Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 16:30:00
“Universitet inkişaf edəcək, kəsirlər azalacaq” – Ekspertlərin BDU proqnozları

Dünən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromov dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

AzEdu.az BDU-nun bundan sonrakı durumunun necə olacağı ilə bağlı təhsil mütəxəssislərinin fikirlərini öyrənib. Onlar eyni zamanda Abel Məhərrəmovun universitetə rəhbərlik etdiyi dövrdəki fəaliyyətini təhlil ediblər.

Təhsil məsələləri üzrə mütəxəssis Etibar Əliyev bildirib ki, A.Məhərrəmov BDU tarixində ən ununmüddətli rektor olan şəxsdir. O, hətta ən uzunmüddətli rektor olan Faiq Bağırzadədən də 2 il çox işləyib. F.Bağırzadə universitetə 17 il rəhbərlik etsə də, A. Məhərrəmov bu vəzifəni 19 il icra edib:

“Zaman göstərir ki, uzun müddət eyni vəzifədə olan şəxslərdə müəyyən dövrdən sonra  ətalət yaranır. Elə hesab edirlər ki, proseslər öz məcrasında cərəyan edir.

Əlbəttə, Abel müəllimə bu iş 19 il tapşırılıbsa, deməli, bu,  hansısa müsbət keyfiyyətlərinə görədir. Bu, birmənalı olaraq belədir”.

Onun sözlərinə görə, dövlət adamları, məmurların baxışı cəmiyyətinkindən kəskin fərqlənir:

“Cəmiyyətdə BDU haqqında xeyli tənqidi yanaşmalar var idi. Amma fakt budur ki, A. Məhərrəmov 19 il universitetə rəhbərlik edib. Fikrimcə,  bu illər ərzində təbiət elmləri, fundomental elmlərdə durğunluq yarandı. Sanki bütün diqqət humanitar sahələrə, xüsusilə də, Hüquq və Beynəlxalq münasibətlərə yönəldi.  Məncə, kim universitetə yeni rektor təyin olunacaqsa, o, fundomental elmlərin dirçəldilməsi üçün əlindən gələni əsirgəməyəcək. Bu universitet fundomental elmlərin beşiyi sayılır. İstər pedaqoji, istərsə də elmi tədqiqatlar istiqamətində mütəxəssislərin yetişməsində universitet həmişə mayaq rolunu oynayıb”.

Etibar Əliyev düşünür ki, universitetə çox ciddi kadr təyinatı həyata keçiriləcək:

“Onun cəmiyyətdə səslənən neqativ fikirləri aradan qaldırılmağa çalışacağını gözləyirəm. İstərdim ki, universitet bizim düşünüb təsvir etdiyimiz ali təhsil müəssisəsi imicini özünə qaytarsın”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, BDU öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərən mərkəzdir:

“BDU son zamanlar ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayıb. 1919-cu ildə cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin 2018-ci ildə 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır.  Baloniya təhsil sisteminə qoşulan universitetdə kompüter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülüb. Ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, 20 elmi-tədqiqat sinfi yaradılıb. Hər bir fakültənin kompüter sinfində lokal şəbəkə yaradılıb. Onların  BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin edilib.

Son illərdə BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyi və tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi sahəsində böyük işlər görülüb”.

Ekspert qeyd edib ki, bu universitet onun üçün çox doğmadır:

“2003-cü ildən bütün həyatım bu universitetə bağlı olub. Əvvəlcə tələbəsi kimi, sonra müəllim və tarix üzrə fəlsəfə doktorantı kimi. BDU-nun hər auditoriyası, dəhlizi, kitabxanası mənim üçün xatirələrlə doludur. Tələbəlik illərində də BDU-nun tələbə yataqxanasında qalmışam. Bu o deməkdir ki, mən BDU-nun hər şeyini bilirəm, perspektivlərinə bələdəm.

BDU ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən çox fərqlidir. Təkcə onun adı hər şeyi deyir. Onun adı gələndə insanlarda bir güvən, xoş təəssürat yaranır.

Əlbəttə, heç kim vəzifədə əbədi deyil. Təyin olunan bir gün vəzifəsindən azad edilir. Abel Məhərrəmov BDU ya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə universitet üçün çox böyük işlər görüb. Universitetin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İnfrastruktur layihələrinin həyata keçirilməsini təmin edib”.

Elə Bakı Dövlət Universitetinin məzunu olan təhsil eksperti Elçin Əfəndi də bildirib ki, oxuduğum dönəmdən indiyəcən burada çox şey dəyişib:

“Mənə elə gəlir ki, universitet daha da inkişaf edəcək. Çünki Abel Məhərrəmov universitetdə yaşlı müəllimləri daha çox saxlamışdı. Universitetdə qocaman, müasir dövrlə ayaqlaşmayan, müasir informasiya texnologiyalarından xəbərsiz şəxslər qalmışdı. Onlar isə gənc nəsillə ayaqlaşmırdılar və kəsilən tələbələrin sayı çoxalırdı. Təbii ki, həmin tələbələrdə universitet və rəhbərliyinə qarşı aqresiya yaranırdı.

Cangüdənlə gəzmək, tələbələri özündən uzaq tutmaq  Abel müəllimə xas xüsusiyyət idi. Abel müəllimlə münasibətimiz çox yaxşı olub. Hətta məni “İlin tələbəsi”  elan etmişdi.

Amma mən həqiqəti deməyi üstün tuturam. Məncə, universitet inkişaf edəcək. Amma bu, ora təyin olunacaq yeni şəxsdən asılıdır”.

Ekspertin fikrincə, təyin olunacaq şəxs yaşlı kadrları yeni, gənc kadrlarla əvəz etməli, tələbə təqaüdlərinin vaxtında verilməsi üçün çalışmalıdır:

“Belə olsa, kəsrlərin sayı azalar. Universitet cümhuriyyət dövründəki adına qayıdar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları