ağ xələti əynimə geyəcəyəm,  cəmiyyətimizə layiqli, faydalı həkim olacağam.

-“Yaxşı müəllim” səncə, necə olmalıdır?

-Yaxşı müəllim  şagirdlərlə yaxşı davranmalı, onların hər bir sualı mehribancasına cavablandırmalıdır. Şagirdlərin aydın olmadığı, başa düşmədiyi  dərsi asanlıqla başa salmalıdır. Qadın  müəllim şagirdə  ikinci ana, kişi müəllimləri isə ikinci ata olmalıdır. Müəllimlər ikinci valideyn olaraq öz şagirdlərinə daim qayğıkeş olmalıdır. Belə olduğu halda həm də şagirdlər dərslərini sevər. Axı məktəb biz şagirdlərin ikinci evidir. Çünki evdən daha çox vaxtımızı məktəbdə keçiririk.

-Məktəbdə heç sevmədiyin müəllim  var?

-Təəssüf, var... Sevmədiyim müəllim  şagirdlərlə kobud davranan, ev tapşırığı yerinə yetirmədikdə  səbəb soruşmadan ona aşağı qiymət yazandır. Çünki müəllim şagirdlərə kobud sözlər deməklə  daha da şagirdlərin dərsə olan sevgisini azaldır.

Sevmədiyim  müəllimim var ki,  ev tapşırığını hazırlamayanda səbəb soruşmadan “2” yazır. Axı bəzən elə hallar olur ki, hər dəfə  ev tapşırığını yazmaq olmur.

-Gələcəkdə bu peşəni seçsən,  necə müəllim olarsan?

-Şagirdlərlə gözəl rəftar edən, onlara  dost kimi yanaşan müəllim olardım. Onları daim öz dərslərini sevməyə həvəsləndirərdim. Şagirdlərimi heç vaxt döyməz,  onlara kobud sözlər deməzdim.  Onları yaxşı oxumaqları üçün əlimdən gələni edərdim. Çünki cəmiyyətimizin gələcəyi biz şagirdlərin əlindədir.

-Şagirdlərin sosial şəbəkədən istifadəsinə  necə baxırsan?

-Şagirdlərin sosial şəbəkədən  istifadəsinə yaxşı baxmıram. Çünki uşaqlar sosial şəbəkədən istifadə edəndə dərslərinə yaxşı hazırlaşmır. Amma internet resurslardan şagirdlərə faydalı olan onlayn test,  digər faydalı olan məlumatları öyrənməyin tərəfdarıyam. Çünki yaşadığımız dövr internet əsri olduqdan bəzən kitablarda olmayan bilikləri internetdən öyrənə bilərik.

-Şagird asudə zamanlarını necə dəyərləndirməlidir?  

-Şagirdlər asudə zamanlarını  nağıllar, rəvayətlər digər kitablar oxumaqla dəyərləndirməlidir. Onlar təmiz havaya çıxmalı bəzən də oyunlar oynamalıdır.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları