Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 11:31:00
Azərbaycanlı alim Yunanıstanın elmi mərkəzlərində tədqiqatlar aparıb

Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi əsasında Yunanıstanın Saloniki şəhərinin Beynəlxalq Ellin Universitetində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspozisiya şöbəsinin əməkdaşı Valeh Ələkbərov tədqiqatlar aparıb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Valeh Ələkbərov qeyd olunan universitetlə yanaşı, Saloniki Aristotel Universitetinin arxeologiya bölməsinin professor-müəllim heyəti ilə birlikdə Balkanlar və Qafqaz regionlarında eramızdan əvvəl VI minillikdə erkən əkinçilik mədəniyyətlərinin təşəkkülü mövzusunda tədqiqat aparıb, mövzu ilə bağlı seminarlar təşkil edib. Həmçinin azərbaycanlı alim apardığı tədqiqatlarla bağlı yunan universitetləri kitabxanalarında mövzu üzrə yazılı materiallar toplayıb, muzeylərin kolleksiyalarında və fondlarda saxlanılan materiallarla tanış olub.

Tədqiqatçının araşdırmaları Сənubi Qafqaz və Balkan yarımadasında saxsı istehsalının eramızdan əvvəl VI minilliyin ən erkən çağlarında başlaması barədə fikir yürütməyə imkan verir. Hər iki regionun həmin dövrə aid qabları üzərində rast gəlinən qabartma bəzəklər məhsuldarlığın rəmzi kimi təsvir edilib. Bu onu göstərir ki, qabartma bəzəkli saxsı qablar neolit dövrü mədəniyyətinin daşıyıcılarının estetik anlayışı və düşüncə tərzinin bariz nümunəsidir.

Azərbaycanlı alim apardığı araşdırmaların nəticələri ilə bağlı hər iki universitetin müəllim və tələbə heyəti qarşısında təqdimatla çıxış edib.