Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 21:31:00
Universitetdə “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” mövzusunda konfrans keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Elmi Cəmiyyətinin (TEC) Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” mövzusunda 75-ci elmi konfransı keçirilib. ADPU-dan AzEdu.az-a verilən məlumata görə, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Cümhuriyyətin yaranması tarixindən bəhs edib.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini deyən prorektor bildirib ki, son illər universitetdə elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlib, professor-müəllim heyətinin impakt-faktorlu jurnallarda dərc edilən elmi əsərlərinin sayı artıb, plagiatlığa qarşı prinsipial mübarizə aparılır. Universitetin rəhbərliyi gənclərin elmi-tədqiqat işlərinə cəlb edilmələrinə, onların elmi fəaliyyətinin stimullaşdırılmasına xüsusi önəm verir.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, TEC-in sədri, kimya üzrə elmlər doktoru Əli Zalov, elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev, professor Nailə Verdizadə çıxış edərək gənc tədqiqatçılara daha çox diqqətin ayrılmasını, varislik və müasirlik prinsipinin qorunmasının vacibliyini bildiriblər.

 

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin tələbəsi Aslan Muradoğlu, fizika və texnologiya fakültəsinin tələbəsi Nəzrin Babayeva və başqaları çıxış edərək belə konfransların tələbə-gənclərin elmi biliklərinin artmasına, intellekt səviyyələrinin yüksəlməsinə səmərəli təsir etdiyini vurğulayıblar.

 

Konfrans öz işini riyaziyyat və informatika, fizika və texnologiya, kimya və biologiya, tarix və coğrafiya, musiqişünaslıq, pedaqogika və psixologiya, korreksiyaedici təlim bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 226 məruzə dinlənilib, müzakirələr aparılıb.

 

Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul olunub, ən yaxşı məruzəçilərə diplomlar təqdim edilib.