Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 16:50:35
Buraxılışda az bal toplayan qəbul imtahanında iştirak edə bilməyəcək? – DİM-in qəti cavabı

Son günlər sosial şəbəkələrdə 2019-cu ildə keçiriləcək yeni model qəbul imtahanları ilə bağlı bir sıra məlumatlar yayılıb.

Valideynlərin sözlərinə görə, bəzi təhsil ekspertləri şagirdlərin buraxılış imtahanlarında əldə etdiyi nəticələr əsasında qəbul imtahanında iştirak hüququ qazanacaqlarını iddia edirlər.

Yəni, abituriyent buraxılış imtahanından az bal toplayacağı təqdirdə qəbul imtahanında iştirak hüququnu itirəcək.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, sosial şəbəkələrdə abituriyentlər arasında yayılan informasiyalar həqiqəti əks etdirmir. Məlumatda qeyd olunub ki, buraxılış imtahanlarının nəticəsindən asılı olmayaraq hər şagird qəbul imtahanlarında iştirak hüququ qazanacaq. Buraxılış imtahanının nəticəsinin şagirdin qəbul imtahanında iştirak hüququnun olub-olmamasında heç bir rolu yoxdur.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları