XƏBƏRLƏR

05.11.2018 16:31
“Azərbaycanda bir sənədin imzalanması müəllimin kefinə görə dəyişir” – Almaniyadakı tələbəylə müsahibə

“İnsanların dini mövqeləri və davranışlarına hörmət edirəm. Amma bura gələndə bir dəfə “culture shock” (mədəni şok) yaşamışdım. Elə almanların özü ilə bağlı… Sonradan isə buna da alışdım və artıq hər şey mənə normal görünür. Yaşadığım şok isə, almanların çox səs-küylü şəkildə, məsələn, yeməkxanada, kitabxanada və s ictimai  yerlərdə burunlarını təmizləmələri idi”– Ənvər Məmmədli deyir bunu, müsahibimiz...

Kimdir? Tələsməyək, bu saat təqdim edəcəyik:

TƏQDİMAT: Ənvər Məmmədli Almaniyanın Bergakademie Freiberg Texniki Universitetində “Mədən menecmenti” ixtisası üzrə magistr təhsili alır. 2016-2017-ci illərdə Azərbaycan TEDx tədbirinin təşkilatçısı olub. O, həmçinin, “Horizon Education Agency”nin təsisçilərindən biridir.

Orta təhsilini Şəki şəhər R.Əfəndiyev adına 10 saylı orta məktəbdə, bakalavr təhsilini isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mədən mühəndisliyi ixtisası üzrə alıb.

O, TEDx üçün ilk dəfə 2016-ci ildə New Yorka rəsmi müraciət edib lisenziya qazanıb.

10 nəfərlik komanda heyətini qurduqdan sonra 2017-ci il fevral ayında baş tutan tədbirdə 9 nəfər yerli, 1 nəfər xarici spiker çıxış edib. Məruzəçi kimi Promete (Perviz), Murad Məmmədov (mativator), Rəşad Bağırov ( HR) Hüseyn Xəlilov, Nəsimi Vahabzadə və digər spikerler çıxış etmişdilər. Bundan başqa, elə həmin il “From Zero To Ceo” formunu da may ayında təşkil etdik.

Ənvər Məmmədli qeyd edir ki, TEDx-dən ən böyük qazancım networking, team management və ən əsası səmimi bir kollektiv oldu:

“Hazırda həmin komandanın bəzi üzvləri ilə yeni proyektlər üzərində çalışırıq. Mən və Mehin Cəbrayılovanın təsisçisi olduğumuz “Horizon Education Agency”nin təşkilatçılığı ilə də Bakıda ilk dəfə Birinci Qlobal Mühəndislik Simpoziumu təşkil olunacaq. Simpozium gələn il mart  16-sı baş tutacaq. İştirak üçün Almaniya, Hollandiya, Rusiya,Yunanıstan və s. ölkələrdən professor və mühəndislər dəvət olunub”.

-Ənvər bəy, zəhmət olmazsa, şirkətiniz barədə ətraflı məlumat verərdiniz. Necə xidmət göstərirsiniz?

-“Horizon Education Agency”nin fəaliyyətinə - Tələbələrin peşəkar inkişafına dəstək; Universitet-sənaye münasibətlərinin ən üst standartlara uyğunlaşdırılmasına nail olmaq; Əmək bazarının tələblərinə uyğun gənc mütəxəssislərin yetişməsinə dəstək; Yerli MBA proqramlarının təsisi və həyata keçirilməsi; Yerli şirkətlərin korporativ sosial məsuliyyət fəaliyyətlərinə cəlb olunmasına dəstək və s. daxildir.

Maarifləndirici təlimlər, forumlar, və biznes görüşləri təşkil etmək də, həmçinin. Üstəlik, ən əsası xaricdə təhsil və tələbələri xaricdə internship (təcrübə proqramları) ilə təmin etmək.

-Adətən, xaricdə təhsil şirkətlərini 'fırıldaqçılıqda' günahlandırırlar … Bu da cəmiyyətdə belə şirkətlərə inamı azaldır. Bu haqda nə deyə bilərsiniz?

-Əlbəttə, şəxsən özüm də elə halları qınayıram. Fırıldaqçılıq halları əsasən İtaliyaya sənəd qəbulunda baş verir. Ona görə, bir şirkət olaraq əsla İtaliya üçün qəbul almırıq. Əslində, bu ölkəyə qəbul almaq asandır, lakin viza çətindir. Biz əsasən, Almaniya, Norveç, Hollandiya və Polşa kimi ölkələrdən qəbul alırıq. Ortalaması (ÜOMG) aşağı olan və İELTS-si olmayan tələbələrin sənədlərini göndərəndə problemlər yaranır. Elə tələbələr bizə müraciət etdiyi zaman, onlara maksimum dərəcədə risklərin olacağını izah etməyə çalışır və başdan bütün şərtləri deyirik. IELTS-si olmayan tələbələrə isə öncə  IELTS-si almasını, sonra müraciət edə biləcəklərini söyləyirik. Xaricdə təhsil üçün daha çox magistratura təhsili almaq istəyən IV kurs tələbələri və ya məzunlar baş vurur. Ən ciddi problemlər qəbul üçün müraciət vaxtı bitmiş olanda yaranır. Çünki bəzən tələbələr müraciət vaxtı bitmiş universitet üçün qəbul istəyir, belə olan halda çətinliklərlə üzləşirik. Yeni bir universitet və ona uyğun ixtisas axtarırıq. Bu da həqiqətən çox zaman alır.

Mən özüm də bilirəm ki, fırıldaqçılıq edən şirkətlər var. Bu işə başlamazdan əvvəl də bir neçə dostumun bu cür hallarla qarşılaşdığını görmüşdüm. Onlar üçün əsasən ödəniş pulunu almaq və tələbəyə səviyyəsiz bir universitetdən qəbul almaqdır. Ona görə də belə işlərdən maksimum dərəcədə uzaq durmağa çalışırıq.

-Bəs IELTS-si olmayan, ortalaması  isə aşağı (70-75arası) olan tələbələr üçün hansı təqaüd proqramları var?

-Düzünü desəm, aşağı balla tələbələrə maksimum Polşa, Çexiya kimi ölkələrdən qəbul almaq mümkündür. O zaman isə universitet, təbii ki, ödənişli olur. Lakin IELTS-i olduğu halda 80+ olarsa Almaniyadan qəbul almaq mümkündür. Çünki Almaniya kimi ölkələrdə qəbul çox çətindir. Qəbuldan sonra isə yaşam xərcləri üçün təqaüd proqramlarına baş vuraraq universitetdən təqaüd almaq mümkündür.

-Almaniya ilə Azərbaycan təhsil sistemi arasındakı fərqlərdən danışardınız, mümkünsə… Təhsildə nə qədər tolerantdılar?

-Almaniyada gördüyüm azərbaycanlı tələbələr bilik səviyyəsinə görə heç də digərlərindən geri qalmırlar. İndi magistratura pilləsinin 3-cü semestrində oxuyuram, artıq “thesis” arasdırması edirəm. Qismət olsa, gələn semestr magistr təhsilimi bitirəcəyəm. Doğrudur, ilk başlarda fənlərdən çətinlik çəkirdim. Lakin indi təhsil sisteminə alışmışam. Ən əsası isə bir az əziyyət çəkməklə istədiyinizi əldə edə bilirsiniz.

22 yaşım var, qrup yoldaşlarım arasında  ən gənci mənəm. Lakin düşünün, İrlandiyalı qrup yoldaşım var, 46 yaşındadır, magistr təhsili alır. İntellekt baxımdan  azərbaycanlılar digər millətlərdən heç də geridə qalmırlar. Bizim millətin gənclərinin savadı da, intellekti də öz yerindədir.

-Azərbaycan ali məktəblərində şahidi olduğunuz və müşahidə etdiyiniz çatışmazlıqlardan danışardınız…

-Çatışmazlıq deməzdim, lakin, hesab edirəm, universitetlər tələbələrə daha çox dəstək ola bilərlər. Burada da hansısa bir professorla görüşmək üçün öncədən vaxt təyin etmək lazımdır. Lakin Azərbaycanda bir sənədin imzalanması müəllimin kefinə görə dəyişə bilir. Adicə TEDx-i keçirdiyimiz zaman bizə universitetdən köməklik olmamışdı. Halbuki TEDx tədbirinin keçirilməsi ADNSU-nun imicinə xeyirdir. Yəni sosial layihələrdə müəllimlər, dekanlar tələbələrə daha çox dəstək ola bilərlər.

Bundan başqa, əvvəldə dediyim kimi uşaqlara araşdırmağı, hesabat yazmağı aşılasalar, onları daha çox öyrənməyə sövq edəcəklər.

-Almaniyada Azərbaycanlı tələbələr və elmi işçilər Cəmiyyətinin idarə heyətinin üzvisiniz. Bu cəmiyyətin iş prinsipi nədən ibarətdir? Ölkəmizin Almaniyada tanınması üçün hansı tədbirlər görülür?

-Azərbaycanın tanınmasında cəmiyyətin böyük rolu var. Burada yaşayan elmi işçilərin və tələbələrin ildə bir dəfə görüşməsinə, ildə iki dəfə konfransların təşkil olunmasına köməklik edir. Bundan başqa, cəmiyyət Azərbaycandan gələn tələblər üçün çox böyük bir “networking” imkandır. Mən bura gələndə cəmiyyətin köməyi ilə yataqxana ilə təmin olunmuşdum. Üstəgəl, Almaniyada digər sənəd işlərimi də cəmiyyət üzvlərinin köməyi ilə həll etmişdim.

-Orta məktəbi Azərbaycanda oxumusunuz. Orta ümumi təhsil sistemini necə qiymətləndirirsiz? Hansı yeniliklərin olmasını zəruri hesab edirsiniz?

-Təəssüf ki, Almaniyada orta məktəb sistemini görmədiyim üçün hansısa bir fərqlilik deyə bilməyəcəm. Lakin, ölkəmizdə oxuduğum məktəbdən razı olmuşam. Yəni müəllimlərimi, həqiqətən, çox sevirdim, çünki universitetə qəbul olmağımda onların zəhməti olub. Təbii ki, Almaniyaya gəlməyimdə də ADNSU-dan bir neçə müəllimlərin zəhməti danılmazdır. Buna görə də zəhməti keçən müəllimlərə  hər zaman minnətdaram. Orta məktəblərdə yeniliklərin edilməsinə gəldikdə isə, bu haqda çox da fikir bildirə bilməyəcəm. Sadəcə, bunu deyə bilərəm ki, məktəbdə təcrübəni artırmaqla dərslərin uşaqların yaddaşında daha yaxşı qalmasına köməklik edə bilərlər.

-Şirkətinizin iş prinsiplərindən dolayı xarici ölkələrin də təhsil sistemini izləmək imkanınız çoxdur. Üstəlik, xaricdə yaşayırsınız və müxtəlif ölkələrdən gələn tələbələrlə tanışsız. Bunları nəzərə alaraq, təhsilini ən çox bəyəndiyiniz ölkə hansıdır ?

-İxtisasdan çox şey asılıdır. Məndə mədən ixtisası olduğuna görə, bura əsasən Cənubi Amerika, Hindistan, Afrika və Çindən gələnlər çox olur. Müşahidələrimə əsasən, deyərdim ki, ən çalışaqanları çinlilərdir. Amma bu ixtisası ən yaxşı bilənlər Latın Amerikadan olanlardır. Çili, Braziliya, Kolumbiya və s. Ona görə ki, onların təcrübəsi daha çoxdur. Lakin ümumi olaraq götürsək, bütün tələbələr bacardıqları qədər oxuyur. Burda oxumaq çətindir, həm də heç kəs boşuna vaxt keçirmək üçün gəlməyib.

-Almaniyaya yeni getdiyiniz vaxtlarda “culture shock” yaşadınızmı? Hansı fərqləri müşahidə etdiniz?

-Tolerant insanam. İnsanların dini mövqeləri və davranışlarına hörmət edirəm. Amma bura gələndə bir dəfə “culture  shock” yaşamışdım, bəli. Elə almanların özü ilə bağlı…

Sonradan isə buna da alışdım və artıq hər şey mənə normal görünür. Yaşadığım şok isə, almanların çox səs-küylü şəkildə, məsələn, yeməkxanada, kitabxanada və s. ictimai yerlərdə burunlarını təmizləmələri idi.

Çünki Azərbaycan da bu hərəkət çox kobud davranış hesab edilir. Hətta bu il Almaniyadan 2 dostum Azərbaycana gəlmişdi. İlk işim, bu hərəkətin Azərbaycan cəmiyyəti arasında xoş qarşılanmayacağını demək olmuşdu.

-Bir az da elmlə təhsilin inteqrasiyasından danışaq… Yaşadığınız ölkədə bu istiqamətdə vəziyyət nə yerdədir?

-Məncə, üst-üstə düşür. Çünki Almaniyanın bir hissəsi  də bir vaxtlar SSRİ-nin tərkibində olub.

Bu 28 il ərzində görün, elmdə, təhsildə nə qədər irəliləyiş olub ki, bu dəqiqə ən hegemon dövlətlərdən biridir. Hazırda istər iqtisadi cəhətdən, istərsə də başqa sahələrdə öndədir. Hesab edirəm, bu, yalnız elmlə təhsilin inteqrasiyası zamanı reallaşa bilər.

-Almaniyada yaşlı insanlarda hələdə müharibə ruhu( insanları dininə , millətinə görə fərqləndirmə və s.) qalıbmı?

- Bəli, düşünürəm ki, hələ də qalıb. Şərqdə nəinki yaşlılarda, hətta bəzi cavanlarda da o xarakter var.

-Ümumən, ixtisasınız üzrə Almaniyada inkişaf necədir?

-Almaniyada ixtisasım üzrə inkişaf çox yaxşıdır. Ümumiyyətlə, elm və texnologiya üzrə Almaniyanın vəziyyəti əladır.

-Tələbələri ən çox maraqlandıran məqamlardan biri də xarici ölkələrdə onlar üçün güzəştlərin olub-olmaması ilə bağlıdır.  Almaniyada tələbələr üçün hansı güzəştlər nəzərdə tutulur?

-Almaniyada tələbələrə universitet tərəfindən gediş- gəliş üçün hər semestrlik kart verilir və bununla tələbə əyalət daxilində və yaşadığı şəhərdə nəqliyyatdan istədiyi qədər pulsuz istifadə edə bilər. Lakin hər semestrin əvvəli kart üçün müəyyən ödəniş edilməlidir. Ümumi olaraq, deyə bilərəm ki, Almaniyada işləmək digər ölkələrə nisbətən rahatdır və işləyərək öz xərclərini təmin etmək olur. Birdə universitetdən verilən təqaüdlə də yaşam xərclərini müəyyən qədər qarşılamaq mümkündür

Bu bölməyə aid digər xəbərlər BÜTÜN XƏBƏRLƏR