Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 22:33:00
Beynəlxalq konfrans tolerantlığa həsr olunan sərgi ilə başa çatıb

Bakı Slavyan Universitetinin (BSU) və Türkiyənin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans noyabrın 16-da işini başa çatdırıb. Konfransın ikinci günü tolerantlığa həsr olunmuş tədbirlə yadda qalıb. Belə ki, universitetin foyesində ölkəmizin gənc rəssamlarının Azərbaycan və Türkiyə mədəniyyətinin ortaq çalarlarını əks etdirən əl işlərindən ibarət sərgi keçirilib. BSU-dan AzEdu.az-a verilən məlumata görə, sərginin açılışında çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri İrfan Çiftçi Bakı Slavyan Universitetində keçirilən beynəlxalq elmi konfransı iki qardaş ölkə arasında humanitar əlaqələrin daha da dərinləşməsi baxımından yüksək qiymətləndirib. Qeyd edib ki, konfrans çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan və Türkiyənin milli ənənələrini, mədəniyyətini, türk-islam sənətinin tarixini əks etdirən rəsmlərin nümayişi bu iki ölkənin bir-birinə çox möhkəm bağlı olduğunu bir daha sübut edir.

 

Universitetin rektoru, professor Nurlana Əliyeva rəhbəri olduğu ali təhsil müəssisəsində belə bir sərginin açılmasından məmnunluq ifadə edib. O bildirib ki, sərginin əsas məqsədi ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanaraq mədəni əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham qaynağı olduğunu deyən Nurlana Əliyeva qeyd edib ki, fərqli üslub və motivləri əhatə edən tablolarda müxtəlif janr və texnikalarda işlənmiş əsərlər yer alıb.

 

Sərginin təşkilatçılarından olan Azərbaycan-Türkiyə rəssamı Günay Mehdizadənin köməkçisi Ceyhun Abdullayev çıxışında qeyd edib ki, 20-dən artıq sənət əsərinin sərgiləndiyi ekspozisiyada gənc rəssamlar Günel Rəvimovanın, Fərid Mirzəyevin, Könül İsmayılovanın, Rüfət Əsgərovun, Nuray Allahverdiyevanın, Cavid Məmmədovun əsərləri də yer alıb. Rəsmlərin sırasında rəssam Günay Mehdizadəyə, eyni zamanda, özünə aid əsərlərin də olduğunu deyən C.Abdullayev sənətsevərlər üçün yaradılan şəraitə görə BSU rəhbərliyinə minnətdarlıq edib.

 

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan əsərlər xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

 

Sərgi çərçivəsində 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar BSU-nun tərcümə fakültəsinin tələbələri tərəfindən tolerantlıq rəqsi təqdim olunub. Bu fakültənin tələbələri, həmçinin müxtəlif dünya xalqlarının milli geyimlərini sərgiləyiblər. Tələbələr milli və xarici mətbəxə məxsus hazırladıqları təamları qonaqlara təqdim ediblər.