Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 14:20:00
Jurnalistlər ən son bu kitabları oxuyublar – “Əlimdə yaşıma uyğun olmayan kitab var”  

Deyirlər,  kitablar-zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir.  Kitab insan ruhunun müqəddəs yazısıdır. 

Maraqlıdır, görəsən, media  təmsilçilərinin  ən son oxuduğu kitab hansıdır?

AzEdu.az  bununla bağlı   jurnalistlərin fikirlərindən  ibarət sorğunu təqdim edir:

Ölkə.az saytının əməkdaşı  İntiqam Valehoğlu:

"Nə zamansa xüsusi və güclü mütaliəmin olduğunu desəm, yalan olar. Bəli, məktəb illərində, tələbəlik dövründə bu, daha intensiv idi. Sözün yaxşı mənasında "qonşudan qalma dala" prinsipi ilə oxumağa çalışırdıq. Sonra davamlı mütaliəyə o qədər də vaxt olmadı. Məsələn, mənim hazırda oxuduğum kitab üçün yaşım çoxdan keçib. Söhbət Jül Vernin "Kapitan Qrantın uşaqları"ndan  gedir. Həmçinin, bir neçə kitabı da təxminən yarıya qədər oxuyub, saxlamışam. Dediklərim son bir ilə aiddir. Digər tərəfdən işimiz elədir ki, beynin gündəlik informasiya ehtiyacını xəbər portallarından oxuduğumuz xəbərlərlə, ən yaxşı halda isə publisistik yazılarla ödəməyə çalışırıq. Təbii ki, sadaladıqlarım mütaliə üçün, daha doğrusu mütaliəsizlik üçün bəhanə deyil. Amma reallıqları da nəzərə almaq mütləqdir".

Mətbuat.az saytının baş redaktoru Tural İsmayılov:

“Ən son Saramaqonun "Korluq" əsərini oxumuşam”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:

“Ən son oxuduğum kitab Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" kitabı idi. O əsəri ötən həftə oxudum .

Faktor.az saytının baş  redaktoru Əziz Əlibəyli:

 “Hər gün mütaliə edirəm. Əvvəl daha çox kitab oxuyurdum, indi isə telefondan pdf olaraq mütaliə edirəm, telefonda son oxuduğum kitab Vladimir Bartolun “Fədailərin qalası -  Əlamut” əsəridir.

Kitablardan isə Felthemin “Diplomatın stolüstü kitabı” və Murat Yetkinin “İntriqalar kitabı”dır. İxtisaca Beynəlxalq Münasibətlər üzrə mütəxəssis olduğum üçün bu sahədə çıxan əksər kitabları fransız və ingiliscə də oxuyuram”.

Modern.az saytının əməkdaşı  Gülşən Raufqızı:

Ən son oxuduğum Rövşən Abdullaoğlunun “Relslər üzərində uzanmış adam” kitabıdır. 

Xəzər TV-nin əməkdaşı Ceyhun Rzayev:

“Ən son Alan Fridmanın qələmə “Berluskoninin həyatı -öz dilindən” kitabını oxumuşam”.

Azad Azərbaycan televiziyasının əməkdaşı Yetər Kərimli:

Ən son oxuduğum  kitab Elçin Süleymanovun  “Dövlət maliyyəsi” kitabıdır.

Sputnik.az saytının əməkdaşı İradə Cəlil:

“Ən son  oxuduğum  Səlahəddin Xəlilovun "Heydər Əliyev və Azərbaycançılıq" kitabıdır. Müsabiqəyə yazı hazırlayırdım buna görə lazım idi. Ondan əvvəl öz yazımın da yer aldığı  "Cümhuriyyət dövrünün qadınları" ondan əvvəl isə Kriminal psixologiya kitabı olub”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları