XƏBƏRLƏR

06.11.2018 15:47
Nazir müavini İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru ilə görüşüb  

Təhsil nazirinin müavini Firudin Qurbanov İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru Mikele Bulyeze ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında ali təhsil səviyyəsindəki əməkdaşlığa toxunan nazir müavini Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisasının mövcudluğunu qeyd edib. Firudin Qurbanov həmçinin vurğulayıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ali təhsil müəssisələri siyahısına İtaliyanın 13 ali təhsil müəssisəsi daxil edilib və ümumilikdə 48 Azərbaycan vətəndaşı İtaliyada təhsil almaq hüququ qazanıb. Həmçinin Ka Foskari Venesiya Universitetinin mütəxəssisləri tərəfindən Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin müəllimləri üçün iki həftəlik intensiv italyan dili kurslarının təşkil edilməsi yüksək qiymətləndirilib.

Mikele Bulyeze rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, xarici dillər və iqtisadiyyat üzrə ixtisaslaşan Ka Foskari Venesiya Universitetində 40-a yaxın xarici dil tədris olunur. Ka Foskari Venesiya Universitetində həmçinin “Azərbaycanın xarici siyasəti” fənni tədris olunur. Mikele Bulyeze yaxın gələcəkdə universitetdə Azərbaycan dilinin tədrisinin bərpa olunacağını diqqətə çatdırıb. Qonaq 2018-ci ildə 35 Azərbaycan vətəndaşının Ka Foskari Venesiya Universitetində təhsil almaq hüququnu qazandığını qeyd edib və Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.