Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 13:20:00
“İmtahanlarda natamamlıq özünü göstərəcək, çünki...” – Beynəlxalq mükafatın qalibi olan gənc müəllim

“DİM-in bu addımını alqışlayıram. Amma abituriyentlər yalnız dinləmə ilə danışıq bacarıqlarını inkişaf etdirə bilməyəcəklər və  natamamlıq özünü göstərəcək. Şəxsən mən 6-7 ildir ki, şagirdlərimə yeni tətbiq olunacaq sistem ilə dərs deyirəm”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Global Theacher Prize beynəlxalq  müəllim mükafatının qalibi, ingilis dili müəllimi Məhəmməd Qarakişiyev deyib.

O, buraxılış imtahanlarına ingilis dilindən əlavə olunan dinləmə mətnləri haqda danışarkən bildirib ki, prosedura şagirdlərin dil öyrənərkən bu ünsürlərə fikir verib-vermədiyini aydınlaşdıracaq. Bu, nəinki məktəbləri, hətta valideynləri də narahat edən məsələdir.

Amma gəlin məsələyə geniş kontekstdən yanaşaq:

“Dil öyrəniriksə, nəinki dinləmə  və oxu, hətta yazı, danışıq bacarıqlarını da inkişaf etdirməliyik. Çünki dil öyrənərkən 4 bacarığın formalaşması mühümdür. Bu bacarıqlar bir-birini izləməlidir ki, dil mükəmməl öyrənilsin. Biz buna çoxdan hazır olmalı idik.

Müəllim və valideynlər məktəbin buna hazır olmadığını düşünürlər. Məncə, bu işdə müəllimlərin məsuliyyəti çoxdur. Çünki onlar dil öyrədərkən bu 4 bacarığı şagirdlərinə aşılamalı idilər. Bu, məsələnin bir tərəfidir. 

Digər tərəfdən biz lazımı işləri görməsək, bu məsələ necə olacaq?

Məncə, DİM birinci il bu prosedurası  çox yumşaq tərzdə tətbiq edəcək. O, bunu açıq şəkildə elan edib. İmtahanadək şagirdlərdə bu bacarıqları formalaşdırmalıyıq. Orta məktəblər buna hazır olmasalar da, qısa müddətdən səmərəli istifadə etməlidirlər. Mən bu addımı DİM-dən çoxdan gözləyirdim. Bunun tətbiqi mütləqdir. Dili yalnız test işləmək üçün öyrənməməliyik. Ali təhsilədək dili mənimsəməliyik ki, universitet illərində dil bilikləri bizim üçün baryer olmasın”.

“Regionlarda çalışan müəllimləri demotivasiya etmək istəmirəm. Amma...”

O bildirib ki, şagird və müəllimlər qısa vaxtdan səmərəli istifadə etməlidirlər:

“Dinləmə və oxu bacarıqlarının inkişafı üçün şagirdlərə internet və digər resurslardan istifadə edərək tədrisi intensivləşdirməliyik. Bunun üçün material kifayət qədərdir. Şagirdlər söz bazalarını genişləndirsinlər.

Məncə, valideynlər bundan narahat olmamalıdırlar. Əksinə, DİM-in keçirdiyi buraxılış imtahanı nəticəsində şagirdlər dili məktəb dövründən öyrənəcəklər. Mən bunu yalnız alqışlayıram. Çalışaq ki, dili latın dili kimi öyrənməyək.

Şagirdlərin uğuru üçün ilk növbədə müəllimlər dinləmə materiallarını düzgün seçməlidirlər. Amerikan və Britaniya ləhcəsinə uyğun kitablar var. Bizim mqsədimiz şagirdlərin dili Britaniya ləhcəsinə uyğun öyrənməsidir. Müəllimlərə tövsiyə edirəm ki, qısa müddətdə Britaniya yönümlü ingilis dili materiallarından istifadə etsinlər. Düzgün seçim çox önəmlidir. Şəxsən mən 6-7 ildir ki, şagirdlərimə yeni tətbiq olunacaq sistem ilə dərs deyirəm. Onların buna qarşı heç bir narahatlığı yoxdur. Müəllimlər anlasınlar  ki, kurikulumun məqsədi uşaqlara dili praktiki  öyrətməkdir. DİM-in bu addımını öncədən gözardına almalı idik. Müəllimlər düzgün dinləmə və oxu materiallarını seçməklə az vaxtda bu işin öhdəsindən gələ bilərlər”.

“Natamamlıq özünü göstərəcək”

Məhəmməd müəllim materialların düzgün seçimi üçün həmkarlarının bir araya gəlib müzakirə etmələrini təklif edir:

“Hətta şagirdlər üçün bir ayın materialını öncədən hazırlasınlar. İmkan varsa, ayda iki dəfə monitorinq keçirsinlər. Belə olduğu halda,  məktəblilər təkmilləşəcək və  vərdiş yaranacaq. Artıq dinləmə materialları onlara çətin gəlməyəcək. Məncə, müəllimlər bunları nəzərə alsalar, şagirdlərin bu nailiyyətləri üçün yetərincə səy göstərmiş olacaqlar”. v

Onun sözlərinə görə bu prosedurada da bəzi çatışmazlıqlar  var:

“Təəssüf ki, imtahana danışıq və yazı bölməsini salmayıblar. Bu, özü də böyük bir çatışmazlıqdır. Məncə, DİM gələcəkdə bunları nəzərə almalıdır. Yalnız dinləmə ilə abituriyentlər danışıq bacarıqlarını inkişaf etdirə bilməyəcəklər və  natamamlıq özünü göstərəcək”.

Qeyd edək ki, Buraxılış imtahanlarında şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunacaq. Dinləmə mətnlərinin həcmi 1 dəqiqədən ibarət olacaq. Tapşırıqların cavablandırılması üçün şagirdlərə zəruri şərait yaradılacaq. İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Mətn səsləndirilərkən şagirdlərə qeyd aparılmasına icazə veriləcək.

Buraxılış imtahanlarında səhv cavabların sayı doğru cavablara təsir etmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları