Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 12:19:01
“Müəllim bu gün “televizor” olub, baxımlı “verilişlər” hazırlamalıdır” – Təlimçidən xüsusi metodlar  

Bəzən müəllimlər şagirdlərdə oxumağa həvəsin olmaması problemi ilə üzləşir. Şagirdlərin bəzilərində bu həvəs birinci dərsi ilində itir, bəzilərində isə müxtəlif səbəblərdən ümumiyyətlə olmur.

Bəs,  müəllimlər  bu zaman  nə etməli, uşaqları oxumağa necə həvəsləndirməlidir?

AzEdu.az-a açıqlaması  zamanı təlimçi müəllim Bəhmən Məmmədov bildirib ki, şagirdlərdə dərsə maraq oyatmaq üçün  ilk növbədə  maraq  anlayışının özünə diqqət etmək lazımdır.

“Bu gün Yer kürəsində ən uzun ömürlü millət yaponlar  hesab edilir.  Çünki o  insanlarda  hər şeyə qarşı maraq hissi var.   Onlar sadə, ən  cüzi şeyə belə maraq göstərirlər. Bizim şagirdləri  aparıb, onlara məsələn, Misir piramidaları göstərsək, avtobusdan düşüb “elə bu?!” sualını verər.   

Bu gün Kimya, Fizika, Biologiya   kitablarının  səhifələri qalınlaşıb. Uşaq 11 il ancaq Fizika mətnləri  oxusa,  yalnız nəzəri  fizika bilgilərinə sahib  ola bilər.   Şagirdin  bütün mövzuları mükəmməl  dərəcədə bilməyə ehtiyac yoxdur.

Allah belə şagird yaratmayıb,  bundan sonra da yaradacağını düşünmürəm. Sadəcə, şagirdlər maraq  dairəsinə görə hazırlanmalıdır.    

Televiziya kanallarını çevirdikdə   hansı bizə  cazibəli, maraq dairəmizə uyğun olursa, onu da seyr edirik.  Ona görə də müəllim bir televizor olmalıdır. O həm də aktyor olmalı baxılan, sevilə bilən  “veriliş”  hazırlamalıdır.  Biz hamımız orta məktəb məzunlarıyıq. Həm Kimya, Biologiya, Fizika  dərslərini keçmişik.

Bu gün ki, gündə keçdiklərimizdən  yadımızda  heç nə qalmayıb. O zaman 11 ilimizi niyə israf etdik? Qısası şagirdə balıq tutmağı öyrətməliyik. Çünki balıq verməyin vaxtı çoxdan keçib.

Təlimçi  müəllimin sözlərinə görə müəllim ən çətin anlayışı sadə şəkildə şagirdə təqdim etməli, öz dərsini ona bu yolla sevdirməlidir:

 “Şagirdlərdə yaradıcılıq qabiliyyətini  ciddi şəkildə inkişaf etdirmək lazımdır. Bunun da yollarını biz müəllimlər araşdırmalıyıq. Müəllimlərin müəyyən metodlardan istifadəsi, klassik anlayışdan çıxması yeni bir müəllimlik anlayışına keçməsi lazımdır. Ona görə  də  Təhsil  Nazirliyi sertifikasiya imtahanı  keçirməyə çalışır. Sertifikasiyanın da mahiyyəti müəllimin bacarığını kəşf etməkdir.   Müəllim ən çətin anlayışı düsturu, anlayışı  6yaşında olan şagirdə asanlaşdırıb  təqdim edə bilmirsə, o cür bilik bizə lazım deyil. Qısası, mövzuları müəllim asanlaşdıraraq şagirdlərə çatdırmalıdır. Əyanilik ön planda  olmalı, şagird   elmə əli ilə toxunmalıdır. Amerikadakı kitablara nəzər salsaq, görərik ki, oradakı  11-ci sinif  kitabı bəlkə bizim 7-ci, 8-ci sinif kitabların səviyyəsindədir.  Niyə məhz onlar istər elm, istər digər sahələr də inkişaf ediblər? Demək ki, əsas olaraq  yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Çox şeyi bilmək önəmli deyil.  Elə şərait yaratmaq   lazımdır ki,  şagird sevərək məktəbə gəlsin.  O, sinfini, müəllimini, dərslərini sevməlidir. Əgər şagird üzündə təbəssüm olmayan müəllim, mühit görərsə nəinki şagird heç kim o mühitə getmək istəməz. Ona görə məktəblərimizi sevgi mühiti, mənbəyi olan tədris müəssisəsi halına gətirməliyik”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları