Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 10:00:00
Nüvə fizikasında dönüşün əsasını qoyan avstriyalı fizik nə üçün Nobel mükafatı almadı?

Dünya fizika elminə böyük töhfələr verən, nüvə fizikasında dönüş nöqtəsinin əsasını qoyan və 80 il bundan öncə nüvə parçalanmasını nəzəri cəhətdən izah edən və “Avstriyanın madam Kürisi” adlandırılan avstriyalı fizik Lize Maytnerin vəfatından 50 il ötür. 1968-ci il oktyabrın 27-də mühacirətdə dünyasını dəyişən L.Maytner elmi araşdırmalarına görə Nobel mükafatının bir addımlığına qədər gəlib çıxsa da, komitə onu bu mükafata layiq görməyib.

1934-cü ildə Romada italyan fiziki Enriko Fermi öz eksperimentləri zamanı uranın neytronlarla bombardman edilməsi təcrübələrini aparırdı. Bu zaman təbiətdə rast gəlinməyən daha ağır elementlər tapdığını güman edən alim süni yolla əldə olunan bu radioaktiv elementlərə ümumiləşdirilmiş şəkildə transuran adı verir. Dörd il boyunca heç kim bu hipotezin doğruluğuna şübhə etmir və 1938-ci il dekabrın 10-da Nobel komitəsi italyan alimə bu kəşfinə görə fizika üzrə Nobel mükafatı təqdim edir (radioaktiv izotopların alınmasında Ferminin pioner fəaliyyəti danılmazdır). Lakin cəmi bir neçə həftə sonra yəhudi mənşəyinə görə mühacirətə gedən Lize Maytner nəzəri şəkildə izah edir ki, İtaliya nüvə fizikasının Prometeyi hesab olunan E.Fermi dünyanı heyrətə gətirən eksperimentlərini yanlış interpretasiya edib və əslində yeni elementlər əldə etməyib, “sadəcə olaraq” uranın parçalanmasını həyata keçirib.

Hələ Berlin Universitetində çalışarkən alman alimləri Otto Hahn və Frits Ştrassmann ilə birgə tədqiqatlar aparan L.Maytner 1938-ci ildə alman nasizmindən qaçmaq üçün İsveçə sığınır. Burada berlinli həmkarları ilə məktublaşan əslən avstriyalı fizik onların tədqiqat işlərində qiyabi şəkildə iştirak edir. Alman alimləri uran nüvəsinin neytonlarla bombardman edilməsindən sonra əldə olunan müxtəlif yüklü elementlərin tam izahını verə bilmirlər və O.Hahn öz məktublarında L.Maytnerdən nəzəri izahat xahiş edir. 1938-ci il Milad axşamı qohumu və fizik Otto Robert Friş ilə gəzintiyə çıxan L.Maytner onunla apardığı diskussiya zamanı heç də yeni elementlərin əldə edilmədiyini, bu təcrübələrdə nüvə parçalanmasına nail olunduğunu sübuta yetirir və qısa müddət ərzində nəzəri izahatı hazırlayır. Parçalanma zamanı neytronların yüksək templə hərəkətinin 200 meqaelektonvolt olduğu qənaətinə gələn alim müasir hesablamalara çox yaxın nəticə alır, Berlindəki təcrübələrə fizika qanunları ilə izahat verir. 1939-cu ildə alim neytronların təsiri ilə uranın nüvəsinin parçalanması (iri qəlpələrə bölünməsi) haqqında təsəvvürü elmi əsaslarla isbat edir.

Beləliklə, Lize Maytner və üç alim həmin dövrdə fizika elmində ciddi dönüşə nail olurlar. Lakin 1945-ci ildə Nobel komitəsi bu elmi nailiyyətə görə yalnız Otto Hahnı Nobel mükafatına layiq görür. Səbəb kimi isə L.Maytnerin tədqiqatlarda birbaşa iştirak etməməsi, digər alimlərin isə aparıcı rol oynamamaları göstərildi. Bir çoxları isə bu addımı XIX-XX əsrlərdə qadınların kimya və fizika sahəsində çox az olmaları, cəmiyyətdə və elmi dairələrdə bir qadının fizika sahəsində Nobel mükafatı ala biləcək səviyyədə elmi kəşflər etməsini qeyri-mümkün saymaları ilə izah edir.

Bu gün elm ictimaiyyəti Nobel komitəsinin qeyri-düzgün qərar verdiyinə əmin olsa da, bu, onun elm aləminə verdiyi töhfəyə kölgə salmır. Mendeleyevin elementlərin dövri sistemindəki 109-cu element L.Maytnerin şərəfinə Meytnerium (Mt) adlandırılır.