Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 13:47:00
Azərbaycan universitetlərinin kitabxana fondu nə qədərdir? – İnanmayacağınız fantastik rəqəmlər

Ölkəmizdə sovet dövründə universitetlərin zəngin kitabxanaları olub. Müstəqillik dövründə də bu sahəyə xüsusi diqqət var. Xüsusən, elektron kitabxanaların sayı gündən-günə artır və zənginləşir.

Maraqlıdır, Azərbaycan universitetlərinin kitabxanalarında nə qədər kitab var?

AzEdu.az bununla bağlı bir neçə ali məktəblərlə əlaqə yaradıb.

684.772...

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov:

“Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin fondunu 684.772 nüsxə ədəbiyyat, o cümlədən kitab və kitabçalar, jurnallar, dissertasiyalar, avtoreferatlar, universitet müəllimlərinin elmi-tədqiqat işləri, dərslik və dərs vəsaitləri təşkil edir.

ADPU-nun Kitabxana-İnformasiya Mərkəzi həcminə görə, respublikamızın universitet kitabxanaları arasında ikinci yerdədir. Kitabxana-İnformasiya Mərkəzi 5 şöbəsi, 27 əməkdaşı ilə oxuculara xidmət edir. Kitabxana-İnformasiya Mərkəzinin oxucularının sayı 11299 nəfərdir. 2 ixtisaslaşmış xidmət şöbəsi: dəqiq və humanitar elmlər şöbələri var. 3 tədris binasında kitabxana və oxu zalı fəaliyyət göstərir. Kitabxana-İnformasiya Mərkəzinin 230 yerlik oxu zalları oxucuların istifadəsindədir. ADPU-da elektron kataloq yaradılıb, elektron kitabxananın yaradılması istiqamətində işlər uğurla davam edir”.

106.000...

Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza:

“Bakı Mühəndislik Universitetinin kitabxana fondunda hazırda 106.000-ə  yaxın kitab və jurnal mövcuddur. Bunlardan 18.000 Azərbaycan, 28.000 türk, 32.000 ingilis, 2000 rus, 1000 ərəb-fars, 150 alman, 90 fransız, 103 ispan dilli  ədəbiyyatın və digər azsaylı xalqların dillərinin (özbək, türkmən, qırğız , ukrayna və s. ) payına düşür. Kitabxanamız onlayn sistem üzərindən fəaliyyət göstərir, tələbələr, müəllimlər kitabları online sifariş verməklə əldə edirlər. Sifarişlər maksimum 15 dəqiqə ərzində hazır olur. Sifarişin qüvvədə olma müddəti 24 saatdır.

Tədris prosesində keçirilən fənlər üzrə istifadə olunan dərslik və dərs vəsaitləri ilə kitabxana tələbələri pulsuz təmin edir. Kitabxana fondunda 5000-dən çox dərslik mövcuddur. Universitet əməkdaşları ilə yanaşı, digər müəlliflər tərəfindən nəşr olunan tədris-metodiki vəsaitlər də tədris olunan fənlərə dair  informasiya mənbələrin kifayət qədər olmasına və müasirləşməsinə səbəb olur. Universitetdə mövcud olan ixtisaslara aid kitablarımız öz aktuallığl ilə seçilir və tələbə-müəllim kontingenti tərəfindən istifadə olunur. Bundan əlavə, universitetimizin kitabxanası digər yerli universitetlərlə əməkdaşlıq edir”.

48.000...

Bakı Avrasiya Universitetinin rektor köməkçisi Şəfayət Avılbəyli:

“Kitabxana fəaliyyətdə olduğu dövrdən bütün istiqamət və ixtisasları əhatə edən dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, jurnallar, audiovizual materiallarla təchiz olunub. Hər il ərzində kitabxana fondu yeni kitablarla daha da zənginləşdirilir. Hazırda fondda 48 min kitab, o cümlədən, Axundov kitabxanası,  Yakın Doğu Universiteti ilə müqaviləmiz əsasında bu universitetin fonduna daxil olmaq imkanımız var. Onu da qeyd edim ki, Yakın Doğu Universitetinin təkcə kitabxana fondunda 1,000,000  açıq rəfli kitab tutumu var. Eyni zamanda, 150.000.000-dən çox elektron jurnal, 7000 DVD və digər elektron resurslarından istifadə edirik”.

65.000...

Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov:

“Hazırda Qərbi Kaspi Universitetinin kitabxanası 65.000-dən çox ədəbiyyat, 550-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 17 000-dən çox ədəbiyyat mövcuddur.

Eyni zamanda, universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.

Kitabxananın EBSCO-nəşriyyatının EBSCOhost və OPscience, The Royal Society, Open Access books to DOAB tam mətnli onlayn məlumat bazalarına çıxış var. Məlumat bazalarında 9.000 jurnal (onlardan 7851-i resenziya olunan) ictimai, humanitar, kompüter, mühəndislik, (neft, qaz, və s.) fizika, kimya, nəqliyyat, və s. sahələri əhatə edən jurnalların yerləşdiyi verilənlər bazası və onların seçilmiş sayına CD/DVD formatında təminatı və 3000-dən artıq tam mətnli kitab və broşüralar və s. informasiya resurslarından istifadə təmin olunub”.

517.530...

Azərbaycan Memarlıq və İnşaat Universitetinin elektron kitabxanasının müdiri Aytən Rəhmanova:

“Kitabxana 1977-ci ildə yaranıb. Hazırda fondunda 517.530 nüsxə ədəbiyyat, jurnal və referatlar var. Kitabxananın 2  abonementi, 5 qiraət zalı, memarlığa dair metodiki kabinet, nadir kitab fondunun, dissertasiya və avtoreferatların qorunduğu arxiv var. Hazırda Universitetin kampusunun I və II korpusunda yerləşən kitabxananın 4 şöbəsi, 2 filialı fəaliyyət göstərir ki, bunların da başlıca vəzifəsi bacarıqlı mütəxəssis hazırlanmasına kömək etməkdir. Universitetdə həmçinin tələbə və müəllimlər üçün nəzərdə tutulmuş elektron kitabxana fəaliyyət göstərir.

AzMİU-nun elektron kitabxanası tədris prosesində və elmi fəaliyyətdə istifadəçilərin informasiya ehtiyaclarını təmin etməyə yönəldilib. Burada elm və texnologiyanın müxtəlif sahələri, normativ-texniki və dövri nəşrlər, dissertasiyaların avtoreferatları, universitet tarixinə dair sənədlər və digər materiallar üzrə dərs vəsaitləri və elmi ədəbiyyatlar mövcuddur. Onların bir çoxu AzMİU-da nəşr olunub.Elektron Kitabxananın resursları AzMİU-nun Əsas Kitabxanasının vahid fondunun bir hissəsidir”.

700.000...

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti:

“Azərbaycan  Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası 1920-ci ildə Bakı Texniki Məktəbinin nəzdində təşkil edilib. Həmin dövrdə kitabxananın kitab fondu 6500 nüsxə və oxucusu 300 nəfər olub. Hazırda Əsaslı kitabxananın 700 minə yaxın kitab fondu var. Fond zəngin və universal olmaqla azərbaycan, rus,xarici dillərdə olan kitablardan, jurnal və dövri mətbuatdan,standart və patentlərdən,elektron daşıyıcılar və digər çap məhsullarından ibarətdir”.

42.100...

Azərbaycan Universiteti:

“Universitetdə tədris və tədris-metodiki informasiyanın əsas mənbəyi 42 min 100 nüsxə saxlama vahidi olan kitabxana fondudur. Kitab fondu əsasən dərsliklər və dərs vəsaitləri, tədris-metodiki, sorğu və elmi-siyasi ədəbiyyatlar, həmçinin bədii-publisistik və digər normativ hüquqi, fəlsəfi əsərlərdən ibarətdir. Fonda daxil olan kitablardan 12 min 900 nüsxəsi tədris ədəbiyyatlarını, 18 min 300 nüsxəsi müxtəlif sahələri əhatə edən elmi ədəbiyyatları, 2 min 500 nüsxəsi normativ-sorğu ədəbiyyatlarını, 8 min 400 nüsxəsi universal ədəbiyyatı, 120 nüsxəsi isə elektron ədəbiyyatı əhatə edir”.

462.000...

Azərbaycan Dillər Universiteti kitabxanasının müdiri Cəmilə Əliyeva:

ADU-nun kitabxanası zəngin kitabxana fonduna malikdir. Kitabxananın fondunda ümumilikdə 462 mindən çox kitab var. Geniş oxucu auditoriyasına malik olan universitet kitabxanası professor-müəllim heyətinə, tələbə kontingentinə və bütün texniki işçilərə xidmət edir. Hazırki vəziyyətdə kitabxanada oxucularının sayı7.794 nəfərdir ki, bunların 1394 nəfəri professor-müəllim, işçi, 6.400 nəfəri tələbədir. Kitabxanamızda hansı kitabların olduğunu oxucu öyrənməsi üçün “adu.edu.az.elektron kitabxana” ünvanında kataloq bölməsində axtarış edə bilərlər.