Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 13:30:00
Direktor olmaq istəyənlərə hava-su kimi vacib bilgilər – Kreslo qazandıran qaydalar

Direktorlarının müsabiqə yolu ilə işə təyin olunması təhsil sisteminin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ən önəmli islahatlardandır.

Direktorların işə qəbulu qaydaları qanunla necə tənzimlənir?

Direktorların işə qəbulu,
-“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların iş yerinin dəyişdirilməsi  Qaydaları”na;
-“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa;
-“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na;
-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə;
-“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə;
-"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən hazırlanır.

Bu qaydalar direktorların işə qəbulunu, iş yerinin dəyişdirilməsini, çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin uzadılıb-uzadılmamasını da tənzimləyir. Öncə, bununla bağlı  nazirlikdə müsabiqə, müsahibə və apelyasiya komissiyaları yaradılır. 

Direktorların işə qəbulu – 3 mərhələ…

Vakansiyalar rayon (şəhər) təhsil şöbələri (idarələri) və Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən müəyyənləşdirilir, birgə təsdiq edilir və nazirliyə təqdim olunur. Vakansiyalar, müəssisənin ünvanı, müəllim sayı, sinif komplektlərinin və digər məlumatlar elektron sistemə daxil edilir və nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan edilir.

Müsabiqənin birinci mərhələsi - elektron ərizələrin qəbulu

Namizədlərə 4 vakant yer seçmək imkanı verilir. Bu yerlər hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon, şəhər və ya faktiki yaşadığı rayon, şəhər ola bilər. Namizəd özü haqqında məlumatları qeyd edərək qeydiyyatdan keçir. Nazirlik tərəfindən ərizələr araşdırılır və təsdiqlənir. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir. 

Müsabiqənin ikinci mərhələsi – test imtahanı

Bu mərhələ əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları qiymətləndirən 40 suallıq testdən ibarət olan imtahan mərhələsidir. 

İmtahanda test sualları ilə yanaşı namizəddən 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları nazirlik tərəfindən müəyyənləşdirilir və 20 ballıq şkala ilə qiymətləndirilir.

Esse qiymətləndirilərkən nəyə diqqət edilir?

İmtahandakı esse mövzuları nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Essenin verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir. Tələb olunun balı keçən iddiaçı müdavimlər növbəti mərhələyə buraxılır. Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir.

Müsabiqənin üçüncü mərhələsı - müsahibə

Bu mərhələyə keçmiş namizədlər lazımı sənədlərlə birlikdə müsahibəyə dəvət olunur. Müsahibə zamanı onların peşəkar kompetensiyaları və ümumi dünyagörüşü  qiymətləndirilir, imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir.

Vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Əgər Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edilərsə nəticələri ləğv edilir və istənilən səbəbdən imtahanın hər hansı mərhələsində iştirak edə bilməyən namizəd üçün təkrar imtahan keçirilmir, keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Direktorların işə qəbulu zamanı komissiya kimlərə üstünlük verir?

Namizəd vakansiya seçərkən özünün işlədiyi təhsil müəssisəsinin yerləşdiyi rayon üzrə vakant yerləri seçə bilər. Bəs, müsabiqə komissiyası qərar verərkən üstünlüyü kimə verir?

Direktor idarəetmə işi ilə məşğul olduğundan onun nüfuzu olmalıdır. Rayonda və kollektivdə, ictimaiyyət tərəfindən tanınmalıdır. Yerli təhsili idarəetmə orqanının nümayəndəsinin müsahibə komissiyasında iştirakı da bununla əlaqədardır. Kollektiv direktorluğa təyin olunan şəxsi tanımayanda da problemlərə gətirib çıxarır. Ona görə də direktor təyin olunan zaman üstünlük məktəbin yerləşdiyi rayonun və ya kəndin sakinlərinə verilir.

Nəticələr açıqlanandan sonra il ərzində yeni yaranan direktor vakansiyalarına seçim necə aparılır?

Hər 3 mərhələdən uğurla keçən - test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur. Direktorların işə qəbulunda müsabiqə nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Qeyd edək ki, yeni dəyişikliklərə əsasən, namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmayacaq. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq. Bütün regionlar üzrə vakant yerlər var. Ən çox boş qalan direktor yeri isə cənub zonasındakı məktəblər üzrədir.

Noyabrın 5-dən başlayan elektron sənəd qəbulu noyabrın 9-dək davam edəcək.