Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 13:54:26
"Elmlər doktoru proqramlarında təhsil alanların 8 faizi gənclərdir" - NAZİR

Hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir.

AzEdu.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Doktorantların və Gənc Tədqiqatçıların XXII Respublika Konfransında çıxışı zamanı deyib.

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruriliyini vurğulayan C.Bayramov dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini ifadə edib.

 

Nazir elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu da deyib. C.Bayramov ölkə Prezidentinin sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qəbul edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini qeyd edib. O bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb.

C.Bayramov əlavə edib ki, Təhsil Nazirliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1 160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur.