Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 11:54:00
Dil-ədəbiyyat fənninin kurikulum suallarının abituriyentlər üçün yaradacağı rahatlıq – Müəllimdən  “təsəlli”

“Sınaq imtahanına düşən suallar şagirdlərdən qrammatika ilə bağlı elmi-məntiqi təfəkkür tələb edir. Belə suallar abituriyentlərin idraki bacarığını nümayiş etdirir. Bundan başqa, açıq tipli suallarda şagirdlər müəyyən çətinlik çəkə bilərlər”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İsmayıllı rayon İstisu kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Məcid Musayev deyib. Onun sözlərinə görə, imtahanda çox az da olsa, çətin suallara rast gəlinirdi:

“Sualların proqrama və qəbul modelinə uyğunluğu var. Ancaq müəyyən qisim diqqətimi çəkdi. Bu o suallardır ki, şagirdlərdən qrammatika ilə bağlı elmi-məntiqi təfəkkür tələb edir. Belə suallar abituriyentlərin idraki bacarığını nümayiş etdirir. Bundan başqa, açıq tipli suallarda şagirdlər müəyyən çətinlik çəkə bilərlər.

Ancaq diqqətli olsalar, bu sualları cavablandırmaq onlar üçün çətin olmaz. Sınaq imtahanında Venn diaqramı üsuluyla düşən suallar da var idi. Mövzunu mükəmməl bilən şagird üçün heç bir çətinlik yaratmayacağına inanıram. Çünki məktəbdə şagirdlər kifayət qədər Venn diaqramı ilə olan tapşırıqlar icra edirlər”.

Məcid Musayev sınağa ədəbiyyat fənni üzrə düşən sualları da təhlil edib:

“Ədəbiyyat üzrə proqramda təsdiq olunan siniflər üzrə mövzu sualları salınıb. Bu da onu deməyə əsas verir ki, qəbul imtahanlarında aşağı siniflərdən sualların düşməsi qaçılmazdır. Abituriyentlər birmənalı şəkildə ədəbiyyat fənni üzrə aşağı siniflərdəki mövzuları mükəmməl mənimsəməlidirlər. Burada da suallar qarışıq tipli və əhatəli olaraq salınıb. Mövzuları bilən abituriyent üçün sualların çətinlik yaratmayacağına inanıram”.

Xatırladaq ki, 28 oktyabrda yeni qəbul modelinə uyğun sınaq imtahanı keçirilib. İmtahanın yoxlanılması vaxt tələb etdiyindən cavabların yaxın 10 gün ərzində elan olunacağı bildirilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları