Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 16:45:00
“Hə”si veriləndən sonra dərsə gəlməyən, oğlan evinin sözündən çıxmayan məktəbli qızlar- Bölgələrdə niyə dərsdən yayınırlar?

“Şagirdim indi boş-bekar evdə oturub. Yaşıdları isə bu il məzun olurlar. Baxanda təəssüf edirəm. Sinifdən təxminən,  2-3 şagird belə tale ilə üzləşir”.

AzEdu.az ayrı-ayrı bölgələrdə təhsildən yayınma hallarının səbəblərini araşdırmaqda davam edir. Daha çox göstərilən səbəblər isə erkən nikah və şagirdin təsərrüfat işlərinə cəlb olunmasıdır.

Goranboy rayon Sahib Pirəliyev adına Buzluq kənd orta məktəbinin müəllimi Araz Hacıyevin sözlərinə görə, bu bölgədə təhsildən yayınma hallarına rast gəlinmir. Artıq 5 ildir, həmin məktəbdə çalışan müəllim nə qədər qəribə də olsa, bunu kəndin ucqar ərazi olması ilə əlaqələndirib:

“Burada dərsdən yayınma halları sıfıra bərabərdir. Çünki bura ucqardır və şagirdlərin harasa getməsi mümkün deyil. Üstəlik, məktəbimizdə Uşaqlar Birliyinin rəhbəri də çox sərt müəllimdir və belə halların qarşısını alır”.

Müəllim qeyd edib ki, kənddə şagirdlərin erkən nikah səbəbindən dərsdən yayınması hallarına rast gəlməyib:

“Mən bura gələndə başqa  mədəniyyətin  şahidi oldum. Bu kənddə belə şeylərə yanlış hal kimi baxılır. Bura təmas xəttinə yaxın olduğuna görə, kənd ərazisində polis məntəqələri çoxdur və daim nəzarət olunur”.

Gədəbəydə müəllim işləyən Tural  Topçuyev isə bölgədə getdikcə bu kimi halların azaldığını bildirib. Onun sözlərinə görə, belə halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər görülür:

“Bizim kənddə erkən nikah psixologiyası demək olar ki, ləğv olunub. İndi bu məsələyə qarşı cəmiyyət qınağı var və yaxşı qarşılanmır. Sadəcə, maddi durumu yetərincə olmayan ailələrin övladları  dərsdən yayınmalı olur.

Çünki onlar kənd təsərrüfatına cəlb olunurlar. Bu, adətən, bir tədris ili başlananda, bir də bitəndə baş verir. Oğlanlar da, qızlar da bu səbəbdən yayına bilir”.

Müəllim qeyd edib ki, onun çalışdığı rayonda məktəb rəhbərliyi  təhsildən yayınan  şagirdin  valideynini dəvət edir, söhbətlər aparır:

“Qərarvermə qabiliyyəti zəif olan valideynlər var ki, bəzən, onlara psixoloji təsir etməli oluruq. Başa salmağa çalışırıq ki, hamı təhsil ala bilər.

Son dövrlərdə  valideynlər  əvvəlkinə  nisbətdə daha  inamlıdırlar. Başa düşürlər ki, kasıbın da uşağı oxuya bilər. Onlardakı ümidsizlik keçmiş Sovet psixologiyasından irəli gəlir. Valideynlər elə bilirlər ki, müəllimin övladı müəllim, çobanın övladı isə çoban olmalıdır.

Hətta danışıq zamanı övladının oxumasına qəti etiraz edən valideynlər də olur. Valideynə təsir edə bilməsək belə, məktəbdə şagirdlə danışırıq. Sonda universitetə qəbul olur. Beləcə, valideyni övladının haqlı olduğunu görür.

Əksər hallarda təhsildən yayınma VIII-IX siniflərdə baş verir. Çünki uşağın əmək qabiliyyəti o vaxtdan  başlanır.  Təbii ki, bütün uşaqlar oxumaq istəyər. Sadəcə, onları düzgün yönəltmək lazımdır”.

“İndi boş-bekar evdə oturublar. Yaşıdları  isə bu il məzun olurlar. Baxanda təəssüf edirəm...”

Başqa bir bölgədən adının çəkilməsini istəməyən müəllim isə burada tam fərqli mənzərəni hökm sürdüyünü bildirib.

Onun sözlərinə görə, buradakı uşaqlar, adətən, IX  sinifdən dərsdən yayınırlar. Əsas səbəb isə erkən nikahlardır. IX sinifdən sonra nişanlanmasa belə, “hə”si verilir və qız məktəbə gəlmir. Bəzənsə, valideyn şəxsən gəlib uşağı məktəbdən çıxarır. Deyir ki, mən oxutmaq istəmirəm, imkanım yoxdur. Çox vaxt ana gəlib deyir ki, oğlan tərəf qızımın oxumasını istəmir, mən də çıxarıram. Rəhbərlik də, müəllimlər də onunla danışıqlar aparır. Valideyn isə razılaşmır.

Müəllimin sözlərinə görə, adətən, belələri oxumağa meyli olmayan şagirdlər olur:

“Keçən il bir şagirdim IX sinif imtahanından kəsildi. X sinfə keçəndə isə ailə qurdu. 3-5 ay çəkmədi və ailəsi dağıldı. Onun başqa bir sinif yoldaşı da eyni aqibətlə üzləşdi. İndi boş-bekar evdə oturublar. Yaşıdları isə bu il məzun olurlar. Baxanda təəssüf edirəm. Kənd yeri olduğuna görə sinif  yoldaşları qonşudur və bir-biriləri ilə əlaqədədirlər. Ona tərəfdar olanlar da var. Bəziləri isə deyir ki, ay müəllim adam indidən ailə qurar?

Sinifdən təxminən,  2-3 şagird belə tale ilə üzləşir. Bəzi siniflərdə isə ümumiyyətlə, bu hal yaşanmır. Bu il davamiyyət düzəlib. Bizdə hər il 98-99% davamiyyət müşahidə olunur. Buna baxmayaraq, təhsildən yayınma daha çox qızlarda müşahidə olunur.

Oğlanları isə tamam başqa aqibət gözləyir...

“Kömək etməsəm, atam məni öldürər”.

Onları təsərrüfat işlərinə yönəldir, məktəbdən ayırırlar. Bəzənsə valideyn deyir ki, onsuz da övladım oxumur. Aparıb sənət öyrədəcəyəm. Uşağı təhsilə həvəsləndirmək barədə isə qəti düşünmürlər. Belələri daha çox tərbiyədən kənar şagirdlər olur. Müəllimə sən deyən şagirddən nə gözləyirsiz?”

Müəlliminin sözlərinə görə, ümumiyyətlə, kənddə təhsilə meyl zəifdir:

“Şagirdim deyir ki, “məktəbi bitirib Rusiyaya gedəcəyəm, niyə oxuyum? Atam da oradadır”. Onların valideynləri də VII-VIII sinifdən təhsildən yayınanlardır. Burada şagirdlər bu amalla yaşayırlar. 3-5 % uşağın oxumaq fikri var. Hər şəraitləri olsa da, təhsil baxımından XVIII əsrdə qalıblar".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları