Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-04 11:04:00
Müəllimlərin nəzərinə: əmək müqaviləsi bu halda uzadıla bilər

Çalışmanın yaş həddinə çatmış müəllimlərlə əmək müqaviləsinin müddəti müəyyən tələblər, meyarlar və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

AzEdu.az əmək müqaviləsinin uzadılması üçün nəzərə alınan həmin meyar və tələbləri təqdim edir:

Son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;
Elmi dərəcə və ya elmi adının olması;
Dövlət təltifi ilə təltif edilməsi;
Attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;
Müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalibi olması;  
Müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda;  
Səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;
İşlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.

Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Qeyd edək ki, müəssisə rəhbəri yalnız tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında əmək müqaviləsini uzada bilər.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, çalşmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən daha çox müddətə uzadılması mümkündür.

İşçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılmasına o halda icazə verilir ki, həmin müəllim,

Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilib;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülüb;
İşlədiyi sahə üzrə elmi dərəcəsi və ya elmi adı var;
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvüdür;
Dövlət mükafatı laureatıdır;
1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilib.

Bu meyarlar gözlənilməklə müəyyən razılıq əsasında müəllimlərin əmək müqaviləsi müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

Qeyd edək ki, bu meyarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyən edilib.