Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 13:02:30
“Qızları qorxudurlar ki, universitetə daxil olmasan, səni 40 yaşlı kişiyə ərə verəcəyik” –Abituriyent təlimçisiylə MÜSAHİBƏ

Adil Vəliyev – “Şagird nəticəsinin 150 bal olduğunu öyrənəndə, valideyn deyir ki, get, özünü öldür”

“Azərbaycanda çox az, 3-4 universitet kurikulum sistemi əsasında işləyir”

“Bəzi universitetlərdə I qrup üzrə 20-25 ixtisas olur. Hansı ki həmin ixtisas üzrə məzun olanda tələbənin harda çalışacağı məlum deyil”

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı Adil Vəliyev deyib.

DOSYE: Adil Vəliyev Amerikanın Vircinya Universitetinə və keçmiş Qafqaz Universitetinə daxil olsa da təhsilini müəyyən səbəblərdən davam etdirə bilməyib. Bu səbəbdən Azərbaycan Kooperasiya Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. Bir neçə ildir ki, orta məktəblərdə və digər təhsil müəssisələrində abituriyentlərə ixtisas seçimiylə bağlı təlimlər, seminarlar keçir.

AzEdu.az Adil Vəliyevlə müsahibəni təqdim edir.

- Adil bəy, kurikulum əsasında keçiriləcək yeni qəbul qaydalarının əsas məqsədi əzbərçiliyi aradan qaldırmaqdır. Sizcə, yeni model imtahanlar qarşıya qoyulan məqsədə çatmaqda nə dərəcədə effektli olacaq?

-Məncə, yeni qəbul modeli əzbərçiliyi aradan qaldıracaq. Məsələn, əvvəl abituriyentə bir sual üzrə 5 variant təqdim olunurdu. Şagird variantlara baxanda sualın cavabını təxmini tapa bilirdi. İndi isə açıq suallar belə abituriyentdən açıqlama istəyəcək. Sən aldığın cavabın da izahını vermək məcburiyyətindəsən.

-Əvvəlki qəbul imtahanlarında məsələn,  200 bal toplayan abituriyentlə yeni qəbul modeli əsasında keçiriləcək imtahanda 200 bal toplayan arasında hansı fərqlər olacaq?

- Yeni imtahanda 200 ballıq tələbə açıq tipli sualların əksəriyyətini yaza bilməyəcək. Əvvəlki qayda elə idi ki, şagird bilmədiyi sualların bir neçəsinə özündən variant seçirdi  və təsadüfən düz çıxaraq,  200 bal toplaya bilirdi. Bu mənada 200 ballıq tələbənin açıq tipli suallara cavab yaza biləcəyinə inanmıram. 550-dən yuxarı bal toplayan adətən, tapşırığı həll etdikdən sonra cavabı düşünürdü. 200 bal toplayan şagird isə cavaba baxaraq nəticəni təxmin edir. 5 ildir ki, abituriyentlərlə işləyirəm. Seminarlarda belə halların tez-tez şahidi oluram.

2019-cu ildə buraxılış imtahanlarının məzmununda da bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bütün yeniliklərin bir il ərzində elan olunması, vacib detalların öz təsdiqini gec tapması şagirdlərin psixoloji vəziyyətinə, yaxud imtahan nəticələrinə təsir edəcəkmi?

Bir çox məktəb son texnoloji avadanlıqlarla təmin olunsa da, bu cihazlardan demək olar ki, istifadə olunmur. Qeyd etdiyiniz dəyişikliklərdən biri də buraxılış imtanlarına “listening” (dinləmə mətni) nin əlavə olunmasıdır. Yaşlı nəsil yeniliyi öyrənməyə can atmır və təqaüd yaşlarının çatmasını gözləyirlər. Məncə, buraxılış imtahanında edilən yeniliklər şagirdləri həyəcanlandıracaq, onların qiymətinə də təsir göstərəcək.

Ən aktiv Tələbə Həmkarlar İttifaqı bu universitetə məxsusdur – AzEdu.az-ın sorğu nəticələri

“200 bal toplayan elə şagird var ki, ali məktəbdə ixtisası üzrə birinci olur”

-Yeni qəbul imtahanında hər kəs eyni qaydalarla imtahan verəcək. Bu o deməkdir ki, ənənəvi sistemdə təhsil alan əvvəlki illərin məzunları tamamilə yeni standartlar əsasında imtahan verməyə məcburdurlar...

-Kitabların içində, dərslərin məzmununda dəyişilən heç nə yoxdur. Sadəcə olaraq, sistem dəyişir. Hansı ki bu sistemi, sualların tipini uşaqlara 1 həftə içində başa salmaq olar. İmtahan sistemi incə detalları ilə şagirdə izah olunsa, heç bir problem yaşanmaz. Amma Azərbaycanda xeyli sayda məktəb var. Şagirdlərin sayı kifayət qədər çoxdur. 1 il yeni modelə hazırlaşmaq üçün kurikulum standartları ilə imtahan verənlər üçün belə az müddətdir.

-Bəs, müəllimlər özləri imtahana düşəcək situasiya və digər yeni tipli suallarla işləmə qabiliyyətinə malikdirlərmi?

-Yeni qəbul qaydalarına keçmək üçün 1 il çox az müddətdir. Reallıq budur ki, gənc nəsil müəllimlər bu qaydalara hazır səviyyədədirlər. Onlar ən pis halda universitetdə təhsil aldıqları zaman III və ya IV kursda yenilikləri mənimsəyirlər. Universitetdə texnoloji bilgilər aşılanmasa belə hazırki gənclik yeniliyi öyrənməkdə maraqlıdır. Məsələn, əvvəl Kimya müəllimi, yalnız öz ixtisasından imtahan verirdisə, hazırki şəraitdə o “ağıllı lövhə” və kompüterlə işləməyi də bacarmalıdır.

Şagirdlərin yeni qəbul qaydalarına hazırlaşmasında yaşlı nəsil çox əziyyət çəkir. Bu imtahanlarda onlar uşaqlara kömək edə bilməyəcəklər. Abituriyentlərə indiki gəncliyin xeyri daha çox dəyəcək. Yaşlı müəllimlərin bildikləri bir qayda var. Onlara sübutu göstərsən də deyəcəklər ki, mən 40 ilin müəllimiyəm mənə fənnimi öyrədəcəksən? Amma reallıq budur ki, yaşlı müəllimlərin, xüsusilə bölgələrdə çalışanların MİQ imtahanlarında göstərdikləri nəticə çox aşağı olur. 

-Bu gün universitetlərimiz 200, hətta 150 balla tələbə qəbul edirlər. 200 balla ali məktəbə qəbul olunan tələbəni gələcəyin mütəxəssisi kimi yetişdirmək mümkündürmü?

 - Elə savadlı uşaqlar var ki, imtahanda bildikləri sualların cavablarını qeyd edərkən sürüşdürürlər. Nəticədə balları aşağı olur. Seminarlarda uşaqlara həyəcanlanmamağın, sürüşdürməməyin yollarını başa salırıq. Əvvəl müxtəlif kurslarda çalışmışam. Dərs dediyim şagirdin nəticələrini yoxlayanda onun savadına bələd olduğumdan bildiyi sualı yanlış qaraladığının şahidi olmuşam. 200 bal toplayan elə şagird var ki, ali məktəbdə ixtisası üzrə birinci olur. Əsas olan həvəs, istəkdir.

“Ali məktəblərdə dərslər ənənəvi qaydalarla keçirilir”

-İxtisas seçimi zamanı abituriyentlərə seminarlar, təlimlər keçmisiniz. Bu sahənin mütəxəssisi kimi, sizcə, gələcəyin ən perspektvli ixtisasları hansılardır?

-I ixtisas qrupunda Logistika və nəqliyyat texnologiyaları, həmçinin kompüter mühəndisliyi perspektivli ixtisaslardandır. Bəzi universitetlərdə I qrup üzrə 20-25 ixtisas olur. Hansı ki, həmin ixtisas üzrə məzun olanda tələbənin harada çalışacağı məlum deyil. Əmək bazarını fikirləşən, tələbənin ixtisası üzrə gələcəkdə işləyib-işləyə bilməyəcəyini düşünən çox az adam var. Həmin ixtisasları toplasan, gələcək üçün lazımlı 5 ixtisas ancaq olar. Digər problem isə universitetlərdə ənənəvi qaydalarla dərslərin keçirilməsidir. Azərbaycanda çox az, 3-4 universitet kurikulum sistemi əsasında işləyir.

I ixtisas qrupu üzrə sistemlərin avtomatlaşdırılması mühəndisliyi, II qrup üzrə Maliyyə və sənayenin təşkili və idarə olunması ixtisasları gələcək vəd edir. Məsələ budur ki, abituriyentlər ixtisaslardan məlumatsızdırlar. Əvvəlcə ixtisas abituriyentə başa salınmalıdır.

- Kurikulumun orta məktəblərdə tədris olunmasının əsas səbəblərindən biri məktəb həyatını həyat məktəbinə çevirə bilməkdir. Bu mənada, kurikulum öz işini layiqincə yerinə yetirə bilirmi? Orta məktəblərdə dərs sistemi düzgün seçilmir. Bizim vaxtımızda aşağı siniflərdə sadəcə bir neçə fənn tədris olunurdu. I sinif şagirdi oxuma-yazma bilməlidir. Hazırda isə I sinifdə təhsil alanlara İnformatika, İngilis dili keçirlər. Uşaqlar belə fənlərlə yüklənib. Orta təhsilimi liseyində almışam. Yuxarı siniflərdə dərslər sayısal və sözəl olmaqla iki yerə bölünürdü. Sayısala texniki fənlər, sözələ humanitar fənlər aid idi. XI sinifdə bu fənlər ayrılırdı və hər kəs öz istiqamətini müəyyən edirdi. Bizdə isə vəziyyət tam başqadır. Məktəb bir tərəfdən, kurslar isə digər tərəfdən şagirdi sıxışdırır. Məktəbdə məcbur olub bütün fənləri yaxşı oxumalı, tapşırıqları yerinə yetirməlisən. Çünki artıq attestat qiyməti də ali məktəbə qəbul olunmaq üçün lazımlıdır. Ona görə də III ixtisas qrupuna hazırlaşan riyaziyyatı oxumaq məcburiyyətindədir. Bu çətinliklər aradan qalxmalıdır. Abituriyent I qrupa hazırlaşırsa, yuxarı siniflərdə də bu üzrə təhsil almalıdır. Şagirdi çox əziyyətə salırıq.

-Ali məktəbə qəbul olunan tələbələrdə sadaladığınız problemlərin fəsadlarıyla qarşılaşırsınızmı?

-Sadaladığım problemləri tələbələrin hamısında görürük. İxtisas seçimi edəndə atası başqa, övladı başqa ixtisasların seçilməsini istəyir. Valideyn arzularını, özünün eləyə bilmədiklərini uşağın üstündə tətbiq etmək istəyir. Valideyn deyir ki, bir oğlum var, arzum onun filankəs olmasıdır. Uşaqda özgüvən olmalı, özü öz ixtisasını araşdırmalıdır.

 “İxtisas seçimi edərkən 150 bal toplayan abituriyentin valideyni siz məsələni həll edin, mən uşaqla pulu göndərirəm deyir”

-Burdan belə nəticəyə gəlmək olar ki, abituriyentlərin intihar etməsində əsas səbəbkar, məhz valideynlərdir...

-Bəli! Ana deyir ki, bala, atanın ürəyi xarabdır. Əgər universitetə qəbul olunmasan, infarkt keçirib öləcək. Ata deyir ki, anan yaman xəstədi, az bal toplasan, dözə bilməyəcək. Beləliklə, şagird imtahana gedəndə tək imtahan stressiylə üz-üzə qalmır. Abituriyentin bildikləri də başında qarışır. Bəzən elə olur ki, imtahanın cavabını belə gözləmədən intihar edirlər. Hər imtahanda kimsə özünü qatarın altına, yaxud da binadan aşağı atır. Qızları qorxudurlar ki, universitetə daxil olmasan, səni 40 yaşlı kişiyə ərə verəcəyik. Bu cür yanaşmalar yanlışdır. Bu il daxil olmadı, gələn il olacaq. Hazırda bacarıqlı maşın ustasına, dərziyə də ehtiyac var. Hökmən deyil ki, övladınız ya müəllim, ya da vəkil olsun. Hər kəs ali təhsilli olacaq deyə qayda yoxdur. Görsəniz ki, övladınız oxuduğunu dərk edə bilmir, məcbur etməyin. Qızdırsa, dərziliyə, tibb bacılığına yönəldin. Övladınızın fikirlərinə önəm verin. Əsas intihar hadisələri məhz, imtahanlardan sonra başlayır. Şagird nəticəsinin 150 bal olduğunu öyrənəndə, valideyn deyir ki, get, özünü öldür. Nəzərə alın ki, qarşınızdakı şəxsin 18 yaşı olsa da, hələ uşaqdır. Hər yaşda inkişaf prosesi fərqli gedir. 

İxtisas seçimi edərkən 150 bal toplayan abituriyentin valideyni siz məsələni həll edin, mən uşaqla pulu göndərirəm deyir. Bir sözlə, valideyn hər şey edər, təki övladı ali məktəbə daxil olsun. Qohumlar soruşanda oğlunun 150 yox, 500 bal topladığını deyəcək. Təki daxil olsun və mənim adımı batırmasın. Çünki filan yerin rəisiyəm, uşağım universitet oxumalıdır.

-Təhsil Nazirliyinin qəbul etdiyi yeni qanuna əsasən kolleci bitirən tələbələr heç bir imtahan vermədən ixtisaslarına uyğun ali təhsil müəssisələrinə qəbul oluna biləcəklər. Sizcə, bu qanun müsbət nəticələr doğuracaqmı?

-Zənnimcə, qərarın nəticələri o qədər də yaxşı olmayacaq. Məsələn, Tibb Kollecinə daxil olmaq o deməkdir ki, abituriyent keçid balını keçə bilməyib. Kollecdə ona Tibb Universitetinə daxil ola biləcəyi səviyyədə dərs keçirilmir. Bir tanışım 3 il Tibb Universitetinə daxil olmaq üçün imtahan verdi. Nəhayət, üçüncü il daxil oldu. Hazırda Türkiyədə uzmanlıq oxuyur. Kolleci bitirib universitetə imtahansız daxil olmaq doğru fikir deyil.

-Adil bəy, fikir vermisinizsə, kolleclərdən məzun olanların sayı artdıqca, işsizlərin də sayı get-gedə artır...

-Kollecləri oxuyanlar fikirləşir ki, universiteti bitirənlər iş tapa bilmirsə, mən bitirib nə edəcəm?! Bu səbəbdən də kollecdə təhsil alanlar dərs oxumurlar. Kolleclərdə tədris sıfır səviyyəsindədir.

- Sonda abituriyentlərə nələri tövsiyə edərdiniz?

- Şagirdlər X sinifdən başlayaraq vaxtlarını düzgün bölməlidirlər. Telefondan, sosial şəbəkədən istifadə etməsələr, daha yaxşı olar. Əsas vaxtlarını dincəlməyə və oxumağa sərf etsinlər. Dincəlməsələr, oxuduqları yadda qalmayacaq. Ali məktəbdə tədris elədir ki, gün ərzində 1 saat zaman ayırmaq kifayət edir. Normalda məktəbdə oxumaq asan, universitetdə oxumaq çətin olmalıdır. Hazırki vəziyyətdə isə şagird orta məktəbin məsələlərini axşama qədər edib bitirə bilmir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları