Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 15:32:00
Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

2019-cu ildə buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək.

Yeni modelin detalları isə hələ ictimaiyyətə  elan olunmayıb. Abituriyentlərə qaranlıq qalan məqamlarda biri də buraxılış və qəbul imtahanlarında xarici dilin seçilməsiylə bağlıdır.

AzEdu.az bunu nəzərə alaraq, yeni model əsasında keçiriləcək imtahanlarda xarici dil seçimi ilə bağlı vacib məqamları izahlı formada diqqətə çatdırır:

Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi məktəbdə onlara tədris olunan və məktəb tərəfindən "Şagird-məzun" sisteminə daxil edilən xarici dil fənnindən imtahan verəcəklər.

İzahı: Yəni məktəbdə xarici dil kimi sizə hansı fənn tədris olunubsa, imtahanı da o fəndən verəcəksiniz.

Ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahanın nəticələri nəzərə alınacaq.

İzahı: Ali məktəbə daxil olmaq üçün buraxılış və qəbul imtahanının nəticələri toplanacaq. Buraxılış imtahanını məktəbdə sizə keçirilən fəndən verəcəksiniz ki, buraxılış nəticəniz də qəbul balınızın üzərinə gələcək.

Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq.

İzahı: Məsələn, deyək ki, məktəbdə sizə ingilis dili tədris olunub, amma siz qəbul imtahanınızın nəticələrinə ingilis dilindən deyil, rus dilindən topladığınız balın əlavə olunmasını istəyirsiniz. Bu zaman məktəbdə keçdiyiniz  xarici dil fənni üzrə məcburi buraxılış imtahanı verməlisiniz. Lakin DİM sizə şərait yaradır ki, seçdiyiniz fəndən, yəni rus dilindən əlavə imtahan verəsiniz.

Əlavə imtahan verməyin üstünlüyü nədir?

Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq.

İzahı: Buraxılış imtahanında verdiyiniz xarici dilin yox, əlavə imtahan verdiyiniz dilin balı ümumi qəbul balınızın üzərinə gələcək.

Buraxılış+qəbul=ümumi nəticə

Buraxılış= Azərbaycan dili, Riyaziyyat, Xarici dil.

Xarici dil=Heç bir əlavə seçim etmədən buraxılışda imtahan verdiyiniz dil və ya seçim edərək əlavə imtahan verdiyiniz dil.

Xarici dil seçimi üçün DİM-ə ərizə yazmaq tələb olunmur. Məktəb tərəfindən hansı xarici dil "Şagird-məzun" sisteminə daxil olunursa, şagird həmin xarici dil fənnindən imtahan verir.Yəni, şagirdin imtahan verəcəyi xarici dili məktəb müəyyən edir.

İzahı: Hələ də hansı xarici dildən imtahan verəcəyinizə əmin deyilsinizsə, məktəbinizdən bu barədə məlumat ala bilərsiniz.

Tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər IX və XI sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verəcəklər.

İzahı:Rus bölməsində təhsil alan şagirdlər IX və XI sinif buraxılış imtahanlarında Azərbaycan dilin fənnin də imtahan verməlidirlər.

Xatırladaq ki, XI siniflər üzrə buraxılış imtahanları 2019-cu ilin aprel ayında keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları