Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-05 16:56:00
Sağlamlıq imkanları məhdud olan uşaqlar buraxılış imtahanlarında mütləq iştirak etməlidirlər - RƏSMİ

Sağlamlıq imkanları məhdud olan uşaqlar evdə təhsilə xəstəliyinə uyğun olaraq ümumtəhsil məktəbinin proqramı və ya xüsusi təhsil məktəbinin proqramı ilə cəlb olunurlar.

Sağlamlıq imkanları məhdud olan buraxılış sinif şagirdləri imtahanlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə azad olunurlar.

Yəni, evdə təhsil alan şagirdlər buraxılış imtahanları vermədən attestat əldə etmək hüququna malik idi.

2019-cu ildən qəbul qaydalarında edilən dəyişikliyə görə, buraxılış imtahanları ali təhsil müəssisələrinə qəbulun ilkin mərhələsi hesab olunur.

 Belə olduğu halda, sağlamlıq imkanları məhdud şəxslər ali məktəblərə qəbul olunmaq üçün azad olduqları buraxılış imtahanında iştiraka məcburdularmı?

Məsələylə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, 2019-cu ildən etibarən I,II,III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarından topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Ona görə də buraxılış imtahanından azad olunan, lakin ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən şagirdlər ümumi qaydada buraxılış imtahanlarında iştirak etməlidirlər.

Hər abituriyent ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə zamanı heç bir digər amil nəzərə alınmır.

Xatırladaq ki, evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə təşkil edir. Gündəlik dərslərin miqdarı I-IV siniflərdə 2, V-XI siniflərdə 3 saatdan çox ola bilməz.

Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət verilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları