Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 10:10:00
“İnsanların həyatında mühüm rol oynamaq mənə motivasiya verir” – ABŞ-da müəllim işləyən gənc azərbaycanlı

“Azərbaycan orta məktəbləri ilə Amerika məktəbləri arasında fərqlər çoxdur. Misal üçün, burada məktəbdaxili idman dərslərinə çox üstünlük verilir. Bunun üçün məktəblərə lazımi qədər maliyyə də ayrılır, məktəblərarası çempionatlar tez-tez təşkil olunur. Azərbaycanda isə şagirdlər ya akademik istiqamətə yönəldilir, ya da idmana. Burada isə hər ikisi bir arada olmalıdır, qayda belədir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı ABŞ-da  müəllim işləyən həmyerlimiz  Əbülfəz Hacızadə deyib.

QISA DOSYE - Əbülfəz Hacızadənin 23 yaşı var, əslən lənkəranlıdır. O, orta məktəbi Lənkəran Özəl Türk Liseyində oxuyub, 12-ci sinfi FLEX mübadilə proqramı ilə ABŞ-a gedərək təhsilini orada davam etdirib.

Amerikanın Delta State Universitetində Kompüter İnformasiya Sistemləri fakültəsinə qəbul olunan Əbülfəz  bu il oradan məzun olub. Hazırda Amerikada özəl orta təhsil müəssisələrinin birində müəllim vəzifəsində VII-XI sinif şagirdlərinə Texnologiya fənnini tədris edir.

“Əvvəllər, qətiyyən, müəllim olmaq fikrim yox idi” 

Sonradan…

“…müəllim kimi işə qəbul olduqdan sonra  bu işi sevməyə başladım. Bunun bir səbəbi işlədiyim məktəbdə şagirdlərin çoxunun imkansız ailələrdən gəlməsidir. Çünki həmin uşaqların təhsil almağa ciddi ehtiyacları var. Dərsdən əlavə o uşaqlarla birəbir məşğul olmaq, onları həvəsləndirmək mənim özümü də həvəsləndirir. İnsanların həyatında mühüm rol oynamaq mənə motivasiya verir. Bu məktəbdəki şagirdlərin əksəriyyətini heç evdə də təhsilə yönləndirən, düzgün istiqamət verən yoxdur.

Bizim də borcumuzdur ki, onları istiqamətləndirək. Burada müəllimlərin şagirdlərlə fərdi məşğul olması məktəbin özəlliyidir. Dərsimizi təkcə akademik səviyyədə tədris etmir, həm də uşaqların şəxsi problemləri ilə maraqlanır və həll etməyə çalışırıq.

Gənc müəllim Azərbaycan məktəbləri ilə Amerika məktəbləri arasındakı fərqlərdən danışır...

-Azərbaycan orta məktəbləri ilə Amerika məktəbləri arasında fərqlər çoxdur. Mən Lənkəran Türk Liseyində oxuduğum üçün, açığı, orada sistem başqa idi. Lakin digər orta məktəblərlə müqayisə etsək, əsas fərq ondan ibarətdir ki, burada sərbəstlik daha çoxdur. Şagirdlər dərsə qulaq asır-asmır, bu, müəllimin vecinə deyil. O, şagirdin problemidir, şagird dərsdə qulaqcıqla da əyləşə bilər. Azərbaycanda isə müəllim daim uşağa “oxu, bala, oxu” deyə məcbur edir.

Təbii ki, müəllimin vecinə olmaması məktəblərə görə dəyişir. Bizim işlədiyimiz məktəbdə hər uşağa ciddi qayğı ilə yanaşırlar.

Hətta biz onların evinə gedib valideynlərlə görüşür və onlara övladları barədə məlumat veririk. Dediyim hallar isə, adətən, dövlət statuslu məktəblərdə baş verir. Bunun müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfləri odur ki, bu, uşaqlarda  intizam yaradır – onlar gələcəkdə hansısa işə düzəldikləri zaman onlara kiminsə məsləhət verməsinə ehtiyac qalmır. Artıq gənc özü bilir ki, bu, mənim məsuliyyətimdir və işimin öhdəsindən gəlməliyəm.

Mənfi tərəfi isə odur ki, bəzi uşaqlar məsuliyyəti dərk etmir və bu azadlıqdan sui-istifadə edirlər. Beləliklə, dərsdən yayınma halları da çox müşahidə edilir.