Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 13:32:00
Gənc müəllimlərin şagirdlər üçün maraqlı cəza metodları – idman etdirib, zibil atdıranlar...

Orta ümumi təhsil məktəblərində müəllimlərin şagirdlərə  fiziki  zorakılıq göstərməsi faktı ilə zaman-zaman  rastlaşırıq.

Ümumiyyətlə,  məktəblinin təhsil müəssisəsində, xüsusilə dərs vaxtı zorakılığa məruz qalması  qəbulolunmaz  haldır.  Bəs, ev tapşırıqlarını hazırlamayan, dərs prosesində digər şagirdlərə mane olan uşaqlara müəllimləri necə cəza verməlidir?

AzEdu.az gənc müəllimlərə “şagirdlərinizi necə cəzalandırırsınız?” sualı ilə müraciət edib:

Şagirdlərini sinifdəki tullantıları atdırmaqla “cəzalandıran” müəllim…

Nigar Piriyeva – “Mən uşağa cəza kimi sinifdə olan zibilləri atmasını tapşırıram. Bəzən isə nadinc uşaqların hamısını məktəbdə iməcliyə cəlb edirəm. Döymək, tənbeh etmək isə düzgün hesab etmirəm. Bu cür - uşaqları müəyyən fiziki işlərə cəlb etməklə məktəbin də işinə yardım etmiş oluram”.

Şagirdlərini ayaqüstdə saxlayaraq “cəzalandıran” müəllim…

Rəşad İsalı – “Düzü, cəza növü çox olur. Ayaq üstə saxlamaq, dərsi öyrənmədən evə getməmək və s.

Elə çox da cəza vermirəm. Misal üçün, deyirəm ki, ayaq üstə qal, öyrənəndən sonra keç otur. Onlar da məcbur qalıb dərslərini öyrənirlər. Bəzi uşaqlar var ki ümumiyyətlə, oxumaq istəmirlər. Yarış təşkil edirsən ki, qalibə hədiyyə verəcəyəm, heç vecinə də almır. Deyir, hədiyyəni neynirəm?!”

Şagirdlərini səhvlərini etiraf etmələrini istəyərək “cəzalandıran” müəllim…

Aysel Alıcanova – “Uşaqlar özlərini nadinc aparanda, dərslərini hazır etməyəndə onlara “cəza” kimi əlavə ev tapşırığı vermirəm. Çünki mən ibtidai sinif müəllimiyəm, ibtidailərə isə çox tapşırıq vermək olmaz. Tərbiyə ilə tədris eyni şey deyil. Cəza kimi həmin şagirdlərlə tənəffüsdə ayrıca söhbətləşirəm. Onlardan nə səhvləri olarsa, mənə etiraf etmələrini istəyirəm”.

Şagirdlərini valideyn iclası zamanı müzakirəyə çıxararaq “cəzalandıran” müəllim…

Elçin Qasımov– “Bildiyimiz kimi, yeni təlim metodlarına əsasən də, şagirdləri döymək olmaz.  Müəllimlər var ki əlavə dərs tapşırıqları verirlər. Sovet rejimi olmadığı üçün də biz bu məsələyə - dərs yükü təminatına toxuna bilmərik. Məncə, müəllim müəyyən situasiyadan istifadə etməklə dərsi təşkil etməyi bacarmalıdır. Nadinc və dərsini oxumayan uşaqlarla bağlı isə həftəsonu valideyn iclası və Pedaqoji Şurada müzakirəyə qoyulmalıdır”.

Şagirdlərini idman etdirərək“cəzalandıran” müəllim…

Məcid Musayev – “Şagirdlər dərslərini yaxşı oxumadıqda onları yaxşı oxuya biləcəklərinə inandırıram. Bunun üçün onların bütün imkanlarından istifadə etmələrini üzə çıxarıram. Elə bir cəza heç düşünməmişəm, amma misal üçün, heç oxumayan şagirdləri idman etdirərək cəzalandırdığım məqamlar olub”.