Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 12:37:39
DİM abituriyentlərin narahatlığına son qoydu – Keçilməyən dərslər proqrama salınmayacaq  

2019-cu ildən ali məktəbə qəbul qaydaları kurikulum standartları əsasında təşkil olunacaq.

Buraxılış imtahanları universitetlərə və orta ixtisas təhsili müəssisələrinə qəbulun ilkin mərhələsi hesab olunur.

İmtahan tarixləri dəqiq açıqlanmasa da, XI sinif şagirdləri üçün buraxılış imtahanlarının aprel ayında keçiriləcəyi məlumdur.

Dərs ili isə iyunun 15-də başa çatır. Abituriyentləri narahat edən əsas məsələ buraxılış imtahanlarının proqramına may və iyun aylarında keçirilən dərslərin əlavə olunub-olunmayacağı ilə bağlıdır.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, şagirdlərin narahatlığına heç bir əsas yoxdur. Məlumatda qeyd olunur ki, buraxılış imtahanlarında aprelə qədər olan müddətə kimi tədris olunmuş mövzulardan istifadə olunacaq. Yəni, may və iyunda keçirilən mövzular imtahan proqramına daxil edilməyəcək.

Xatırladaq ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarındakı  fənlər olacaq - Ana dili, Riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq.

2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək, cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Buraxılış imtahanlarının proqramı ilə tanış olmaq üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını əldə edə bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları