Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 10:33:02
Azedu.az-ın sorğusu tələbələri silkələdi – “Hətta rektor da səsverməni izləyir

Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan təşkilatdır. THİK universitetdə tələbələri ictimai işlərə cəlb edərək onların formalaşmaları, yataqxana ilə təmin olunmaları, universitetin daxili nizam-intizam qaydalarına riayət etmələri, asudə vaxtlarını dəyərləndirmələri və digər vacib istiqamətlər üzrə fəaliyyət göstərir.

AzEdu.az saytının növbəti sorğusu da universitetlərdə fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitələri ilə bağlıdır.

Sorğu sualı belədir: Azərbaycanda hansı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi daha aktiv fəaliyyət göstərir?

Sorğu 6 gündür ki, davam edir. Bəs universitetlər qalibiyyət uğrunda necə mübarizə aparırlar?

AzEdu.az bu sualla bir sorğuda iştirak edən bir neçə ali təhsil müəssisəsinə müraciət edib:

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədr müavini Manaf Talıbovun sözlərinə görə, səsvermə ali məktəbin diqqətindədir:

“Birinci yerdə bizik. Əvvəl bir neçə faiz səslə geridə idik. Sonradan bunla bağlı tədbirlər  gördük. Tələbələrimizi məlumatlandırdıq və səslərin sayı yüksəldi. Beləliklə, birinci yerə yüksəldik. Səsvermə nəzarətimizdədir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Vurğun Məmmədov bildirib ki, artıq günlərdir, səsvermə uğrunda mübarizə gedir:

“Biz yarışdayıq, mübarizə aparırıq. Demək olar ki, işimizin 60%-ni görüb qurtarmışıq. Rektorumuz cənab Cəfər Cəfərli də bizi izləyir. Ciddi vəziyyət yaranıb. Axşam 9-a qədər mübarizədəyik. Bizim 18 min tələbəmiz var. Nəyə görə Bakı Dövlət Universitetindən geri qalmalıyıq?! Bir azdan böyük iclas keçirəcəyik. İclasın gündəliyindəki birinci məsələ, məhz AzEdu.az-da keçirilən  sorğu olacaq.

Belə layihələrlə tələbələrimizi oyadırıq. Əsas olan tələbələr arasındakı əlaqələri artırmaqdır”.

Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Amil Abdullayev ali məktəbin sorğuda iştirak etməkdə maraqlı olmadığını vurğulayıb:

“AzEdu.az saytını izləyirik. Sorğudan məlumatımız var. Bu cür saytların yaradılması və inkişafı bizim marağımızdadır.  Bu yarışma isə bizim formatımıza uyğun deyil”.

Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri Elvin Bəxtiyarlı səsvermə barədə məlumatlı olduqlarını qeyd edib:

“Mətbuat şöbəsinin rəhbəri Nicat Abdullayev bu barədə mənə informasiya verib. Bu gündən tələbələrimiz səsverməylə bağlı məlumatlandırılıblar”.

Xatırladaq ki, hazırki göstəricilərə görə, I yerdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, II yerdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, III yerdə Bakı Dövlət Universiteti, IV yerdə isə UNEC qərarlaşıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları