Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 17:10:00
DİM-də kolleclərə qəbul imtahanlarının müsabiqə şərtləri müzakirə olundu

Dövlət İmtahan Mərkəzində (DİM) 2019/2020-ci tədris ili üçün tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslarına qəbul imtahanları ilə əlaqədar elmi-metodik seminar keçirilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, seminarda Bakı və Sumqayıt şəhərlərində yerləşən orta ixtisas təhsili müəssisələrinin mütəxəssisləri iştirak ediblər. Seminarda 2019/2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslar üzrə kolleclərə qəbul imtahanlarının müsabiqə şərtləri və proqram tələbləri müzakirə olunub. Həmçinin qiymətləndirmə meyarları və metodiki tövsiyələrlə bağlı fikir mübadiləsi aparılıb.

DİM-in yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin əməkdaşı Nuran Abasova tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri haqqında məlumat verib. O, seminar iştirakçılarının nəzərinə çatdırıb ki, 2019-cu ildə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı (XI sinfi cari ildə bitirən abituriyentlər üçün buraxılış imtahanı) Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən yeni təhsil proqramları (kurikulumlar) əsasında keçiriləcək. Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı (IX sinfi cari ildə bitirən abituriyentlər üçün buraxılış imtahanı) yeni təhsil proqramları (kurikulumlar) üzrə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən iki mərhələdə keçiriləcək.

İclasda 2018/2019-cu tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarının nəticələri müzakirə edilib, qarşıya çıxan problemlərin həlli barəsində təkliflər irəli sürülüb. Növbəti tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına hazırlıq işləri çərçivəsində metodiki vəsaitlərdə verilmiş materialların müzakirəsi aparılaraq, “instrumental ifaçılıq”, “xalq çalğı alətləri ifaçılığı”, “musiqi müəllimliyi”, “vokal sənəti”, “xanəndəlik”, “xor dirijorluğu”, “musiqi nəzəriyyəsi”, “aşıq sənəti”(yalnız 9 illik bazada) ixtisasları üzrə proqram tələblərində müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub.

Müzakirələr nəticəsində növbəti tədris ili üçün qəbul olunacaq proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti” adlı vəsaitdə dərc ediləcək. Bu vəsaitdə qabiliyyət imtahanı üzrə proqramlarla yanaşı, qiymətləndirmə meyarları və metodiki tövsiyələr də abituriyentlərə təqdim ediləcək. Vəsaitin elektron variantı DİM-in internet saytında yerləşdiriləcək.