XƏBƏRLƏR

25.10.2018 16:07
Ucqar bölgədə müəllimlər üçün hazırlıq mərkəzi açan gənc – "Çox peşəkar komandamız var”

“Əksər hallarda müəllimlər seçdiyi yerlərdən imtina edirlər. Nəticədə isə həmin dərs yükü yenidən vakansiyaya çıxarılır.

Bu, vaxt itkisinə və tədrisi ləngidəcək bir sıra səbəblərə gətirib çıxarır.

Ən pisi isə odur ki, düşdüyü yerlərdən imtina edənlər üçün heç bir cəza tətbiq olunmur deyə onlar da bu metodu şans kimi dəyərləndirirlər. Əgər həmin şəxslər barədə müəyyən planlar hazırlansa, imtina edənlər növbəti qəbul imtahanında iştirak hüququndan məhrum olunsalar və bu kimi bəzi konkret tədbirlər həyata keçirilərsə, əminəm ki, öz effektini göstərəcək”.

Bu sözlər gənc müəllim, "Yüksəliş Tədris Mərkəzi"-nin təsisçisi Vahid Fəxrəddinova aiddir.

O,  1993-cü ildə Saatlı rayonunun Sarıcalar kəndində, ziyalı müəllim ailəsində anadan olub. 2000-ci ildə Saatlı rayon şəhid Məleykə Mirzəliyeva adına Sarıcalar kənd tam orta məktəbinə gedib. Məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub. 2011-ci ildən 2015-ci ilədək indiki Quba Dövlət Pedaqoji Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsini yerinə yetirib.

V.Fəxrəddinov təqdimatına əlavə edir:

- 2012-ci ilin aprel ayının 27-də keçirilən tələbələrarası beynəlxalq elmi konfransda "Heydər Əliyev - dövrümüzün mahir natiqi kimi" adlı məqaləmlə Respublika ikinciliyinə yiyələnmiş, fəxri-fərman və diplomlarla təltif olunmuşam. 2012-ci ildən Quba rayon "Şəfəq" qəzeti, "Tərəqqi" qəzeti, "Xınalıq" qəzeti, indiki "Qafqaz" Televiziya və Radio Yayın Şirkətinin Xəbərlər Departamentində xəbər müxbiri vəzifələrində çalışmışam. A. Bakıxanov adına "Gülüstan" elmi-ədəbi məclisinin şair üzvü olmuşam.

2015-ci ildə ali məktəbi bitirib həqiqi hərbi xidmətə yollanmışam. Aprel döyüşlərində yaralı əsgərlərə ilkin təcili tibbi yardım göstərilməsində könüllü xidmət aparmışam.

Ümumiyyətlə, 300-dən çox elmi, ictimai və digər mövzularda olan yazılarım mətbuatda dərc olunub. Saatlı rayonunda fəaliyyət göstərən yeganə tədris mərkəzi - "Yüksəliş Tədris Mərkəzi" MMC - nin təsisçisi və rəhbəriyəm.

AzEdu.az Vahid Fəxrəddinov ilə müsahibəni təqdim edir:

-Vahid bəy, zəhmət olmazsa, rəhbəri olduğunuz tədris mərkəzi barədə ətraflı məlumat verərdiniz…

-"Yüksəliş Tədris Mərkəzi" 2018-ci ilin iyul ayında rəsmi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb. Hələ ki, sadəcə Saatlı rayonunda yerləşir və yerləşdiyi rayonda yeganə tədris mərkəzidir. Müəllimlərin İşə Qəbulu, ixtisasartırma, sertifikasiya, dil və kompüter kursları(sertifikatla), magistr, dövlət qulluğu, direktor və müavinlərin işə qəbulu, məntiq, şahmat istiqamətləri üzrə kadr hazırlığını həyata keçirir. Mərkəz, Saatlıda Mehman Ağayev adına 2 saylı ümumi orta məktəbdə yerləşir. Yaxın günlərdə İmişli rayonunda da fəaliyyətə başlayacaq. Əhatəsində peşəkar komanda və sərfəli qiymətləri birləşdirən tədris mərkəzidir.

- Bildiyimiz kimi, müəllimlərin Sertifikasiyası qaydaları hələki tam işlənib hazırlanmayıb. Bəs siz bu istiqamətdə müəllimləri imtahana necə hazırlaşdırırsız?

-Bildiyimiz kimi, Müəllimlərin Attestasiya imtahanı ləğv olunaraq, Sertifikasiya ilə əvəz olunub. Sertifikasiyanın keçirələcəyi isə, təbii ki, labüddür, qaçılmazdır. Lakin ümumi müddəalar, bu barədə tam olaraq qərarlar hələ qəbul olunmadığı üçün biz də gözləyirik. Zamanla hansı qaydalar tətbiq olunacaqsa, o prosedura uyğun addım atacağıq. İxtisasartırma isə müəllimin istər ixtisas fənlərindən, istərsə də kurikulum, məntiq, İKT, psixologiya və s. digər sahələrdən ən pis ehtimalla minimum nəticə göstərə bilməyi və gələcəkdə minimum bal toplaya bilməyən müəllimlərin üzləşə biləcəyi təhlükələrdən qorunmaları üçün çalışırıq. Bu istiqamətdə hər bir ixtisasdan proqram təminatımız mümkündür.

Mərkəzimizə müraciət edən müəllimlər əvvəlcə, ixtisaslarına görə müəyyən qruplara bölünürlər. Sonra onları MİQ və əvvəlki DQ qaydaları ilə imtahan edir, bu vasitəylə həm ilkin bilik və bacarıqlarını yoxlayır, həm də aybaay keçirilən sınaq imtahanları ilə onların irəliləyiş səviyyəsini izləyirik.

-Tədris mərkəzinə müxtəlif istiqamətlər üzrə tələbat necədir? Sizi qane edirmi?

- Mərkəzimizin fəaliyyəti yeni olduğu üçün, demək olar ki, hələ ümumrayon müəllim kollektivini tam əhatə edə bilməmişik. Bacardığımız qədər təbliğat aparmağa, maraqlanan şəxsləri dərs proseslərinə cəlb etməyə çalışırıq. Əlbəttə ki, maraqlananlar, müraciət edənlər var. Qeyd edim ki, hətta sınaq dərsləri də təşkil edirik. Yəni, istənilən biri yaxınlaşaraq dərs prosesində iştirak edə, bəyənərsə, qalar, bəyənməzsə, gedə bilər. Ayrıca, mərkəz üzvlərinin rahat və zamanında daşınması üçün avtomobillər də ayırmışıq. Ümid edirik ki, zamanla böyük əksəriyyət fəaliyyətimizdən xəbərdar olacaq.

-Təhsildə güzəştə getmək nə dərəcədə doğrudur?

-Təhsildə güzəşt xəyanət deməkdir. Düşünürəm ki, müəllim adının haqqını sonadək verə bilməyən hər bir "müəllim" təhsildən, tədrisdən birmənalı şəkildə uzaqlaşdırılmalı, sərt reaksiyalar görməli və yerlərinə daha məqsədəuyğun müəllimlər təyin olunmalıdırlar. İndi növbə gözləyən yüzlərlə, minlərlə əli diplomlu müəllim var. Deyəcəksiniz ki, imtahanda yaxşı bal toplayardılar, işlə təmin olunardılar. 40, 42, 45 kimi yüksək ballarla təyinat və ya müqavilə həsrətində olan gənc müəllimlərimiz var. O  40, 42, 45 bal toplayan gənclər nə qədər də savadsız olsa, yerlərdə saat davası edən, "36 bal yığmışam, mənə 36 saat dərs ver" deyə direktorun boğazından yapışan "müəllim"lərdən qat-qat yaxşı effekt verəcəyinə inanıram. Ümummilli Liderimiz, Ulu Öndərimizin dediyi kimi, "Mən yer üzündə müəllimdən uca ad tanımıram!”

İndi DQ məsələsi gündəmə gələndə müəllimlər narazılıq edirlər. Deyirlər ki, bizi DQ imtahanlarına göndərəndə demədilər ki, göstərəcəyiniz nəticə, xüsusən, ixtisasdan toplayacağınız bal gələcəkdə saat bölgünüzə təsir edəcək. Kim nə bilir yazsın, 8 bal toplasın, yetər, dedilər. Biz də ona görə o qədər də ciddiyə almadıq və heç hazırlaşmadan imtahana getdik".

Təbii ki, bu, onların fikridir. Tam olaraq da haqq qazandırmıram. Çünki müəllim sırf imtahana görə yox, qarşısına çıxdığı auditoriyanın səviyyəsinin artırılması və inkişafı üçün daim çalışmalı, öz üzərində işləməlidir. Həmin imtahanda 6, 8, 10  kimi bal toplamaq sadəcə, utancvericidir.

-İstənilən bir sinifdə müəllimin topladığı balın 2-3 qatını toplamağa gücü çatacaq şagirdlər mütləq var …

-Bəli, aradakı fərqin və nisbətin müzakirəsini isə heç dilə gətirməyə dəyməz! DQ imtahanında zəif nəticə göstərənlər çox oldu. Səhv etmirəmsə, dedilər ki, ümumi keçid balını toplaya bilməyənlərin dərs yükü minimuma endiriləcək. Bal kateqoriyalara görə isə dərs yükləri bölünərək kim nə qədər toplayıbsa, ona uyğun dərs saatı ilə təmin olundu. Bu proses müəssisə rəhbərliyi tərəfindən deyil, daha ali aidiyyəti orqanlar tərəfindən aparıldı. Ortaya, nəticəsini gözardı edib saatından narazı qalan, hətta şikayət etməyi belə özünə ar bilməyən müəllimlər çıxdı. Və bir neçə dəfə zəif nəticə göstərənlər üçün şans da verildi, yenidən imtahana gedib nəticələrini yüksəltmək üçün imkan yaradıldı. Lakin gözlənilən nəticə yenə də əldə oluna bilmədi. Yenə zəif ballar, zəif nəticələr və zəif müəllimlər... Bundan sonra yenə DQ keçirilə bilərmi, ya yox, onu deyə bilmərik, zaman göstərəcək…

-Ümid edirik ki, artıq bu imtahanda zəif nəticə göstərən müəllimlərə qarşı reaksiya Diaqnostik Qiymətləndirmədə olduğu kimi olmayacaq…

- Sertifikasiyanın ümumi müddəaları və zamanı tam təsdiqlənmiş formada meydana çıxacağı təqdirdə, hesab edirəm, daha DQ – yə gərək qalmayacaq və bütün müəllimlər sertifikasiya imtahanına cəlb olunacaqlar. Düşünmürəm ki, DQ - da olduğu kimi müəllimlərə "yumşaq" reaksiya verilsin. Reaksiyaların sərtləşəcəyi labüddür. Və mən deyərdim ki, hələ zamanı tam bəlli olmasa da, hər kəs indidən özünü hazırlasın!

-Sertifikasiya imtahanlarında müəllimlərin hansı bacarıqlarının yoxlanmasını labüd hesab edirsiz?

- Burada, təbii ki, ixtisas mütləqdir. Bildiyimiz kimi, MİQ və DQ- da ixtisasdan 40 sual olurdu. Sertifikasiya olacağı təqdirdə ixtisas suallarının daha da artırılmasının, təhsildə kurikulum sisteminin mövcudluğunu nəzərə alaraq metodika və pedaqogikaya da az sayda belə olsa, yer ayrılmasının, istənilən ixtisasda, şəraitdə, istənilən situasiyadan çıxmağa bacarıq məqsədilə məntiqin də yer almasının tərəfdarıyam. Əlavə olaraq,  şagirdlərin hər birinin bir ailədən gəlməsi və fərqli-fərqli xarakterlərə sahib olduğu üçün müəllimin psixoloji biliklərə sahib olması da önəmlidir. Nəhayət, XXI əsrin kompüter əsri olduğunu da unutmasaq, müəllimlərin(xüsusən yaşlı nəsil) informatika sahəsində də biliklərinin formalaşması və inkişafı üçün İKT - nin də imtahana daxil edilməsini labüd hesab edirəm. Qısaca desək, əhatə ediləcək istiqamətlər: ixtisas, kurikulum, məntiq, psixologiya və İKT...

-Metodik biliklərinin təkmilləşdirilməsi məqsədilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu müəllimlər üçün bir sıra təlimlər təşkil edir. Bu “təlimçi ordusu”nun əsası isə ibtidai sinif müəllimlərindən ibarətdir. Nazirlik rəsmiləri qeyd edirlər ki, ibtidai sinif müəllimlərin yüksək səviyyəli təlim keçməsinə əmin deyillər… Siz necə düşünürsünüz, əslində, bu “təlimçi ordusu”nun tərkibini kimlər formalaşdırmalıdır?

- Bəli, belə bir proses həyata keçmişdi. Metodikanın müəllimlərə tətbiqi üçün həmin ixtisasdan yüksək nəticə toplayan ibtidai sinif müəllimləri təlimlərə cəlb olunmuşdular. İndi internet dövrüdür, bütün sistemlərdə olduğu kimi, təhsil də işlər daha "kağız-kuğuzla" aparılmır. Güclü və mütəşəkkil təşkil olunan ümumi bir sistem var. O sistemdən hər kəs haqqında lazımi məlumatları bir an içində əldə etmək mümkündür. Düşünürəm ki, metodikanın tətbiqi sahəsində yalnızca ibtidai sinif müəllimləri ilə kifayətlənməklə imkanlarımızı məhdud çərçivəyə salmış olarıq. Yəqin ki, metodikadan təlim qabiliyyətli, savadlı, güclü kadrlar lazımsa, onların kimlər olacağının və hansı ixtisas müəllimlərindən təşkil olunacağının siyahısını tərtib etmək aidiyyəti qurumlar üçün çox da çətin iş deyil. Bu işi güclü metodik biliklərə malik riyaziyyatçılardan da seçmək olar, kimyaçılardan da, tarixçilərdən də və s. Həm də indiki dövrdə kurikulumun mənimsənilməsi üçün yetəri qədər vəsaitlər də mövcuddur. Əldə olunmağı və öyrənilməyi heç də çətin olmayan bir sahədir. Sadəcə olaraq, yenə deyirəm, bu iş əmr gələndən gələnə əl-ayağa düşməklə olmaz. Gərək bilikverənlər də mütəmadi araşdırmalar aparmağa, özləri də öyrənməyə, inkişaf etməyə səy göstərsinlər. Hansı proses olur olsun, həvəslə, məsuliyyətlə yanaşılmasa, gözlənilən nəticəyə nail olmaq mümkün olmaz.

-Müəllimlərin maaşının hesablanması üçün hansı yeni metodu təklif edə bilərsiz? Diferensial maaş sisteminə münasibətiniz necədir?

- Diferensial maaş sistemini birmənalı şəkildə bəyənirəm. Çünki bu üsul belədir ki, əgər iki nəfərin ikisinin də 10 saatı varsa, müsbət keyfiyyətlərə sahib olan, daha savadlı, daha çox bal toplamış müəllim həmin 10 saata görə çox maaş alacaq, ondan zəif, digər 10 saatı olan müəllim isə, əlbəttə ki, az maaş alacaq. Bu prinsip artıq istər-istəməz müəllimləri nəticələrini yüksəltməyə sövq edir ki, onun maaşı dərs saatının yükü ilə deyil, şəxsən müəllimin bilik və bacarıq səviyyəsi ilə ölçülsün.

-Müəllimlərin vakant yerlər üzrə yerləşdirilməsini necə qəbul edirsiniz? Yəni, ümumilikdə bu proses effektlidirmi və ya hansı nöqsanlara yol açır?

-Müəllim olmaq istəyənlər müvafiq imtahan və müsahibə mərhələlərindən keçdikdən sonra tam şəffaf şəkildə, azad seçim üsulu ilə istədikləri vakant yerləri seçə bilirlər. Bu, müsbət haldır. Amma orada da bəzi nöqsanlar var. Məsələn, biri uzaq rayon seçir və təyinatla gedir. Həmin rayona gedərkən belə "eybi yox, 1 il başımı qatım, sonra yerdəyişmə edib ya öz rayonumuza, ya da özümüzə yaxın bir yerə" gedərəm düşüncəsi ilə yaşayırlar. Hətta qeydiyyat üçün təyin olunduğu məktəbə gedərkən belə, direktorla ilk tanışlıq bitən kimi, "Mən necə yerdəyişmə edə bilərəm?" sualını verirlər. Biri gəlir, 1 il işləyir, çıxır gedir. Sonra növbəti biri gəlir, o da 1 il işləyir, yenə çıxır gedir. Belə-belə, hər il həmin saatlar vakantda olur və şagirdlər bir il bir müəllimə öyrəşir, növbəti il isə yeni birisi gəlir. Bu baxımdan yaxşı olar ki, Təhsil Nazirliyi rəsmiləri təyinat prosesini gerçəkləşdirərkən müəllimin yalnızca topladığı balı, müsahibə turunu deyil, müəllimin gedəcəyi bölgəyə, həmin şəraitdə yaşayıb-yaşaya bilməyəcəyi məsələsinə də diqqət yetirsinlər. Fikrimcə, ən yaxşısı isə odur ki, hər kəs öz bölgəsini seçsin, gələcəkdə işləməyində də problem olmasın və "necə yerdəyişmə edə bilərəm?" sualları minimuma endirilsin. Bu hal daha çox qadın müəllimlərdə özünü göstərir. Əksər hallarda isə müəllimlər seçdiyi yerlərdən imtina edirlər. Nəticədə həmin dərs yükü yenidən vakansiya hesab olunur. Bu da vaxt itkisinə və bir sıra tədrisi ləngidəcək səbəblərə gətirib çıxarır. Ən pisi isə odur ki, düşdüyü yerlərdən imtina edənlər üçün heç bir cəza tətbiq olunmur. Onlar da bu metodu şans kimi dəyərləndirirlər. Əgər həmin şəxslər barədə müəyyən planlar hazırlansa, imtina edənlər növbəti qəbul imtahanında iştirak hüququndan məhrum olunsalar və bu kimi bəzi konkret tədbirlər həyata keçirilərsə, əminəm ki, öz effektini göstərəcək.

- Hər il fərqli müəllimlərlə tanışlıq şagirdlərin sosiallaşması baxımından müsbət hesab oluna bilməzmi?

-Xeyr, elə olduğunu qətiyyən sanmıram. Hazırda şagirdlərin, ümumiyyətlə, insanların sosiallaşması üçün yetəri qədər imkanlarımız var. Həm tədrisdə, həm də gündəlik məişətdə... Yuxarıda qeyd etdiyim sayda və böyük dərəcədə problemləri sosiallaşmağa qurban vermək olmaz. Hər bir problem əhəmiyyət dərəcəsindən asılı olaraq ardıcıl şəkildə həll olunmalıdır.

İlin gənc müəllimi-Müraciət formu