Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 13:05:00
Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar – Cavablar AzEdu.az-da

2019-cu ildə buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək. Yeni modelin detalları isə hələ ictimaiyyətə elan olunmayıb. Abituriyentlərə qaranlıq qalan məqamlarda biri də buraxılış imtahanlarında xarici dilin seçilməsiylə bağlıdır.

Əsas dili rus dili olan və dövlət dili kimi Azərbaycan dilindən imtahan verəcək abituriyentlər bu fənlər üzrə dinləmə mətninə aid tapşırıqların suallara əlavə olunub-olunmaması barədə narahatdırlar.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, rus və ya Azərbaycan dili fənlərindən buraxılış imtahanlarında dinləmə mətninin olması nəzərdə tutulmayıb. 2019-cu ilin buraxılış imtahanlarında dinləmə mətnləri yalnız xarici dil fənnindən olacaq.

Xatırladaq ki, tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi məktəbdə onlara tədris olunan və məktəb tərəfindən "Şagird-məzun" sisteminə daxil edilən xarici dil fənnindən imtahan verəcəklər.

Ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahanın nəticələri nəzərə alınacaq. Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq.

Xarici dil seçimi üçün DİM-ə ərizə yazmaq tələb olunmur. Məktəb tərəfindən hansı xarici dil "Şagird-məzun" sisteminə daxil olunursa, şagird həmin xarici dil fənnindən imtahan verir.Yəni şagirdin imtahan verəcəyi xarici dili məktəb müəyyən edir.

IX və XI sinif buraxılış imtahanlarında şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunacaq.

İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Səsləndirmə ümumi olacaq və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmayıb. Sualların rahat şəkildə cavablandırılması üçün imtahan zamanı zalda sakitlik təmin olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları