Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 17:00:00
Yüksək balla qəbul olunduğu universitetləri tərk edən tələbə - “Kurikulum ciddi düşüncə tələb etmir” 

“Ənənəvi sistemdə sual cümlələrlə ifadə olunurdusa, kurikulum sistemində sualların əksəriyyəti qrafiklərdən ibarətdir. Bu suallar ciddi düşüncə qabiliyyəti tələb etmir və orta səviyyəli məntiqə sahib abituriyent rahatlıqla onları  cavablandıra bilər”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı bir neçə dəfə yüksək balla daxil olduğu ali məktəbdən imtina edən və builki qəbul imtahanında 675 bal toplayaraq Bakı Mühəndislik Universitetinə qəbul olunan Zöhrə İsmayılova deyib. O, kurikulum əsasında hazırlanan dərsliklərindən xəbərdar olduğunu bildirib:

“Mənə elə gəlir ki, suallar dərsliklərə tam uyğundur. Tapşırıqların içərisində qeyri-adi sual görmədim. Ənənəvidən fərqli olaraq suallar qrafiklər, cədvəllər üzərində qurulub. Ənənəvi sistemdə sual cümlələrlə ifadə olunurdusa, kurikulum sistemində əksər sual qrafiklərdən ibarətdir. Bunlar ciddi düşüncə qabiliyyəti tələb etmir və orta səviyyəli məntiqə sahib abituriyent rahatlıqla cavablandıra bilər”.

Zöhrə İsmayılova xeyli vaxt aparan tapşırığa rast gəldiyini vurğulayıb:

“Sualların həlli mərhələli olduğundan müəyyən qədər vaxt tələb edir. Yeni modelin suallarını daha çox bəyəndim. Bizim sistemdə tapşırığı oxuyurduq və oxuduğumuz mətni canlandırmağa, təsəvvür etməyə çalışırdıq. Yeni modeldə isə bunlar hazır şəkildə şagirdə təqdim olunur.

Fizika fənnindən cihazların şəkillərini belə verərək tapşırığı göz önünə qoyublar.  Bəzən elə uşaqlar olurdu ki, məsələnin həcminin böyüklüyündən oxumağa səbrlərinin çatmadığını söyləyirdilər. Sınaq imtahanının suallarında isə böyük mətn görmədim”.

Xatırladaq ki, dünən ali məktəblərə qəbul imtahanı modelində sınaq imtahanı keçirilib. Abituriyentlərin əksəriyyəti imtahan suallarının çətinliyindən şikayətləniblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları