Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 17:00:00
Tələbələri uğura daşıyan sadə və möcüzəli üsul – Zaman və enerjinin düzgün idarəsi

Stol arxasına əyləşdikdən qısa müddət sonra dərs oxumaqdan yorulursunuzsa  və ya çox çalışmağınıza baxmayaraq, proqramı çatdıra bilmirsinizsə, deməli, zamanın düzgün bölünməsiylə bağlı ciddi problemləriniz var.

Heç vaxtınızı düzgün planlaşdıraraq daha yaxşı nəticə əldə edə biləcəyinizi düşünmüsünüzmü?

AzEdu.az-ın hazırda təqdim edəcəyi yazının əsas məqsədi də zamanın düzgün qurulmasını təmin edən və daha effektli nəticə almağımıza köməkçi olan Pomodoro üsüluyla bağlıdır.

Pomodoro  nədir?

1980-ci illərdə Fransesko Kirillo adlı tələbə vaxtını düzgün dəyərləndirmədiyinin fərqinə varır və problemi həll etmək üçün düşünməyə başlayır. Mətbəxdə hər ədviyyatın  necə mərhələli şəkildə yeməyə əlavə edildiyini ağlına gətirir. Bu ilkin məntiq üzərində çalışır və hər 25 dəqiqədən bir, 5 dəqiqə dincəlmək şəklində dörvetmə zamanı yaradır. Hər 30 dəqiqəlik periyoda  “pomodoro” deyilir.

Pomodoro metodu ilə məhsuldar nəticə əldə etməyin yolları hansılardır?

Gələk, işin əsas qisminə. Yazını oxuduğunuz zaman bəzi nüanslar sizə qəribə görünə bilər. Lakin metod düşündüyünüzdən bir qədər fərqlənir. Çünki pomodoro metodu sizə fikrinizi başqa yerə yönləndirmədən dincələrək daha məhsuldar nəticə əldə etməyinizə yardımçı olur. Yəni, pomodoro sadəcə 25 dəqiqədən bir 5 dəqiqəlik istirahətlə vaxt öldürmək demək deyil.

Bu üsulla faydalı dərs oxumağın yollarını aşağıdakı şəkildə sistemləşdirdik:

Birinci addım: Oxuyacağınız mövzunu və ya vaxtı təyin edin. Məsələn, X mövzusunda oxumalı olduğunuz 50 səhifə var. Bunun üçün sizə 50 dəqiqənin yetərli olacağını düşünürsünüzsə, deməli, 2 pomodoro seansı kifayət edəcək.

İkinci addım: Hər seansa 5 dəqiqəlik fasilə verməyi unutmayın. Seanslar 5 dəqiqədən artıq olmamalıdır. Fasilə zamanı sosial şəbəkələrdən, hətta telefondan belə uzaq durmalısınız. Dincələrkən dərs haqqında heç nə düşünməyin. Evin içində gəzmək, hava almaq və su içmək məsləhət görülür.

Üçüncü addım: Pomodoro metodundan və dərsi bitirdikdən sonra ehtiyacınıza görə 15 və ya 30 dəqiqə arasında uzun fasilə verin. Fasilədə istədiyinizi etməkdə azad olsanız da, fikrinizi yayındıracaq hər hansı hadisədən uzaq durmağınız tövsiyə olunur.

Dördüncü addım: Gündə 8 və ya 16 pomodoro seansı yetərlidir. Amma daha çoxunun da heç bir ziyanı yoxdur.

Beləliklə, yuxarıda sadalanan 4 sadə addımla oxuduğunuz mövzunu daha yaxşı mənimsəyə bilərsiniz. Ancaq diqqət etməli olduğunuz əsas məqamları yaddan çıxarmayın:

5 dəqiqəlik seanslarda dərslə əlaqəli heç nə düşünməyin!

25 dəqiqəlik seans boyu diqqətinizi heç nəyin  dağıtmasına icazə verməyin. Fikrinizi işinizə və ya dərsinizə yönəldin.

Gördüyünüz işi düzgün planlaşdırın.

Hər hansı səbəbdən seansınız yarımçıq qalarsa, bunu mütləq özünüz üçün qeyd edin.

Günlük, həftəlik analizlər edin. Hədəflərinizi müəyyən edin və bu istiqamətdə çalışın.

Zamanlama necə qurulur?

Pomodoronu planlaşdırmaq üçün ən sadəcə versiya telefonda kronometlərdən istifadə etməkdir. Daha geniş versiya istəyirsinizsə, Google Play və ya App Store-da “Pomodoro Timer” yazaraq istədiyiniz proqramı yükləyə bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları