XƏBƏRLƏR

01.11.2018 14:25
24 yaşında oxumağa qərar verib, uzaq Alyaskaya gedən  gəncin uğur hekayəsi – O, dünyada hansı ilkə imza atdı? -MÜSAHİBƏ

24 yaşında xaricdə  oxumağı qərara alan Rəhim Məmmədov- Litvada təhsil alıb, 5 il ərzində 16 ölkədə yaşayıb.

Müxtəlif layihələrdə iştirak edib, “My broker”, “Camex.az”, “SKY-I travel”, “Cruises.az”, “GreenCity”, “AeroTour”, “BİRLink”, “NZSVODKA”, “Enginet” brendlərindədigital marketinq mütəxəssisi kimi çalışıb.

Hazırda “NZSVODKA”, “Enginet MMC” nin digital marketinq mütəxəssisidir.

AzEdu.az müsahibəni təqdim edir

“Guya, ingilis dili öyrənib böyük adam olacaqdım, amma axırda müəllim oldum”

“24 yaşımda oxumağı qərar aldım. Səbəb isə ailəmin və mənim iflasa uğramağım idi. Əvvəl Azərbaycanda təhsil almışdım. Lakin Azərbaycan Beynəlxalq Universiteti bağlandı deyə, diplom ala bilməmişdim. Amma səmimi deyim ki, oxumamışdım. Universitetə gedib pul verib,işini gördürən tiplərdən idim.

Guya, ingilis dili öyrənib böyük adam olacaqdım, amma axırda müəllim oldum. Seçimim yox idi deyə, 10-cu ayda artıq IELTS əlimdə idi və dərs keçməyə başladım.

2011-ci ildə Azərbaycan Avroviziyada qalib gəldikdən sonra ingilis dili trend olduğu üçün kurslarda müəllim kimi dərs deməyə başladım”.

Uğurlara aparan tanışlıq

“Litva Kaunas Texnologiya Universitetinin meneceri ilə tanış oldum. Məni inandırdı ki, hər şey gözəl olacaq, 24 yaş gec deyil. Sənədləri verdim, evdəkilər etiraz edirdi. Litvanı seçməyimdə səbəb isə oranın marketinq meneceri ilə tanışlığım idi. Ailəm deyirdi, 24 yaşdan sonra nə oxumaq, gecdi, sən nə vaxt qurtarıb, ailə quracaqsan?! İşlədim, biletimi aldım, universitetin I semestrının ödənişini etdim. İlk Kaunas Texnologiya Universitetinə başladım. İllik ödənişində problem yarandığından, bir də Kaunas balaca şəhər olduğundantreninq və seminarlara tez-tez Vilnüsə gedirdim. Qərara aldım ki, Vilnüs Universitetinə transfer olum. İxtisası Menecmentlikdən Marketinqə dəyişdim”.

Litvada oxuduğum zaman Erasmus proqramı ilə Almaniyaya bir semestrlik  təhsil almağa getdim. Bildirim ki, Erasmus iki cür olur: təhsil və praktika üçün... Bir semestrlik təhsil üçün Erasmusla Almaniyada, praktikanı isə Türkiyədə qazanmışam. Erasmus Avropada məcburiyyətdir, yəni Erasmus praktikasına getməlisən. Avropalılar  Erasmus proqramına hədiyyə kimi baxır. İki  yeri yazmaq şansım var idi, ikisinə də Almaniya universitetini yazdım. Aylıq 400 avro təqaüd verirdilər. Onun 320 avrosunu isə ev pulu verirdim. Almaniyada yataqxana problemdir. Buranın özəlliyi ondadır ki, tələbələr nəqliyyat xərclərindən azad idilər, yaxın şəhərlərə gediş üçün 50% endirimlər  alırdıq. Dil və mədəniyyətlərini öyrənmək üçün Almaniyanı seçdim.

Almanlar ağıllıdır, onlarla rəqabət aparmaq bir az çətindir. İkinci odur ki, oxuduğum Vilnüs Universiteti nəzəriyyəyə, Almaniya universiteti isə praktikaya üstünlük verirdi. Vilnüs Universiteti müəyyən detallarla adamı limitləmirdi, Almaniya isə çox məqamlara, xırdalıqlara varırdı.

Getdiyim universitet illiyi 7000 avro olan özəl “Karlshochschule” Beynəlxalq Universiteti idi. Məni sıxan digər məsələ orada oxuyanlardan hamısının maddi cəhətdən çox imkanlı olması idi. Litva Universitetində Erasmusla gələnlərə hörmət edir, onları çox sıxmırdılar. Burada isə alman necə oxuyursa, proqramla gələn də elə oxumalı idi. Yəni  bizim gəmidəsənsə,kapitan bizik, qaydalar da belədir. Azərbaycanda o proqrama qoşulduğunuz zaman seçim azdır, həm də hər universitet Erasmusa qoşulmur. Bildiyim qədəri ilə burada da rüşvət keçir”.

Qısa bir haşiyə - Erasmusa seçilməyin yolları

“Proqrama seçilmək üçün kəsriniz olmamalı, ortalama semestr balınız 7 -dən yuxarı olmalıdır. Bundan başqa motivasiya məktubu yazırsınız. İkinci mərhələdə ortalama balınız, sosial fəaliyyətlər əsas rol oynayır”.

Bir otel öz layihəsini satışa çıxardı. Bildirdilər ki, minumum  xərclə maksimum qazanc əldə eləmək üçün layihə yazın. Yarışın adı “Best creative Marketing team of Emerald Forest Management Simulation”  idi. 5 nəfərlik qrupla layihəni yazdıq.  Burada otel sektoru üzrə Almaniya birincisi olduq. Amma deyim ki, almanlarda marketinq baxımından öyrəniləsi heç nə yoxdur, onlar bu mənada çox rəngsizdirlər. Onlar üçün iki rəng var: qara və tünd göy. Almaniyada marketoloq kimi işləmək istəmərəm. Onların da öz qaydaları var, müştəri davranışı daha fərqlidir. Məsələn,Türkiyəəki poster İspaniyada uğurlu satış edər, amma Almaniyada yox! Çünki onların psixologiyasına təsir edən amillər başqadır, orada limitlər var”.

28 yaşında, əcnəbi,viza üçün müsahibəyə dəvət edilən yeganə adam

-Sonra  Amerikaya köçdüm, Alyaskada işlədim. Mənə birinci Bostondan təklif gəldi, amma viza ala bilmədim. Litva dəstəkləmədi, bildirdilər xarici tələbəsənsə, öz ölkəndən almalısan. Bizdə bu xidmətlər çox baha qiymətlərə işləyir. Xaricdə 300 dollar olan, burda 3000 dollardır. Sonra dedilər ki, turizm şirkətlərinə müraciət et, səni sığortalasınlar. 4 şirkətdən ikisi məni sığortaladı, sonda isə biri qaldı. Orada bir ölkədə bir turizm şirkəti var. Bunun saytı ilə də səfirliyin saytı eyni imiş. Mənə dedilər ki, dekabrda baxarıq, ola bilər ki, Litva yeni qanun qəbul etdi, xarici tələbələrə dəstək verdi. Dekabrda e-poçt yazdım. Bunu da şirkətin direktoruna deyil, səfirlikdən kiməsə yazmışam. Yazışdıq,soruşdular niyə indi oxuyursan, yaşın çoxdu.Qeyd edim ki, Amerikada 25 yaşdan yuxarı viza problemi yaşanır. Dedim sübut edə bilərəm ki, Azərbaycanda keçmişim təmizdir, miqrant deyiləm. Buradakı sənədləri, fəaliyyətlərimi göstərə bilərəm. Cavab gəldi ki, viza verəcəyimizə söz vermirik, amma müsahibəyə dəvət edəcəyik. Bu böyük bir şey idi. Litvada əcnəbi, 28 yaşında heç bir tələbə müsahibəyə getməmişdi. Girsəm, ən azından şansım olacaqdı, ürəyimdə qalmayacaqdı, “girdim, amma olmadı” deyib,keçəçəkdim, baxmayaraq ki, 300 dollar pulum batacaqdı”.(gülür)

25 ilə bərabər olan 25 dəqiqə

“Bir -iki sual yazdım gördüm ki, cavab gəlmir. Şirkətin direktoruna zəng vurdum. Soruşdum niyə cavab yazmırsız? Dedi səndən mənə mail gəlməyib. Dedim ki, necə yəni, dediniz ki, müsahibəyə gələ bilərsən. Dedi ki, yox e, Rəhim, səfirliklə danışdım dedilər olmaz. Yazışmaları ona göndərdim, dedi sən səfirlikdə filankəslə danışmısan. Yazışmaları görəndən sonra şirkət işləməyə başladı, dedi get bacardığın  qədər müsahibədən keçməyə çalış. Müsahibəyə gedəndə özüm boyda sertifikat və referanslarım var idi. Guya mən yaxşı “uşağam”(gülür)

Həmin il Erasmusu qazandığım üçün əvvəldən universitetin pulunu da ödəmişdim. Hətta Erasmus sertifikatının altına yazdılar, biz icazə veririk ki, bu insan Amerikaya getsin. Pasportumu görən kimi səfirlik nümayəndəsi digər otağa keçmək istədi. Onu yarı yoldan qaytardım ki, bilirəm 28 yaş olması və azərbaycanlı olmağım problemdir.  25 dəqiqə söhbət çəkdi və 25 il də ömrümdən getdi. Dördüncü gün müraciət etdim viza verdilər, səhəri də uçurtdular”.

Qazanmaq üçün gözəl, xərcləməyə yer olmayan ölkə

Alyaskaya getdik, hər yer meşəlik idi. Ora filmlərdə gördüyümüz Amerika deyil, hündür bina tapa bilməzsən. Hətta hündür ağac tapılar, bina yox(gülür) Qazanmaq üçün gözəl bir yerdir, çünki pulu xərcləməyə yer yoxdur. Qeyri-standart havası var. Demə ki, temperatur qışda -40 dərəcə olurmuş. Maya qədər suyu isidib çimirlər, sular donur. Mayın 31-i ora getdim, hava yaxşı idi. Sonra  gördüm ki, hava gah yağışlı olur, gah tutqun. Marallarla, ceyranlarla eyni yerdə yaşayırsan” (gülür)

Soyuğun yaxınlaşdırdığı insanlar

-Alyaskanın bir özəlliyi var idi ki, insanları tanıdın, tanımadın üzünə  baxıb salam verməli və təbəssüm etməlisən. Bir gün bunun səbəbini soruşdum. Dedilər ki, havalar çox soyuq olur, insanlar bir -birinə dəstək üçün belə edirlər. Universitetin qiymətini öyrəndim, 22 min dollardan başladığını dedilər. Ürəyimdə dedim ki, allah evinizi tiksin bu qədər pulum olsaydı,soyuq ölkədə niyə oxuyurdum? Bir də dil problemlərimiz var idi. Mən ingiliscə danışırdım, onlar başa düşmürdü, amerikalılar ingiliscə danışırdı mən onları başa düşmürdüm. Amma mən də, onlar da çox gözəl ingiliscə danışırdıq. Burada səbəb o idi ki, mən kitab dilində, onlar küçə dilində danışırdılar. Məni işdən çıxarmaq istəyirdilər, sonra Çexiyadan bir oğlan gəldi gördülər ki, onda da eyni problem var. Avropalılar amerikalıları, onlar da avropalıları başa düşmür. Universitetdə müəllim mənə sual verdi ki, “What do you play an instrument at university?” Mənası, yəni universitetdə hansı alətdə ifa edirsən?

 Amma onun soruşmaq istədiyi hansı fakültədə oxuduğum idi. Mən də dedim ki, niyə elə uzun cümlə qurdunuz,soruşaydınız fakültən hansıdı kifayət idi”.(gülür)

“...2016-cı ilin yayında Türkiyədə dövlət çevrilişi olanda küçənin ortasında qalmışdım”

Geri qayıdandan sonra bizdə bir şərt var idi ki, ixtisasın üzrə praktika keçməli idin. Erasmus proqramı ilə  Türkiyəyə getdim. Orada Digital marketinq agentliyində çalışdım. Səhv etmirəmsə, 2016-cı ilin yayı idi, dövlət çevrilişi olanda mən küçənin ortasında qalmışdım. Əziyyət çəkənlərdən biri də mən idim. Ünvanı tapa bilmirdim, internet bağlanmışdı, telefon işləmirdi, kartlarıma blok qoyulmuşdu. Heç kəslə əlaqə saxlamaq mümkün deyildi.

3 aylıq praktika dövründə aylıq 600 avro pul verirdilər. Qayıdanda isə sürprizlə qarşılaşdım. Keçirilən praktikaya 25 vərəqlik məruzə yazılırmış və çıxıb 5 nəfər qarşısında bunu müdafiə edirsənmiş. Buradan minumum 5 bal almalısan, bu balı aldıqda diplom işi yazmağa icazə verirlər. Bu nəticəni göstərməsən, diplom da almırsan. Yəni orada praktika keçmək məcburiyyətindəsən. Ölkə daxilində keçirsənsə dövlət tərəfindən sənə maaş verilmir, şirkət verirsə verir. Ölkə xarici olduqda isə ölkəyə görə dəyişərək minumum 400 avro təqaüd verilir. Türkiyəni  ona görə seçdim ki, işimə öz dilimdə müraciət edim. Sonuncu variant kimi qoymuşdum ki, Azərbaycana qayıdacağam. Azərbaycanla Türkiyənin düşüncə tərzi nisbətə eynidir. Rəqəmsal marketinqi Türkiyədə öyrədiblər. Dünyada məşhur olan 2-3 brendin sosial media planı necə hazırlanır, şəkillər, konseptlər necə yığılır onun canlı şahidi,bir parçası olmuşam”.

Yenidən ilk dayanacaq

“Yenidən Litvaya qayıtdım. Diplom işini yazdım, təhvil verdikdən sonra 2017-ci ilin  yayında artıq qərara aldım ki, Azərbaycana qayıdım. Hazırda Azərbaycanda iki brendindigital marketinq mütəxəssisi kimi çalışıram.

Könüllü müəllimlik fəaliyyəti

“Ukraynada “BE CREATIVE HIRE EFFECTIVE” treninqində  iştirak etdim. Ora  Litvada seçilib göndərilmişdik. Bütün xərcləri ödəyirdilər. Litvada  internat evləri 3 sistemdə işləyirdi. Birinci sistemdə ailə qayğısı olmayanlar gəlib öz ev tapşırıqlarını orada edirdilər. İkinci sistemdə uşaqlar daimi qalırdılar. Üçüncüdə isə 18 yaşı olub oradan çıxanlara dövlət aylıq pul ödəyirdi və yanına bir könüllü qoyurdu ki, büdcəni idarə etsin. Mən birinci sistemdə könüllü kimi işləyirdim. Litvalı uşaqlara ingilis dilini öyrədirdim. Bundan başqa da ölkə daxilində biznes təlimlərində iştirak edirdim. Bundan başqa Litvada universitetlərarası “Mr İnternational” yarışında  2-ci yeri tutmuşam”.

Tövsiyələr

“Getmədən öncə aşpazlığı öyrənsinlər. Səmimi deyirəm. Müəyyən sertifikatları, sosial fəaliyyətləri olsun. Gitara, akademik riyaziyyatı  burada öyrənib getsinlər. Orada çox çətin olur. Biz nə qədər savadlı olsaq da, təhsil sisteminə görə, onlar qədər ola bilmərik.

Dinə girməsinlər, zövqü müzakirə etməsinlər, bir də Azərbaycan mədəniyyətini özləri üçün saxlasınlar. Məsələn, qadının içki içməsini təəccüblə qarşılamasınlar. Bunlar lazım deyil. Yəni bu, onun mədəniyyətidir. Nə qədər səmimi görünməyə çalışsanız da, insanlara baxanda qınadığınız hiss olunur.  Birinci semestrdə mən də həssas idim. Mənə mentorluq edən oğlan dedi ki, ehtiyac yoxdu. İçki içmirdim, amma qonaqlıq olanda əlimdə saxlayırdım ki, diqqət mərkəzində olmayım.

Məqsəd karyeradırsa, burda qalmaqları daha yaxşıdır. Ailəsini xərcə salırsa, kredit götürüb gedirsə, gedib orda adi bir işdə işləmək mənə görə yaxşı bir şey deyil.Düşünürlər ki, orada 1000  avro qazanırsa çoxdur, avro canlı göstərir.  Amma orada yaşayış xərclərini də hesablayın. Sizə aylıq min avro kimi görünən böyük rəqəm Azərbaycan puluna çevriləndə  çoxdur. Orada yaşamağın da öz xərcləri var. İstanbulda hara çıxdın nəqliyyata pul ödəməlisən, burada 30 qəpik verib metroda yatırıq. İstanbulda çölə çıxanda ən azı 3 avro olmalıdı ki, yol pulunu qarşılaya biləsən.

Xaricdə miqranta hörmət etmirlər. Avropa sizi heç vaxt sevməyəcək, çünki miqrantsız. Miqrantlar getdiyi halda yaşayış xərcləri , evlərin qiyməti qalxır, təbii ki, yerli adam ev tapa bilmir. Getsinlər, amma bilsinlər ki, gedib hansı bacarığınızı bazara satacaqsınız.

Xaricdə yaşamağın bir tərəfi odur ki, azadsan, amma rahat deyilsən. Nə qədər rahat olsan da Novruz bayramında şəkərbura , kababa baxırsan nəfsin çəkir. Onlar ailələri ilə yeni ili keçirir, amma sən yenə tək qalırsan. Ev yeməyinə,qayğısına həsrət qalırsan. Halbuki, o qayğı indi məni sıxır.(gülür) Azərbaycanda azadlıq yoxdu, insanlar sənin düşüncələrinə, fikirlərinə hörmət etmirlər. Qarışmağı, idarə etməyi sevirlər. Başa düşmürlər ki, bu sənin baxış pəncərəndi, bu da mənim. Özü yaşamadığı şey ona real gəlmir, düşünür ki, özü ağıllıdır. Bu gün mən küçədə gedəndə baxsanız, düşünməzsiniz ki, bu insan 16 ölkədə yaşayıb. Amma tarqovuda elə qaqaşlargörərsiz ki, deyərsiz yəqin bu qədər ölkədə yaşayan o olub. Tərz baxımından, mühit onu istəyir o da elə geyinir. Aldatmaq üçün”. (ardı var)

 

 

 

Bu bölməyə aid digər xəbərlər BÜTÜN XƏBƏRLƏR