Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 10:40:00
 “Oksford Universiteti göstərmək istəyir ki, həyatda hər şey mümkündür” – BANM tələbəsi ilə  “Atüstü söhbət”

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir.

Rubrikanın budəfəki qonağı Bakı Ali Neft Məktəbinin IV kurs tələbəsi Kənan Sadiqovdur.

Kənan Sadiqovla “Atüstü söhbət”i  təqdim edirik:

“Həyatımda “kaş ki”lərə yer yoxdur”

-Kənan, təhsil həyatınızda “kaş ki”ləriniz olub? Olubsa, zəhmət olmasa, deyərdin....

-Həyatımda “kaş ki” lərə yer yoxdur. Təhsilə gəldikdə isə Azərbaycanın istər bu sahədəki göstəricilərinə, istərsə də kollektivinə görə ən qabaqcıl ali təhsil müəssisəsində təhsil alan  tələbə kimi “kaş ki”m olmayıb. Bundan  sonra da olacağına inanmıram.

-Dördillik  tələbə həyatının ən maraqlı xatirəsi hansı olub?

-Bir az gülməli səslənsə də, ən maraqlı xatirəm, məhz imtahandan ilk dəfə kəsilməyim oldu. III kursun ilk semestrı idi. İmtahan verəndə hər şey əla olsa da, 1 ay sonra cavablar çıxanda qiymətimi “F” gördüyüm zaman keçirdiyim hisslər çox maraqlı idi. Həmişə yaxşı qiymətlərlə oxumuşam. İlk dəfə idi ki, imtahandan kəsilirdim. Bundan sonra başa düşdüm ki, "tələbə hər qiyməti dadmalıdır" deyimi çox düzgün ifadədir.

Riyazi dildə ifadə: Tələbə = “X”

-“Oksford”a qəbul olunmaq istəyən namizədlərə bəzi qeyri-adi suallar verilir. O, suallardan biri də budur: “Uğur böcəkləri qırmızı rəngdədir, çiçəklər də həmçinin. Niyə?” Bu sualı səndən soruşsaydılar, cavabın nə olardı?

-Məsələyə mühəndis kimi fizika istiqamətində yanaşmaq istəyirəm. Bilirik ki, eyni işarəli yüklər bir-birini itələyir. Amma müxtəlif işarəlilər cəlb edir. Bu sualla Oksford Universiteti yəqin, göstərmək istəyir ki, həyatda hər şey mümkündür.

-Tələbə sözünün riyazi dildə tərifini necə vermək olar?

-Tələbə “x”-dir. İlk baxışdan heç zaman təxmin edə bilməzsən. Gərək, üzərində işləyəndən sonra “x”-i  tapasan.

-Şahmat və bədii kitablar... Bu iki anlayışın  insana, xüsusən də tələbələrə hansı faydaları var?

-Məncə, bu iki fəaliyyət daim imtahanlarla, kurs işləriylə və  kollokviumlarla yüklənən tələbənin istirahət etmə şəklidir.

-Demək olar, məktəblərdə şagirdlərə həyat dərsləri aşılanmır. Tələbəlik illərində isə insan mühitinin, həyatının anidən dəyişdiyini hiss edir. Bu baxımdan, məktəbdən tələbəliyə ani keçidin hansı mənfi tərəfləri ola bilər?

-Tələbəlik insanın həyatında yeni səhifədir. Yeniliklərdən qorxmağa da ehtiyac yoxdur. Bu səbəbdən, hər hansı mənfi cəhətin olduğunu düşünmürəm.

“Elm bizə həyatı öyrətmir, elm həyatın özüdür”

-Doğrudur ki, mühit tələbənin həyatını həm müsbət, həm də mənfi istiqamətdə tamamilə dəyişə bilər?

-Hər insanın öz iradəsi var. Doğrudur, tələbə üzərində mühitin təsiri danılmazdır. Amma  mənfi və müsbət istiqamətlər nisbidir. Kimlərisə bu şəxs mənfi istiqamətdədir deyərək,  mühakimə etmək olmaz. Tələbə öz qərarlarını öz iradəsi ilə verə biləcək gücə sahibdir. Başqaları isə sadəcə məsləhət verə bilər, həyatına qarışmağı yaxşı olmaz. Bəlkə kimin üçünsə müsbət istiqamət başqa tələbənin həyatında daha böyük mənfilərə yol aça bilər.

-Fizika bizə həyatda nəyi öyrədir?

-Məncə, tək fizika heç nəyi öyrətmir. Elmləri bir-birindən ayırmaq düzgün olmaz. Onlar daim sıx əlaqədədirlər.   Elm  həyatı başa salmır,  o həyatın özüdür.

-Kitablarda rastlaşdığın  və səni  təəccübləndirən  hər hansı bir məqamdan sitat gətirə bilərsən?

-Bədii mütaliə edən tələbə deyiləm. Lakin dərsliklərimizdə problemlər çoxdur. Son zamanlarda bu istiqamətdə  yaxşılığa doğru irəliləyiş var.

-Ağıllı tələbə........ Cümləni tamamlayın.

-Ağıllı tələbə daim öz amalı üçün çalışan tələbədir. Özü üçün yox, sırf öz amalı üçün. Öz amalına isə hər şey daxil ola bilər.  

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları