Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-04 09:09:00
"Buraxılış"da dinləmə mətniylə bağlı hansı şəraitlər yaradılacaq? -DETALLAR

2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə  yeni model əsasında təşkil olunacaq.

Model öncədən elan olunsa da, qaranlıq qalan məsələlər hələ də öz aktuallığını qorumaqda davam edir.

Şagirdləri maraqlandıran əsas məqamlardan biri İngilis dili fənni üzrə buraxılış imtahanlarına dinləmə mətninin əlavə edilməsiylə bağlıdır. Qərar təsdiqini tapsa da, imtahan formatının necə olacağı açıqlanmamışdı.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, buraxılış imtahanlarında dinləmə mətnlərinə aid tapşırıqların cavablandırılması üçün şagirdlərə zəruri şərait yaradılacaq.

İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Səsləndirmə ümumi olacaq və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmayıb. Sualların rahat şəkildə cavablandırılması üçün imtahan zamanı zalda sakitlik təmin olunacaq.

Mətnlərin səviyyəsi DİM-in elan etdiyi audio nümunələrin səviyyəsinə uyğun tərtib olunacaq. Mətn səsləndirilərkən şagirdlərə qeyd aparılmasına icazə veriləcək.

Buraxılış imtahanlarında səhv cavabların sayı doğru cavablara təsir etmir. Yəni, səhv düzü aparmır.

XI sinif üzrə buraxılış imtahanlarının 2019-cu ilin aprel ayında keçirilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, XI sinif şagirdlərinin “listening”dən imtahana hazırlaşması üçün 6 aydan daha az zamanları var.

Məktəblərin əksəriyyətində “listening”in tədris olunmamasıyla bağlı narazılıqlara DİM tərəfindən aydınlıq gətirilərək bildirilib ki, imtahanlar kurikulum standartlarıyla tərtib olunur və “listening”-də kurikulumun əsas tələblərindəndir.

Xatırladaq ki, dinləmə mətnlərinin həcmi 1 dəqiqədən ibarət olacaq. Şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunacaq. Dinləmə mətnləri həm IX, həm XI sinif buraxılış imtahanlarına əlavə olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları