Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 15:55:00
Avstraliyanın Dubay Vollonqonq Universitetinin prezidenti: UNEC-lə əməkdaşlığa xüsusi önəm veririk

Avstraliyanın Dubay  Vollonqonq Universitetinin prezidenti,professor Mohammad Salem ilə Qlobal Karyera İnstitutunun və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

AzEdu.az xəbər verir ki, bu ali məktəbin rektoru, professor Ədalət Muradov qonaqlara regionun 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti haqqında məlumat verib. UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə bakalavr, magistr pilləsi üzrə ikili diplom və mübadilə proqramlarından söz açan rektor, bu istiqamətlərdə, həmçinin İslam ölkələrinin universitetləri ilə əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib. Rektor UNEC-də dünyanın bir çox dövlətləri ilə yanaşı, müsəlman ölkələrindən də tələbələrin təhsil aldığını vurğulayıb.

M.Salem Vollonqonq Universitetinin təhsil imkanlarından danışıb. Bildirib ki, ölkənin ən qocaman ali təhsil müəssisələrindən biri olan Vollonqonq regionda elmi tədqiqatların tədrisi və innovasiyaların tətbiqi istiqamətində aparıcı mövqe tutur. Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən M.Salem UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, rəhbəri olduğu universitetdə azərbaycanlı tələbələrin də təhsil aldığını qeyd edib.

Təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən bəhs edən O.Həsənoğlu beynəlxalq konfrans, forum və ortaq layihələrin həyata keçirilməsində UNEC-lə əməkdaşlıq etməyin hər iki tərəf üçün uğurlu olacağını bildirib.

Görüşdə universitetlər arasında bakalavr, magistratura və doktorantura pilləsi üzrə ikili diplom proqramlarının təşkili barədə müzakirələr aparılıb. Eyni zamanda, tələbə-müəllim mübadiləsi, biznesin idarə edilməsi (MBA) və “Executive MBA” proqramları istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi, İslam maliyyəsi və bankçılığı sahəsində araşdırmalar və digər məsələlər müzakirə olunub.