Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 09:00:00
Professorlara bu yaşdan sonra işləmək maraqlı deyil – Prorektor səbəbləri sadaladı

Azərbaycan qanunvericiliyinə əsasən, təqaüdə çıxma yaşı 65 müəyyənləşib. Bununla belə, elmi dərəcələri olduğu halda bu müddət 5 ilə qədər uzadılır. Bəs, dünya ölkələrində alimlərin  təqaüdə çıxma yaşı neçədir?

Mövzuyla bağlı Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov AzEdu.az-a danışıb.

Onun sözlərinə görə, elm adamlarının pensiya yaşı sahələrə görə fərqlidir. Bir elm adamının elmi fəaliyyətinin  məhsuldarlığı digər sahələrdən fərqli olaraq fiziki vəziyyəti və yaş məsələsi ilə çox asılı deyil. Ona görə bir çox ölkədə elm adamlarının daha uzun müddət elmi təcrübəsi və tədqiqatından istifadəyə maraqlıdır. Professor və ya elmlər doktoru olmaq üçün uzun illərin zəhməti tələb olunur. Amma eyni zamanda yaşlı professorlardan  bir çox ölkədə inzibati vəzifələrdən çox elmi vəzifələrdə (elmi rəhbər, məsləhətçi professor) istifadə  edirlər. İdarəetmə məsələlərində fiziki göstəricilər və yaş həddi nəzərdə tutulmaqla alimin elmindən istifadə edilməsi bütün dünyada arzuediləndir.Türkiyədə zarafatla deyilən bir məsəl var. Deyirlər ki, hocanın, yəni alimin əməklisi olmur, rəhmətlisi olur. Yəni bir alim vəfat edənə qədər cəmiyyətə faydalı olmalıdır”.

Prorektor Amerika təcrübəsindən də danışıb:

“Amerikada müəllimlərin işə götürülməsi səlahiyyəti universitetlərin özündədir. Müqavilələr müddətli (3-5) bağlanır və hər müddət bitəndə elm adamının elmi və pedaqoji fəaliyyəti qiymətləndirilir. Əgər elm adamı həm elmi nəşr olaraq, həm də tələbələrin onun dərs keçmə sistemi olaraq dəyərləndirməsi qaydasında olmazsa, onunla yenidən müqavilə bağlamırlar. Dolayısıyla konkret bir yaşda elm adamları təqaüdə çıxmırlar. Oradakı Sosial Müdafiə sisteminə şəxslər  həm dövlət, həm də bank tərəfindən qoşula bildiklərindən konkret bir yaş həddi yoxdur. Bir çox universitet məşhur alimlər ilə ömürlük müqavilə imzalayır, çünki onların elmi çəkisi universitetin reytinqinə təsir edir. Məsələn, mərhum həmyerlimiz Lütfi Zadə Amerikanın məşhur Berkley Universitetinin ömürlük professoru idi və vəfat edəndə, yəni 96 yaşına qədər o universitetin əməkdaşı oldu”.

E.Süleymanov Avropa ölkələrindən də misallar gətirib:

“Bir çox Avropa ölkələrində də elm adamları inzibati vəzifələr xaric, tədqiqatçı professor olaraq 65 yaşından sonra da universitetlərdə fəaliyyətini davam etdirirlər. Sadəcə, pensiya hüququ olan elm adamlarının böyük hissəsi o ölkələrdə təqaüdlərinin miqdarının alacaqları maaşa yaxın olduğundan özləri könüllü olaraq işləmək istəmir, təqaüd günlərini səyahət və istirahət ağırlıqlı keçirirlər. Amma yenə də bir çoxu universitetlərlə və onların layihələri ilə əməkdaşlıqlarını davam etdirirlər”.

“2017-ci ildəki son dəyişikliyə görə, Türkiyədə universitet müəllimləri 67 yaşında pensiyaya çıxmalıdırlar. Amma kadr çatışmazlğı olan universitetlərdə idari vəzifə tutmamaq şərti ilə Ali Təhsil Şurasının qərarı ilə  75 yaşa qədər işləyə bilərlər”, deyə, Elçin Süleymanov bildirib.

Onun sözlərinə görə, bizim ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir:

“Müsabiqənin nəticəsinə əsasən, həmin vəzifələrə seçilən şəxslərlə işəgötürən arasında əmək münasibətləri 5 il müddətinə bağlanan əmək müqaviləsi ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 30.8-ci maddəsinə əsasən, dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqоji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir. Azərbaycanda da 65 yaşından sonra bir çox  elmi müəssisələrdə məsləhətçi professor statusu verilərək müqavilələr uzadılır. Gənclərin elmi sferada azlığı, elmi ad və dərəcə sahibi olanların yetərli olmamasından dolayı bu yaş həddi universitetlərin müraciəti ilə hər il bir illik müqavilə ilə uzadılır”.