Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 12:13:00
Rezidentlərə həkim adını qazandıran attestasiya qaydaları –  İllər arxasındakı diplom  

Azərbaycan Tibb Universiteti məzunlarından ixtisas sahibi olmaq üçün xeyli imtahan tələb etməsi ilə fərqlənir.

Buranın məzunları bakalavr dönəmində semestr imtahanlarından uğurla keçib, universiteti bitirdikdən sonra ixtisaslı həkim olmaq üçün rezidenturaya qəbul olunmalıdırlar. Rezidentura dönəmində rezident artıq həkim bacarıqlarına yiyələnib, kuratorunun nəzarəti ilə həkim kimi çalışsa da, hələ də imtahan verməli olur.

Rezidenturanı başa vurduqdan sonra isə onların yekun attestasiyası keçirilir. Yekun attestasiyanı Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilən Attestasiya Komissiyası həyata keçirir.

Attestasiya harada baş tutur?

Naxçıvan Dövlət Universitetinin rezidentlərinin yekun attestasiyası həmin universitetdə, digər klinik baza rezidentlərinin attestasiyası isə Azərbaycan Tibb Universitetində baş tutur.

Yekun attestasiyada rezident nələrdən imtahan verməlidir?

AzEdu.az xəbər verir ki, rezidentlərin yekun attestasiyası test və praktiki olmaqla iki mərhələdə həyata keçirilir.

Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualını cavab verməlidir. İmtahan komputer vasitəsilə aparılır. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Bu imtahanda 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

İkinci mərhələdə rezident 5 müxtəlif klinik halı araşdırmalıdır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və təhlili, müalicə tədbirlərinin planlaşdırılması, xəstələrin reabilitasiyası, profilaktik tədbirlərin aparılması, xəstəliyin gedişinin proqnozlaşdırılması və s. aiddir. 

Klinik halların hər biri ali tibb təhsili müəssisəsində təyin edilən meyarlara əsasən, 10 ballıq şkala qiymətləndirilir. 30 və daha çox bal toplayan rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Attestasiyadan keçə bilməyən rezidentin aqibəti necə olur?

Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər növbəti ildə həmin mərhələ üzrə yekun attestasiyadan keçməlidirlər.

Rezidentlər attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Attestasiyada uğur qazanmağın əhəmiyyəti nədən ibarətdir?

Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi və diplom verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları