Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 10:49:00
Onun təhsil arzusu ürəyində qaldı... - Amaliya Pənahova ilə bağlı maraqlı MƏQAMLAR

Xalq artisti Amaliya Pənahova bu gün vəfat edib. AzEdu.az Amaliya Pənahova bağlı maraqlı məqamları təqdim edir.

“Hərdən özümə sual verirəm: ola bilərdimi başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur”.

Bu sözlər Xalq artisti Amaliya Pənahovaya aiddir. Teatr və kino aktrisası, Azərbaycanın Xalq artisti Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncədə doğulub.

Xalq artistinin atası hərbçi, anası isə evdar qadın olub:

“Bibilərim hüquqşünas olub, əmim maliyyə sahəsində işləyir, nənəm və anam isə evdar qadın idilər. Amma atamın 15 yaşı olanda teatrda işləməyə getmişdi. Aktyor olmaq istəyirdi. Orada dolanışıq çox çətin olduğundan o, qısa bir vaxtda teatr, aktyorluq xəyallarından ayrılmalı oldu. Valideynlərim çox tez, yaşları hələ həddi-büluğa çatmayanda evlənib ailə qurmuşdular. Mən dünyaya gələndə atamın 17, anamın isə 15 yaşı vardı”.

Amaliya Pənahova burda təhsil almaq istəsə də, arzusu ürəyində qaldı...

Aktrisa 1956-cı ildə atasının işi ilə əlaqədar Gəncədən Bakıya köçür. Bu zaman o, orta məktəbin dördüncü sinfində oxuyurdu:

“Təhsilimi burada, 4 saylı rus məktəbində davam etdirdim. Onuncu sinfi bitirəndə artıq qət etmişdim ki, Moskvaya, Ümumittifaq Kinematoqrafiya İnstitutuna gedəcəyəm. Bu arzum ürəyimdə qaldı. Evdən buraxmadılar. Atam aktrisa olmağıma qəti razı deyildi.

O zaman Gəncədə aktrisaların çoxu başqa millətdən olan qadınlar idi və onlar haqqında, adətən, yaxşı söhbətlər getmirdi. Atamın Moskva ilə bağlı etirazını qəbul etsəm də, aktrisa olmaq istəyimdən əl çəkmirdim. Kinoya, məşhur xarici kinoulduzlara intəhasız məhəbbət bəsləyirdim, özümü onlara oxşatmağa çalışırdım. Mənim öz kino dünyam var idi. Tez-tez özümə, öz dünyama çəkilər, xəyallar aləmimdə yaşayardım. Oynamağı, ünsiyyəti çox sevsəm də, sirdaşım ola biləcək rəfiqəm yox idi. Mən həmişə tənhalığa üstünlük vermişəm”.

Xəyalları ilə vidalaşan aktrisa...

Amaliya Pənahova onuncu sinifdə oxuyurdu. O, məktəbi qutarmağı gözləmədən Teatr İnstitutuna gəldi. Artıq Kinematoqrafiya İnstitutu ilə bağlı xəyalları ilə vidalaşan aktrisa ümidini yalnız Teatr instituta bağlamışdı:

“Onsuzda məni evdən Moskvaya buraxmayacaqdılar. Teatr İnstitutunun qapısından içəri keçəndə qarşıma çıxan ilk adam Rahib  müəllim (Teatr İnstitutunun direktoru Rahib Hüseynov) oldu. Diqqətlə mənə baxıb soruşdu:

- Sizə nə lazımdır?

- Burada aktyorluq kursunda oxumaq istəyirəm, məlumat almaq üçün gəlmişəm, - deyə utana-utana dilləndim. Onu da qeyd edim ki, təhsilim rusca olduğundan, adamlarla da elə rusca ünsiyyətdə olurdum. Rahib müəllim bundan bir az təəccübləndi və bildirdi:

- Burada təhsil Azərbaycan dilindədir. Hərçənd, bizdə rusca aktyorluq kursları var, amma yaxşı olardı, öz dilimizdə sənətə yiyələnəsən. Əgər Azərbaycan dilini kamilləşdirmək istəyirsənsə, icazə verirəm, gəl bizim dərslərin dinləyicisi ol”.

Həmin gündən Amaliya Pənahova rektorun icazəsiylə institutda aktyorluq kurslarında dinləyici kimi iştirak etdi. Bir il Adil İsgəndərovun rəhbərlik etdiyi kursun dərslərində oturdu. O, hətta tələbələrlə hazırlanan tamaşalarda da iştirak etdi:

“May ayının axırları idi. Adil müəllim sonuncu dərsi deyib otaqdan çıxanda qapının ağzında ayaq saxladı. Geri çevrilmədən dedi:

- Mən sizinlə vidalaşıram. Bu bir ildə mən sizin kursu bəyənmədim. Gələn ildən özümə yeni kurs götürəcəyəm.

Elə addımını atıb qapıdan çıxmaq istəyirdi ki, yenə dayandı, azca geri çevrilib mənə dedi:

- Emiliya, bu sənə aid deyil. İstəyirsən, səni ikinci kursa keçirim?

O məni «Emilya» çağırırdı. Onun təklifi mənim üçün gözlənilməz alındı. Özümü itirmədən mən də ona sual verdim:

- Adil Rzayeviç, siz ikinci kursa dərs deyəcəksiniz?

- Yox, mən birincilərdən başlayacağam.

- Onda mən də elə qaydası üzrə imtahan verib birinci kursa daxil olacağam”.

Aktrisa məktəbi qurtaran kimi sənədlərini verib instituta daxil oldu və Adil İsgəndərovun kursunda oxumağa başladı.

Eks-deputat, pedaqoq....

Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışıblar.

Aktrisa 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.