Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 17:37:21
Azərbaycan tələbələri üçün fantastik şans – Sərbəst seçim, nüfuzlu təhsil, iki diplom  

Prezident İlham Əliyev 2018-ci il 16 noyabr  tarixində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi universitetlərdə müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanacaq.

Bəs ənənəvi tədris proqramlarında əsas çatışmazlıqlar nələrdir?  Xarici təcrübədən yararlanarkən əsas nələri mənimsəməyə ehtiyac var?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov bildirib ki, burada əsas məqsəd Azərbaycan ali təhsilində rəqabət qabiliyyətinin artırılmasıdır. Bu istiqamətdə atılacaq addımlardan biri isə  ikili diplom proqramlarıdır:

“Hansısa   xarici nüfuzlu universitetlə ortaq proqramın açılmasının iki müsbət təsiri olur.  Əvvəla, tələbə iki universitetin diplomunu birdən əldə edə bilir. İkincisi isə onların tədris proqramı da tətbiq edilir. Bu da proqramlara müəyyən qədər elastiklik imkanı verir. Ortaq proqram əsasən xarici dildə açılır. Bu isə məzunların bakalavrın sonunda həm iş, həm də təhsilinin davamı üçün böyük fürsətlər vəd edir”.

Onun sözlərinə görə, ənənəvi proqramlarda fənlərin ixtisas üzrə müəyyənləşdirilməsi mərkəzləşdirilmiş şəkildədir:

“Buna görə də universitetlərin proqramları dəyişdirmək imkanları məhduddur. İkili diplom proqramları vasitəsilə isə tələbələr  dərslərdə müəyyən qədər seçim sərbəstliyi  əldə etmiş olacaqlar”.

Ənənəvi proqramlarda daha nələrin köklü şəkildə dəyişdirilməli olduğu sualına isə Elçin Süleymanov belə cavab verib:

“Burada universitetlərin dəyişiklik etmək səlahiyyəti yoxdur. Hansı ixtisas üzrə hansı fənlərin keçirilməsi Təhsil Nazirliyinin bakalavr və magistratura üzrə təsdiqlənmiş əsasnaməsinə görə olur. Seçim isə sadəcə, 30 faizlik seçmə fənlərdə mümkündür. Buna görə də ixtisaslar arasında fərqli fənlər çox deyil. Bu cür proqramlarda isə fənlər daha çox ixtisas yönümlüdür.

Qeyd edək ki, Dövlət Proqramında bu ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili, əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin inkişaf göstəriciləri beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları