Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 10:28:00
Kəndbəkənd gəzib, təhsilsiz uşaqlara dərs keçən yazıçının faciəsi – Arazda boğulan fədai

O, dünya uşaq ədəbiyyatının ən güclü nümayəndələrindən sayılır. Cəmi 29 il yaşamasına baxmayaraq, özündən sonra böyük irs qoyaraq getmişdi. 

1939-cu ildə Təbrizdə bir fəhlə ailəsində anadan olan Səməd Behrəngidə Vətən sevgisi, xalqın milli dilinə vurğunluq hər zaman olub. O, tez-tez Azərbaycan dilində olan radio proqramları dinləmək üçün Araz qırağına gələrmiş. 

AzEdu.az xəbər verir ki, araşdırmaçı Əli Şamil  Səməd Behrəngi haqqında danışarkən, onun əsasən, kəndlərdə millətinin övladlarına əlifba, hesab öyrədərək öz təhsilini artırmağın da qayğısına qaldığını deyir:

“Səməd Behrəng 1961-ci ildə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsini bitirdi. Şah rejimi isə məktəblərdə, dövlət idarələrində, ictimai yerlərdə xalqların dilində danışmağı qadağan etmişdi. Hamı fars dilində danışmalı və yazmalıydı. Özü də fars dilinin yalnız Tehran ləhcəsində! Bu da nəinki dillərində danışmaq qadağan edilmiş türkləri, kürdləri, lorları, bəlucları, ərəbləri, hətta ayrı-ayrı ləhcələrdə danışan farsları da narazı saldı.

Belə bir durumda Səməd Behrəng və onun kimi vətənpərvərlər ana dilini yaşatmaq və inkişaf etdirmək istəyirdilər. Onlar 1945-46-cı illərdə Təbrizdə ana dilində unversitet, teatr, flarmoniya, qəzet və jurnallar fəaliyyət göstərdiyindən, ümümtəhsil məktəblərində təhsil ana dilində olduğundan, dövlət idarələrində sənədləşmə işləri türk dilində aparıldığından xəbərdar idilər. Şah rejimi həmin illərdə çap olunmuş qəzet-jurnalları, kitabları məhv etdirsə də, oxunmasını qadağa qoysa da, vətənsevərlər gizlətdikləri kitabları, qəzet və jurnalları gənc nəslə oxumağa verirdilər.

Səməd Behrəng də həmin dövrün qəzet və jurnallarını, kitablarını oxuyaraq, xatirələri dinləyərək böyüyən gənclərdən idi. O, vətəninin digər guşəsində Sovet Azərbaycanında təhsilin ana dilində olduğunu, qəzet-jurnalların ana dilində çıxdığını bilirdi. Böyük həvəslə imkan tapan kimi Bakıdan yayımlanan radio verilişlərinə qulaq asırdı”.

Səməd Behrəng də dostu Bəhruz Dehqanı ilə birlikdə kənd-kənd gəzib, nağıllarımızı toplayıb fars dilinə çevirərək kitab çap etdirdilər. Bu nağıllar kitabı farslar və bu dili bilən xalqlar tərəfindən də maraqla qarşılandı. Oxucular bu nağıllar vasitəsilə bir növ qədim türk mədəniyyətilə tanış oldular.

Səməd Behrəng mərkəzdən uzaq kəndlərdə müəllim işləməklə, nağıllar toplamaqla, hekayələr yazmaqla, tərcümələr etməklər yanaşı, ədəbi prosesi də dərindən izləyirdi. O, milli şüuru oyatmaq üçün ana dilində yazıb-yaradan, ədəbiyyatı yeniləşdirməyə çalışan şair və yazıçıların yaradıcılığına daha çox diqqət yetirir, onlar haqqında məqalələr yazırdı.

Səməd Behrənginin müəmmalı ölümü bu gün də suallarla doludur. O, həqiqətənmi, üzə bilmədiyi üçün boğulmuşdu, yoxsa, bilərəkdən, boğdurulmuşdu?

Əli Şamili dinləyək:

“Səməd Behrəng 1968-ci il avqustun 30-da Muğanda ”“ indiki İran İslam Respublikasının Xumarlı kəndi yaxınlığında Araz çayında boğuldu.

Dostları və tanışları Səməd Behrəngin üzə bilmədiyini söyləyirlər. O, Araz sahilinə Sovet Azərbaycanına baxmaq, oradakı soydaşlaırnın uzaqdan da olsa, hər bir hərəkatını izləyərək ləzzət almaq, radio verlişlərinə qulaq asmaq arzusuyla gəlirdi. Hökumət dairələrinin də Səməd Behrəngin davranışından, danışıqlarından xoşu gəlmirdi. Ona görə də Səməd Behrəngin Arazda boğulması şübhə ilə qarşılandı.

29 yaşında yetkin bir insan qədər iş görə bilmiş Səməd Behrəngin xatirəsi həmişə ehtiramla yad edilir, onun həyatı gənc nəsilə nümunə kimi göstərilir”.