Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 12:51:32
Musiqi sənəti istiqamətli ixtisaslara qəbul imtahanları ilə bağlı seminarların yekun iclası keçirildi

2018-ci il noyabrın 15-də Dövlət İmtahan Mərkəzində 2019 – 2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslarına qəbul imtahanları ilə əlaqədar elmi-metodik seminarların yekun iclası keçirilib.

AzEdu.az xəbər verir ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edib. Seminar iclasında 2019 – 2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslar üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtləri və proqram tələbləri müzakirə edilib. Həmçinin, müəyyən komissiyalar üzrə təyin olunmuş qabiliyyət imtahanı fənnlərinin dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Seminarı giriş sözü ilə açan DİM-in Yoxlama ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri haqqında məlumat verib. Şöbə müdiri 2014-cü ildə təyin olunmuş təhsil standartları əsasında qoyulan tələblər barəsində ətraflı məlumat verərək musiqi istiqaməti üzrə müəyyən ixtisasları əhatə edən komissiyaların birləşdirilməsini təklif edib.

2019 – 2020-ci tədris ili üçün nəzərdə tutulmuş buraxılış imtahanlarının nəticəsinin 300 ballıq qiymətləndirmə şkalası ilə aparılması qabiliyyət imtahanlarına qoyulan minimum keçid ballarının yenidən təyin olunmasına zərurət yaradır. Bu balların müzakirəsi və təyin olunması ilə bağlı aşağıda göstərilən tarixlərdə komissiyalar üzrə keçirilmiş seminarlarda da müzakirələr aparılıb:

 İnstrumental ifaçılıq və xalq çalğı alətləri ifaçılığı komissiyaları (30.10.2018);

Solooxuma, xanəndəlik, milli vokal, estrada sənəti komissiyaları (31.10.2018);

Musiqi təhsili (musiqi müəllimliyi) komissiyası (01.11.2018);

Musiqişünaslıq, bəstəkarlıq, dirijorluq komissiyaları (02.11.2018).

Bu komissiyalar üzrə seminarların təşkilini həyata keçirən qabiliyyət imtahanları üzrə sektorun məsləhətçisi Abasova Nuran seminarlarda musiqi istiqaməti üzrə qəbul imtahanlarının məqsədi və məzmunu, abituriyentlərin nəzəri biliklərinin yoxlanılması məqsədi ilə keçirilən nəzəriyyə imtahanlarının vacibliyi, 2014-cü ildə qəbul olunmuş standartlar əsasında ixtisaslar üzrə komissiyaların təşkili, proqramların tədrisinə qoyulan tələblər barəsində çıxış edib. O, növbəti qəbul imtahanında müəyyən komissiyalar üzrə tələblərin eyniləşdirilməsi və bu komissiyaların birləşdirilməsi təklifini dəstəkləyib.

Seminarlarda qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Bakı Xoreoqrafiya Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətini təmsil edən nümayəndələri iştirak ediblər.

İclaslarda 2017/2018-ci tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarının yekunları müzakirə edilib, qarşıya çıxan bir sıra məsələlərin həlli yolları üçün təkliflər verilib. Seminarların gedişində növbəti tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına hazırlıq işləri çərçivəsində metodiki vəsaitlərdə verilmiş materialların müzakirəsi aparılıb.

Müzakirə və fikir mübadiləsi nəticəsində növbəti tədris ili üçün qəbul olunacaq qaydalar və proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti” adlı vəsaitdə çap ediləcək. Bu vəsaitdə qabiliyyət imtahanı üzrə proqramlar, qiymətləndirmə meyarları, metodiki tövsiyələr bakalavrlara təqdim ediləcək. Vəsaitin elektron variantı DİM-in internet saytında yerləşdiriləcək.