Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 20:50:00
Universitetdə Bayraq günü qeyd olundu

ADA Universitetinin müəllim və tələbə heyəti Dövlət bayrağımızın 100 illiyini qeyri-adi şəkildə qeyd edib. ADA Universitetindən AzEdu.az-a verilən məlumata görə, həftənin sonuncu iş günü ali təhsil ocağının Tələbə Mərkəzinə toplaşan universitet icması üzvlərinin dövlət himnini birgə oxuması ilə başlanıb.

Daha sonra müəllim və tələbələr hər bir azərbaycanlı üçün müqəddəs atributa çevrilən bayrağın yüksəkliyə qaldırılarkən hansı hisslər yaşatdığını eşitmək üçün kürsüyə güləş üzrə dünya çempionu Ruslan Çunayevi dəvət ediblər. O, beynəlxalq idman yarışlarında zirvəyə doğru keçdiyi çətinliklərdən söz açaraq bildirib ki, Azərbaycanın dövlət himninin sədaları altında bayrağımız ucaldılan zaman bütün zədələrini və əziyyətini unudur: “Hər insan işinin çempionu olmalıdır. Tələbələrə tövsiyəm budur ki, həm dərslərdə, həm də dostlarla diqqətli olsunlar, çevrələrini düzgün seçsinlər ki, öz sahələrində qələbə çalmağa onlara heç bir şey mane olmasın”.

 

İdmançının bu fikirləri ilə razılaşan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bayram toplantısında vurğulayıb ki, Azərbaycan Respublikasının Dövlət bayrağını idmançılarla yanaşı, alimlər və tələbələr də qaldırır: “Gündən-günə möhkəmlənən müstəqilliyimizin qürur mənbəyi olan Dövlət bayrağımızı ADA Universiteti tələbələri bir sıra beynəlxalq konfranslarda, yarışlarda dalğalandırıblar. Biz də elm sahəsində bu bayrağın hər zaman ön sırada getməsi üçün əlimizdən gələni etməliyik”.

 

Tədbir zamanı tələbələr Dövlət bayrağımızın tarixi və kimliyimiz üçün əhəmiyyəti barədə fikirləri ilə bölüşüblər. Qeyd olunub ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qəbul etdiyi milli atributu xalqımıza bir daha bəxş edən ümummilli lider Heydər Əliyev olub. Ulu Öndər 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi məhz bu bayrağın qəbul edilməsi təklifini irəli sürüb. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

 

Gənclər bayrağı öz qanı hesabına yüksəklərdə saxlayan şəhidlərimiz və həbrçilərimizin də xatirəsini anıblar. Universitet icması Dövlət Bayrağı Gününün gələcəkdə Şuşada və Azərbaycanın düşməndən azad ediləcək bütün torpaqlarında qeyd olunması arzusunu bildiriblər.

 

Üçrəngli bayrağımızın 100 illiyinin qeyd olunması ADA Universitetində ali təhsil ocağının xarici məzunlarının Azərbaycanın Dövlət bayrağı ilə öz ölkələrində çəkdirdikləri şəkillərdən ibarət xüsusi fotosərgi ilə davam edib.