XƏBƏRLƏR

29.10.2018 10:49
“Dekanımız bəzi geyim formalarına müraciət etməyə icazə vermirdi” - Tanınmış modelyer

“Valideynlər övladlarının  təhsil müəssisəsinə  gedərkən necə geyindiklərinə diqqət etməlidir”

Bunu sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova AzEdu.az-a açıqlamasında deyib.

O, universitetlərdə tələbələrə geyimlə bağlı qoyulan qadağalardan söz açıb:

“Bəzən, bir sıra ali məktəblərə etik olmayan, məkana uyğun gəlməyən geyimlər ola bilər. Bu zaman ali məktəblərin tələbələrə hansısa qadağalar qoyması mümkündür. Bu, bizim oxuduğumuz  illərdə də var idi. Məsələn, dekanımız bəzi geyim formalarına müraciət etməyə icazə vermirdi. Təbii, indi də bu cür hallarla qarşılaşırıq. Düşünürəm ki,  ilk növbədə valideynlər  övladlarının  təhsil müəssisəsinə  gedərkən necə geyindiklərinə diqqət etməlidir”.

G.Xəlilova qeyd edib ki, geyimlə əlaqəli istəklərin olması normal bir şeydir:

“Mən də ali məktəbdə dərs deyirəm. Amma maraqlıdır ki, tələbələrin hansısa qəribə geyim formalarına rast gəlməmişəm. Onlar gündəlik həyatda rahat olan idman, klassik üsluba aid  geyim formalarından istifadə edirlər. Bu baxımdan, qadağalarla bağlı əlavə fikir  demək olmur.

Ümumiyyətlə, insanlar – istər ali məktəbdə oxuyanlar, istərsə də, müxtəlif idarələrdə işləyənlər – hər bir yerin öz geyim qaydalarına riayət etməlidir. Qadağaların olması normal bir şeydir. Universitetlərdə, iş yerlərində  geyimlə bağlı qanunlar, istəklər varsa, buna əməl edilməlidir. Lakin  hansı qadağaların qoyulması da önəmlidir”.