XƏBƏRLƏR

05.11.2018 09:15
Cümhuriyyətin gizli qalan maarifçi xanımı – Baş nazirin ikinci həyat yoldaşı

 

AzEdu.az  Milli Arxin İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun  Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli haqqında araşdırmasını təqdim edir:

Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulması istiqamətində mühüm tədbirlərin həyata keçiilməsinə başlandı. Həmin tədbirlərin həyata keçirilməsində onlarca digər təcrübəli pedaqoq və təhsil işçiləri kimi Eynülhəyat Yusifbəyli də çox yaxından iştirak edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil sisteminin kökündən dəyişdirilərək milli mənafelərə uyğun yenidən qurulması, məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulması üzrə tədbirlərin həyata keçirilməsində kişilərlə yanaşı, qadın pedaqoqlarımızın da əhəmiyyətli rolu olmuşdur. Onlardan biri də Xalq Maarif Nazirliyinin orta məktəb şöbəsinin müdiri Eynülhəyat Yusifbəyli olub.

Azərbaycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix Arxinin müvafiq fondlarında riyaziyyat və fizika müəlliməsi, ev mürəbbiyəsi, Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin orta məktəb şöbəsinin müdiri Eynülhəyat Yusifbəyovanın həyat və fəaliyyətinin bəzi səhifələrini əks etdirən sənədlər qayğı ilə qorunub saxlanılır. Həmin arxiv sənədlərinə əsaslanaraq qeyd edirik ki, Eynülhəyat Yusifbəyova 1887-ci il mayın 30-da Rusiyanın Penza şəhərində dünyaya gəlmişdir. Qızlıq soyadı Baişeva olan Eynülhəyat mənşəcə Kazan tatarlarındandır. Eynülhəyat Baişeva 1916-cı il mayın 21-də həyatının sonrakı illərində görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Xalq Maarif Naziri, IV və V hökumət kabinetinin sədri Nəsib bəy Yusifbəyli ilə ailə qurmuş və onun xanımı olaraq Yusifbəyli soyadını daşımışdır. Yeri gəlmişkən onu da xatırladaq ki, Nəsib bəyin ilk həyat yoldaşı görkəmli ictimai-siyasi xadim, jurnalist, “Tərcuman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı Şəfiqə xanım olmuşdur. Filologiya elmləri doktoru N.Qəhrəmanlı və filoloq, tarixçi, publisist Ə.Tahirzadənin N. Yusifbəylinin həyat və fəaliyyətinə dair əsərlərində qeyd edilir ki, N.Yusifbəyli Şəfiqə xanımla hələ 1903-cü ildə Baxçasarayda “Tərcuman” qəzetinin 20 illik yubileyində tanış olaraq nişanlanmış, 1906-cı ilin yayında isə ailə həyatı qurub. Nəsib bəyin bu evlilikdən Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlib. N.B.Yusifbəyli 1906-cı ildən 1912-ci ilədək Baxçasarayda yaşamış, “Tərcuman” qəzetində çalışıb. Lakin bir müddət sonra səbəbi indiyə qədər bəlli olmayan bir ailə ixtilafı ucbatından 1916-cı ildə Nəsib bəylə Şəfiqə xanımın həyat yolları ayrılmış və Şəfiqə xanım uşaqlarını götürərək Krıma qayıtmışdır. N.Yusifbəyli 1916-cı il mayın 21-də Eynülhəyat xanımla nikah bağlayaraq ailə həyatı qurmuşdu. Şəfiqə xanım Qaspralı isə ömrünün sonunadək Nəsib bəyə və övladlarına sadiq qalaraq yenidən ailə həyatı qurmayıb.

Dövlət Tarix Arxivinin müvafiq fondunda saxlanılan Yelizavetpol Müqəddəs Nina Qızlar Məktəbinin riyaziyyat müəlliməsi Eynülhəyat Yusifbəyovanın xidməti haqqında formulyar siyahısında qeyd olunur ki, Eynülhəyat xanım ümumi təhsilini Penza II qadın gimnaziyasında almış və həmin gimnaziyanı 1905-cı il iyunun 11-də qızıl medalla bitirib.

Bundan sonra Balaşov qadın gimnaziyasının əlavə VIII sinif kursunda təhsilini davam etdirmiş və həmin kursu 1906-cı il mayın 29-da bitirərək riyaziyyat üzrə ev mürəbbiyəsi vəzifəsinə hüquq əldə etmişdir. Eynülhəyat xanım həyatı boyu təhsilə yüksək qiymət vermiş və daim özünün elmini və təhsilini artırmağa çalışmışdır. Keçdiyi həyat yolu bu fikri bir daha təsdiq edir. 1909 -1910-cu tədris ilində Petroqrad ali qadın kurslarının fizika-riyaziyyat bölməsinin sırf riyaziyyat və astronomiya üzrə elmi kurslarını müvəffəqiyyətlə bitirən Eynülhəyat xanıma bu təhsil ocağının professorlar şurası tərəfindən 1910-cu il oktyabrın 5-də şəhadətnamə verilmişdir. Xarkov tədris dairəsi qəyyumunun 15 sentyabr tarixli 20120 №li təklifi ilə Eynülhəyat xanıma icazə verilmişdir ki, 1910-cu il sentyabrın 1-dən etibarən müvəqqəti olaraq Saransk qadın gimnaziyasının yuxarı siniflərində riyaziyyat, hesab və fizikanın metodikası üzrə dərsləri tədris etsin.

1911-ci il noyabrın 30-da Xarkov tədris dairəsi qəyyumu tərəfindən Eynülhəyat Yusifbəyova yariyaziyyat fənni üzrə ev mürəbbiyəsi adının verildiyini təsdiq edən 27160 №li şəhadətnamə təqdim edilmişdir. Qafqaz tədris idarəsi rəisinin 25 oktyabr 1912-ci il tarixli 24398№ li sərəncamlarına uyğun olaraq Eynulhəyat xanım 1912-ci il oktyabrın 20-dən etibarən Yelizavetpol müqəddəs Nina qadın məktəbinə riyaziyyat və fizika müəlliməsi vəzifəsinə təyin edilərək Yelizavetpol şəhərinə köcməli olmuşdur. Qafqaz tədris dairəsi qəyyumunun sərəncamı ilə Eynülhəyat xanımın Saransk şəhərindən Yelizavetpol şəhərinə köçməsi üçün iki atlı çaparxananın icarəsinə yol pulu olaraq 168 rubl 90 qəpik vəsait ayrılmışdı.

XX əsrin əvvəllərində Rusiya imperiyasının bir çox ucqarlarında olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatı, xalqı cəhalətdən və qəflətdən xilas etmək, geriliyin və savadsızlığın aradan qaldırılması uğrunda mübarizə genişləndi. Azərbaycanın mütərərəqqi ziyalıları və ictimai-siyasi xadimlərinin əzmkarlığı sayəsində yaradılmış müxtəlif mədəni-maarif və xeyriyyə cəmiyyətləri, nəşr edilən qəzet və jurnallar öz fəaliyyətlərində xalqın savadlandırılması və maarifləndirilməsi, eləcə də milli məktəblərin yaradılması məsələlərini ön cərgəyə çəkdilər. Çar Rusiyasının xalq təhsili sistemində azərbaycanlı şagirdlərin Azərbaycan dilində təhsil almaq imkanlarının məhdud çərçivədə saxlanılması xalq arasında savadsızlığın və geriliyin aradan qaldırılması işini olduqca ləngidirdi. Həmin dövrdə ümumtəhsil məsələləri qabaqcıl ictimaiyyətin təzyiqi ilə müzakirə edilsə də, təhsil idarələrində, dövlət dumasında dəstəklənmir, onun həlli üçün lazımı tədbirlər həyata keçirilmirdi.

1918-ci il aprelin 9 (22)-da Seymin qərarı ilə Zaqafqaziya Demokratik Federativ Respublika elan edildi. A.Çxenkelinin başçılığı ilə yaradılmış hökumətin tərkibində N.b.Yusifbəyli- maarif naziri vəzifəsinə təyin edilmişdi. 1918-ci il mayın 11-16-da təşkil olunmuş Batum konfransında Gürcüstan Almaniya nümayəndələrinin təzyiqi altında ZDFR-dən çıxmağı qərara aldı. Gürcüstan Zaqafqaziya Seyminin 1918-ci il mayın 26-da keçirilmiş son iclasında müstəqilliyini elan edərək ZDFR-i tərk etdi. Tarixi mənbələr təsdiqləyir ki, Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfinin əsassız olaraq həm Azərbaycana, həm də Gürcüstana qarşı ərazi iddialarının irəli sürməsi olmuşdur.1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası xalqımızın azadlıq hərəkatının yekunu kimi Azərbaycanın Müstəqil Dövlət elan olunması haqqında qərar (İstiqlal Bəyannaməsini) qəbul etdi. Azərbaycan xalqı özünün çoxəsirlik tarixində müstəqil dövlətini yaratdı. Milli Şuranın 28 may 1918-ci il tarixi iclasında F.X. Xoyskinin təqdim etdiyi I müvəqqəti hökumətin tərkibi təsdiqləndi. Qeyd edək ki, Cümhuriyyət dövründə hökumət böhranları ilə əlaqədar olaraq biri-digərini əvəzləmiş 5 hökumət kabineti təşkil edilmişdir. I-III hökumət kabinetləri Azərbaycanın görkəmli şəxsiyyətlərindən F.X.Xoyskinin (28.05.1918-17.03.1919), IV-V hökumət kabineti isə N.b.Yusifbəylinin (14.04.1919-30.03.1920) sədrliyi ilə qurulmuşdur. F.X.Xoyskinin sədrlik etdiyi І-ІІІ hökumət kabinetlərinin tərkibində Nəsib bəy ardıcıl olaraq: I müvəqqəti hökumətin tərkibində-Maliyyə və Xalq maarif naziri(28.05.1918); II müvəqqəti hökumətin tərkibində Maarif və dini etiqadlar naziri (17.06.1918-06.10.1918);1918-ci il oktyabrın 6-da II hökumət kabinetində edilən kabinet daxili dəyişikliklərdən sonra Xalq maarifi və ərzaq naziri (06.10.1918-07.12.1918); III hökumət kabinetində isə Maarif və dini etiqadlar naziri vəzifələrinə təyin edilmişdir. Yarandığı ilk gündən etibarən Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirmişdi. Çünki, əvvəlki dövrlərdə xalqın oyanmaqda olan milli kimlik və siyasi şüurunun qarşısını almaqdan ötrü çarizm xalq maarifi işini uzun müddət məhdud çərçivədə saxlamış, həmçinin təhsilin əsasən rus diində aparılması, milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllərin törədilməsi ilk növbədə müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdur. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyi tərəfindən təhsil sisteminin dağılmasının qarşısının alınması və onun kö­kün­dən dəyişdirilərək milli mənafələrə uyğun yenidən yaradılması, məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlandı. Həmin tədbirlərin həyata keçirilməsində onlarca digər təcrübəli pedaqoq və təhsil işçiləri kimi Eynülhəyat Yusifbəyli də yaxından iştirak etmişdir.

Məktəblərin milliləşdirilməsi ilə bağlı orta məktəblərdə bir sıra fənlərin mahiyyətinin və həcminin dəyişdirilməsi haqqında 1919-cu il dekabrın 2-də Xalq Maarif Naziri Rəşid bəy Qaplanov və orta məktəblər üzrə şöbənin müdiri Eynülhəyat Yusifbəyli tərəfindən imzalanaraq orta məktəb direktorlarına göndərilmiş məktubda qeyd edilirdi:” Rus orta məktəblərində tədris proqramlarının və onun ruhunun müasir həyatın tələblərinə cavab vermədiyi hələ inqilabdan əvvəlki illərdə, yəni ümumavropa müharibəsi və rus inqilabı dövründə aydın surətdə meydana çıxmışdır. Bəzi fənlərin,-tarix və coğrafiya kurslarının tərtib olunduğu təməllər tamamilə iflasa uğradığı üçün həmin fənlərin əvvəlki qaydada tədris olunmasının qeyri-mümkün olduğu üzə çıxmışdır. Məsələn, milli müstəqillik ideyasının həyata keçirilməsinin mümkün olduğu Azərbaycan ərazisində rus dövlət quruluşunu Azərbaycan dövlət quruluşu əvəz etmişdir və şübhəsiz ki, artıq məktəblərin köhnə, inqilabdan əvvəlki simasının saxlaya bilməsi mümkün deyildir. Orta məktəblərin yeni dövlətimizin ruhuna uyğun kökündən dəyişdirilməsi zəruridir. Buna məktəblərin milliləşdirilməsini həyata keçirməklə nail olmaq mümkündür. Bu ideyanı həyata keçirərkən biz əsasən iki amillə: tədris dili və məktəbdə şagirdlərin mənimsəməli olduqları materialların dəyişdirilməsi ilə məşğul olurduq. Belə ki, Azərbaycan dövlətçiliyi prinsipindən çıxış edərək məktəblərin dərs kurslarına bir sıra yeni fənlər-türk dili, türk tarixi və coğrafiyası daxil edillməli, köhnə məktəbdən qalmış və tədris ruhunun azərbaycan məktəbində yolverilməz və əlavə ağır bir yük kimi sayılan fənlərin - rus tarixi, rus coğrafiyası və ədəbiyyatının həcmini və mahiyyətini dəyişdirməli oluruq. Onu da qeyd etməliyik ki, dövlətlərin qarşılıqlı siyasi və iqtisadi münasibətlərini kökündən dəyişmiş cahan müharibəsindən sonra coğrafiya və tarix fənlərinin mütləqiyyətin ruhunda tədris edilməsi qeyri-mümkündür və onun kökündən dəyişdirilməsinə ehtiyac vardır. Ədəbiyyatın tədrisində mövcud olan nöqsanlar da çoxdandır ki, hiss edilir. Belə ki, nə yeni rus ədəbiyyatı, nədə yalnız öz müxtəlifliyi ilə yeniyetmələrin dünya görüşünün inkişaf etdirilməsində zəngin material verə biləcək qərb və avropa ədəbiyyatı orta məktəblərdə indiyə qədər öz yerini tutmamışdır və orada yalnız birtərəfli olaraq qədim və orta rus ədəbiyyatının əsərləri mənimsənilir.

Yuxarıda qeyd olunanlara əsaslanaraq göstərilən istiqamətdə məktəb islahatlarının aparılmasını Nazirlik özünün başlıca vəzifəsi hesab edir. Lakin bu vəzifənin tam şəkildə həll edilməsi məsələnin təfərrüatı ilə müzakirə olunmasını tələb edir ki, bunun da yerinə yetirilməsini Nazirlik gələn tədris ilinin əvvəlindən tez qeyri-mümkün hesab edərək hazırki tədris ilində qismən dəyişiklik etməyi planlaşdırır ki, bu da xalq maarif nazirliyinin sonuncu təmimnamələrində öz əksini tapmışdır. Həmin təmimnamələrə uyğun olaraq rus tarixi və coğrafiyası ayrıca fənn kimi ləğv edilir, rus ədəbiyyatı kursu isə qısaldılır”...

Cümhuriyyət hökuməti və Xalq Maarif Na­zir­liyi tərəhindən Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpa edil­məsi və onun dövlət dili elan olunması, məktəb-tədris işinin milli mənafelərə uy­ğun yenidən qurulması, doğma ana dilimizin ölkənin təhsil, təlim-tərbiyə dilinə çev­ril­məsi, ana dilində tədris proqramlarının və dərsliklərin hazırlanması sahəsində mü­hüm tədbirlər həyata keçirildi. Həmin tədbirlər nəticəsində Azərbaycan dili müstəmləkəçilik dövründə itirilmiş mövqelərini bərpa etmiş, dövlət dili statusunu qazanmış,ölkənin tədris, təlim-tərbiyə dilinə çevrilmişdir. Ana dilli məktəblər şəbəkəsinin yaradılmasını, maarif və mədəniyyət sahəsində milliləşmə tədbirlərinin həyata keçirilməsini, ümumi, ali, orta ixtisas və hərbi təhsilin təşkilini, eləcə də azərbaycanlı müsəlman uşaqların öz doğma dilində, milli müəllim və pedaqoqlar tərəfindən tərtib edilmiş dərsliklər əsasında təhsil almaq imkanını əldə etməsini, gənclərin təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərilməsini böyük nailiyyət hesab etmək mümkündür. Bu naliyyətlərin əldə olunmasında Azərbaycan Cümhuriyyət Hökuməti və Parlamenti ilə yanaşı Xalq Maarif Nazirliyi və ona rəhbərlik etmiş şəxslərin- Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtaxtinski, Rəşid xan Kaplanov, Nurməmməd bəy Şahsuvarov, Şəfiqə xanım Əfəndizadə, Eynülhəyat xanım Yusifbəyli, Rəhilə xanım Hacıbababəyova və başqa tanınmış müəllim və pedaqoqların xidmətləri danılmazdır. Hazırki dövrdə yetişməkdə olan nəsil xalqımızın çoxəsrlik zəngin tarixini, habelə onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, həmin dövrün məktəb və pedaqoji fikir tarixini dərindən öyrənərək elmi-pedaqoji biliklərini artırmalıdır. Bütün sıxıntılara, çətin şəraitə rəğmən Cümhuriyyətimizin təhsil tarixi, həqiqətən də, fəxr edə biləcəyimiz nailiyyətlərlə zəngindir. Ölkəmizdə məktəb-tədris quruculuğunda rolu və xidməti olmuş bu maarif fədailəri heç vaxt unudulmamalı, daim böyük ehtiramla yad edilməlidir.