Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 15:01:21
Heç bir səbəb tutduğun vakant yerdən imtina etməyə haqq qazandırmır - Ucqar kənd müəllimi

“Müəllimlik kimi müqəddəs peşə ilə məşğul oluruqsa, Vətənimizin hər bir qarışı bizə doğma, əziz olmalıdır. Heç bir səbəb tutduğun vakant yerdən imtina etməyə haqq qazandırmır”.

Bu cümlələr Quba Rayonunda müəllim kimi çalışan Önər Cəbizadəyə aiddir. 

AzEdu.az müəllimlərin işə qəbulu üzrə müsabiqədə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 43 bal toplayaraq müddətli müqavilə əsasında Quba rayonunun M.Teymurxanlı adına İsnov kənd ümumi orta məktəbinə işə qəbul olan Önər Cəbizadənin “uğur hekayəsi”ni təqdim edir: 

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Filologiya” fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasını 2017-ci ildə müvəffəqiyyətlə bitirmişəm. 2018-ci ildə hərbi xidməti başa vurduğum ay müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçdim. Hazırlıqsız olduğum üçün test imtahanında 43 bal topladım və müsabiqənin ilk turlarında uğur qazanmadım. 

Bakıda özəl sahədə işləməyə başladım. İlk iş günüm sentyabrın 15-nə təsadüf etdi. Həmin gün gördüyüm mənzərə - məktəbə tələsən şagirdlər və müəllimlər uzun müddət gözümün önündən getmədi. İxtisasım üzrə işləmək istəyirdim. Çünki bu ixtisası təsadüfən seçməmişdim. Məqsədim şərəfli müəllim adını daşımaq idi. Növbəti il bu müsabiqəyə daha ciddi hazırlaşmaq üçün planlar qurarkən oktyabr ayında müddətli müqavilə ilə işə qəbulun növbəti turunun keçiriləcəyini eşitdim. Bakıdakı işim də qaydasında idi. Amma içimdən gələn səs məni müəllimliyə səsləyirdi. Bu mənim ən böyük arzum idi. Vakansiya seçimində iştirak etdim və Quba rayonunun M.Teymurxanlı adına İsnov kənd ümumi orta məktəbinə qəbul oldum. Elə həmin gün tərəddüd etmədən işdən azad olmaq barədə ərizə yazdım və sənədlərimi hazırlayıb 2 saylı ərazi maliyyə hesablaşma mərkəzinə getdim. Kəndə gəldiyim ilk gün məktəb direktoru Cəlal müəllim, digər müəllimlər, kənd sakinləri məni mehriban qarşıladı. Qalmağa ev ilə də təmin olundum. İlk dərs günümdə şagirdin "Müəllim, siz də bir müddət sonra gedəcəksiz?” sualı ilə qarşılaşdım. Sonradan aydın oldu ki, şagirdlərimə hər il bu fənni fərqli müəllim tədris edib və cari tədris ilində müsabiqənin əvvəlki turunda bu məktəbə işə qəbul olan şəxs imtina edib. Mən isə cavab verməkdə çətinlik çəkirdim, çünki mən də müddətli müqavilə ilə işləyirdim. Amma nə olur olsun imtina etməyəcəkdim. Daimi yaşadığım yer Astara rayonun Hamoşam kəndindən Quba rayonunun İsnov kəndinə təxminən 420 km məsafə olmasına baxmayaraq imtina etmədim. Sevdiyin, arzuladığın işi görməyə məsafələr əngəl ola bilməz, deyə düşünürəm. 


Müəllimlik kimi müqəddəs peşə ilə məşğul oluruqsa, Vətənimizin hər bir qarışı bizə doğma, əziz olmalıdır. Şagirdlərin gözlərindəki sevinc hissi, müəllimə ümid yeri kimi baxmaları qəlbimdə bu sənətə sevgini hər gün daha da alovlandırır. Siniflərdə şagird sayı az olmağına baxmayaraq dərsə davamiyyət və maraq çox yüksəkdir. Məlumdur ki, ədəbiyyat həyat həqiqətləri ilə zəngindir. Hər bir əsər həyatla birbaşa bağlıdır. Keçdiyimiz hər bir əsəri real həyatla əlaqələndirib onlardan nəticə çıxarmaları üçün imkan yaradıram. Belə əsərlər mənə şərait yaradır ki, şagirdlərin təlim-tərbiyəsini daha düzgün təşkil edim. 
Müəllim olmaq arzum məni uzaq İsnova gətirib çıxardı. Bu gün mən yaşadığım rayonda yox, ucqar kənddə işləyirəmsə, buna səbəbkar özüməm. Müsabiqənin tam şəffaf şəkildə keçirildiyinə əminəm. 
Əziz müəllim olmaq istəyən şəxslər! Ucqar kənd yerlərində müəllim yolunu gözləyən minlərlə şagirdlərimiz var. Gəlin onları müəllimsiz qoymayaq. Bu il müşahidə etdim ki, öz seçdiyi məktəbdən nə qədər imtina edən namizədlər oldu. Şagirdlərin və işləmək istəyən müəllimlərin haqqına girməyək. Heç bir səbəb tutduğun vakant yerdən imtina etməyə haqq qazandırmır. "Yüz ölç, bir biç" - deyib atalarımız.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları