XƏBƏRLƏR

09.11.2018 15:29
Bərdədə Bayraq günü anıları – Bölgə müəlliminin reportajı - FOTOLAR

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə YAP Bərdə rayon təşkilatı, rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhər 8 saylı tam orta məktəbində tədbir keçirilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev, rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova, şəhər 8 saylı tam orta məktəbin direktoru Qənbər Ağayev, Qarabağ müharibəsi veteranları Gəray Əsədov, Bəxtiyar Hüsüyev çıxış edərək bilidiriblər ki, Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq xalqlar üçün hər zaman müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir. Müstəqil Azərbaycanın ilk müstəqil bayrağı 1918 – ci ildə qəbul olunub. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı və bayrağımız zirvələrdə dalğalanmadı. 70 il sonra 17 noyabr 1990 – cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamı xalqımızın ali dəyərlərinə, xalqımızın dövlətçilik tarixinə edilən ehtiramı göstərir. Bugün qürurla deyə bilirik ki, dövlətimizin bayrağı dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artdığını nəzərə alsaq, bayrağımızın bütün səviyyələrdə yüksəldiyini əminliklə deyə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir.

Tədbirin sonunda məktəblilərin hazırladığı sərgi və kompozisiyaya baxılıb.

Elşən Ramizoğlu