Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 21:59:00
“İzahlı dilçilik terminləri lüğəti” təqdim edildi

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları - Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli Qəribovanın tərtib etdiyi “İzahlı dilçilik termin­ləri lüğəti”nin təqdimat mərasimi keçirilib. AMEA-dan AzEdu.az-a verilən məlumata görə, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı əməli tədbirlərin görüldüyünü xatırladıb. Bildirib ki, ölkə başçısı tərəfindən 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam imzalanıb, 9 aprel 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul olunub.

 

Akademik "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı isə müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı adlandırıb.

 

O, dil­çi­lik elminin müasir inkişaf səviyyəsi, bu sahədə yeni-yeni istiqa­mət­lərin təşəkkülü, eləcə də elm­lərin inteqrasiyası və diferensi­ya­sı nəticəsində təzə terminlərin yarandığını söyləyib. Bildirib ki, yeni dilçilik sahələrinin yaranması bu istiqamətdə terminlərin toplanmasını, onların sistemləşdirilməsini və “İzahlı dilçilik termin­ləri lüğəti”nin tərtibini zəruri edib. AMEA-nın vitse-prezidenti lüğətin Dilçilik İnstitutunun əməkdaşlarının uzun illər apardıqları tədqiqatlarının bəhrəsi olduğunu deyib.

 

"Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilmək üçün Nazirlər Kabinetinə göndərildiyini xatırladan alim 2019-cu ildə yeniləşdirilmiş orfoqrafiya lüğətinin ictimaiyyətə tədqim ediləcəyini vurğulayıb. Akademik bununla paralel olaraq, yeni orfoepiya və sinonimlər lüğətlərinin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.

 

Tədbirdə, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar - Sayalı Sadıqova, İsmayıl Məmmədli, İsmayıl Kazımov və Qəzənfər Paşayev çıxış edərək kitabın çapının Azərbaycan dilinin saflığının qorunması baxımından önəminə toxunublar.

Qeyd olunub ki, lüğət­də elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib.

Bildirilib ki, lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilib, o cümlədən terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əks olunub. Bundan əlavə, lüğətin tərtibi prosesində - dilin öz daxili imkanları hesabına yaranan terminlər, rus dilindən, rus dili vasitəsi ilə başqa dillərdən birbaşa alınan terminlər, ingilis dilindən birbaşa alınan terminlər və qohum türk dillərindən alınan terminlər əsas götürülüb.