Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 13:35:00
 “Qiymətləndirməni ləğv etmək ciddi problemlər yarada bilər” – Şəmil Sadıqın təklifinə iradlar  

“Bir gün öncədən müəllim gəlir ki, “sizi imtahan edirəm, masanın üstündəki hər şeyi yığışdırın”. Şagirdləri bu formada stressə salmaq olmaz. “Gəlin,  özümüzü yoxlayaq”, deyərək şagirdlərin bacarıqlarını daha fərqli ölçən prosedura tətbiq etməliyik. Belə olduqda, məktəbli psixoloji olaraq alışacaq ki, məni yoxlamırlar. Mən özümü yoxlayıram”

Pedaqoqlar arasında orta məktəblərdəki qiymətləndirmə sistemi ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Hədəf şirkətlər qrupunun baş direktoru  Şəmil Sadiqin qiymətləndirmənin ləğvi ilə bağlı fikirləri isə çoxlarında maraq  doğurur. “Qiymətləndirmə ləğv olunsa, verdiyimiz biliyi necə qiymətləndirərik?” kimi düşünən müəllimlər az deyil.

AzEdu.az məsələ ilə bağlı təlimçi müəllim  Bəhmən Məmmədovun da fikrini öyrənib. O bildirib ki, Finlandiya təhsil sisteminin tərəfdarıdır:

“Məsuliyyətli, şagird, övlad, valideyn böyütmədikcə qiymətləndirmənin əleyhinə gedə bilmərik”

“Qiymətləndirmədən öncə bu sistemdəki bəzi nüanslara  diqqət etmək istərdim:

Oradakı uşaqlar I sinfə gedərkən avtobusdan sərbəst istifadə edə bilirlər. Amma bizim şagirdlər valideynsiz bunu bacarmırlar. Bizdə I sinif şagirdlərini məktəbə valideyni gətirir.

Finlandiyada məktəblərdə divan, kreslo belə var. Şagird özünü evində hiss edir. Məktəbə ayaqqabısız daxil olur. Şagird məktəbə sevərək  gəlməli, özünü evindəki kimi hiss etməlidir.

Buranın məktəblərində hətta yemək bişirmə dərsləri də var. Bizdə oğlan uşaqları yemək bişirə bilmir. Amma onlarda bu, II-III sinif şagirdlərinə fənn kimi tədris olunur.

Finlandiya məktəblərində heç vaxt siniflərarası futbol yarışı keçirilmir. Çünki uşaqlar rəqabət halında olmamalıdırlar.  Şagirdlər bir-biri ilə rəqabətdə böyüməməlidirlər. Onları yarış atı kimi rəqabətə cəlb etməməliyik. Rəqabət şagirdi yalan, riyakarlıq, iküzlülüyə sövq edər. Şagird yalnız hədəfi ilə yarışmalıdır.

Onlarda məsuliyyət bizdən çoxdur. Məsuliyyətli, şagird, övlad, valideyn böyütmədiyimiz müddətdə qiymətləndirmə sisteminin əleyhinə gedə bilmərik. Bu, hələ ki, bizdən uzaqdır. Çünki bunun üçün millət, xalq olaraq bir az inkişaf etməliyik. Bu, aydın faktdır.

Finlandiya bu səviyyəyə 1880-ci ildən sonra başlayaraq çatıb. Bizim ora gəlib çatmamız vaxt tələb edir”.

“Qiymətləndirməni ləğv etsək, şagirdin necə öyrəndiyini haradan biləcəyik?”

Müəllimin fikrincə, qiymətləndirmə yalnız rəqəmli formada olmaya da bilər. Şagirdlərə layihələr verərək onları qiymətləndirmək mümkündür:

“Rəqəmli qiymətləndirmə sisteminə IX sinifdə keçmək olar. Sözlü qiymətləndirmə ən yaxşısıdır. Məsələn, əvvəl 4 yazırdıq. Amma valideyn o  4-ün içində nə olduğunu bilmirdi. Ona görə də formativ qiymətləndirmə gətirdik. Onun vasitəsilə valideyn bilir ki, övladı nəyi bacarır, nəyi yox. Formativ qiymətləndirmənin üstünlüyü odur ki, valideyn övladının bacarığını ölçə bilir. Qiymətləndirməni ləğv etsək, onun necə öyrəndiyini haradan biləcəyik?”

Bəhmən müəllim düşünür ki, “imtahan” sözünü ümumiyyətlə, silmək lazımdır. Bu sözü “özümüzü yoxlamaq”  ilə əvəz  etməliyik:

“Belə olduqda, şagird psixoloji olaraq alışacaq ki, məni yoxlamırlar. Mən özümü yoxlayıram. Bu, çox önəmli psixoloji dəstəkdir. Yoxsa, bir gün öncədən müəllim gəlir ki, “sizi imtahan edirəm, masanın üstündəki hər şeyi yığışdırın”. 

Şagirdləri bu formada stressə salmaq olmaz. İmtahan elə anlayışdır ki, mən də imtahan olunsam, 40 yaşıma baxmayaraq, o stressi yaşayacağam. Körpələrə bu stressi yaşatmamaq üçün  onu başqa formada  tətbiq etmək, imtahan sözünü yığışdırmaq lazımdır. “Gəlin,  özümüzü yoxlayaq” deyərək, şagirdlərin bacarıqlarını daha fərqli yoxlayan prosedura tətbiq etmək olar. Amma qiymətləndirməni tamamilə aradan qaldırmaq da düzgün deyil. Tutaq ki, qiymətləndirməni ləğv etdik. Dediyimiz dərsin şagirdlərə necə çatdığını haradan biləcəyik?”

“Ədaləti qoruyacağıq deyə bir şagirdin gələcəyini məhv etməyə haqqımız yoxdur”

Bəhmən Məmmədov  ev tapşırıqlarının da başqa formada tətbiq olunmasının tərəfdarıdır:

“Şagird verdiyimiz biliyi tətbiq etməlidir ki, onu necə mənimsədiyini bilək. Ona ən azından layihə, bacarıq tipli suallar vermək olar.  Finlandiyada ev tapşırıqları belə yoxdur. Bir müəllim dərsi məsuliyyətlə tamamlayarsa, ev tapşırığına ehtiyac qalmaz. Onun əvəzinə həyatı əks etdirən ev tapşırıqları ola bilər. Məsələn, uşaq evdə öz qarşının uzunluğu ilə hansısa məsafəni hesablaya bilər. Ev tapşırıqları və qiymətləndirməni əyləncəli hala gətirmək vacibdir. Birbaşa qiymətləndirməni ləğv etmək isə ciddi problemə səbəb ola bilər.

Ümumiyyətlə, ədalətlilik və bərabərliyi qarışdırmamalıyıq. Ədalətlilik anlayışının  tam tətbiqi insanlığın məhvi deməkdir. İnsanlığın tam düzgün, ədalətli sistemi qurmağa gücü çatmaz. Müəllim uşağı həvəsləndirmək məqsədilə “5” yazırsa, ədalətsiz olmur. Ədaləti qoruyub saxlayacağıq deyə uşağın inkişafına mane olmayaq. Uşağın psixologiyası, inkişafı ədalətli olmaqdan daha önəmlidir. Həvəslənsin deyə ona 5 yazmağa da ehtiyac yoxdur. Sadəcə,  onu başqa alternativlərlə həvəsləndirmək olar. Amma ədaləti qoruyacağıq deyə bir şagirdin gələcəyini məhv etməyə haqqımız yoxdur.

Ümumiyyətlə, təhsil idxal olunacaq anlayış deyil. O, ixrac olunmalıdır. Biz öz təhsilimizi ixrac etməliyik. Biz özümüz mükəmməl təhsil sistemini ixrac etməliyik. Bunun üçün düşünməli,  hələ mövcud olmayan bir sistemi yaratmalıyıq”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları