Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 15:50:00
“Erməni təxribatına hər zaman hazır olmalıyıq, gəlin, birlikdə bunu ləğv etdirək” – Xaricdəki tələbələrə çağırış

ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılması  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatlarının etirazına səbəb olub.

Bununla bağlı artıq diaspor təşkilatlarının etiraz məktubları yayılmaqdadır. Etirazlarda bildirilir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və s. qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur. Özünü demokratiyanın beşiyi adlandıran, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk qrupunun həmsədri də olan bir ölkədə prospektin Arsaxadlandırılması, ikili standartların nümunəsidir və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir.

Maraqlı məqamlardan biri də budur ki, xaricdə təhsil alan gənclərimiz, Qarabağ məsələsinin tanıdılmasında nə kimi işlər görürlər?

Kaliforniya olayı onu bir daha göstərdi ki, xaricdə oxuyan tələbələrimizin xüsusən də Qarabağ məsələsində fəallığı çox vacibdir.

Azərbaycan Elm Assosiyasiyasının həmsədri, İngiltərə universitetlərində təhsil  alan İnqilab Şahbazov bildirib ki, gənclərin bu məzmunlu fəaliyyətini 2 istiqamətdə xarakterizə etmək olar:

“Birinci, onlar təhsil aldıqları universitetlərdə cəmiyyətlər yaradaraq onun vasitəsilə tədbirlər keçirib, Qarabağ məsələsini universitet və yerləşdiyi şəhərdə tanıda bilərlər. İkinci isə səfirlik və tələbələrin müştərək layihəsi formasında bu işlər aparıla bilər.

Tədbirlər zamanı, adətən, universitetin ən çox insan olan yerində stend  qoyulur və orada Qarabağ problemi ilə bağlı statistik məlumatlar, fotolar, videolar yerləşdirilir. Oradan keçənlərə bu haqda məlumat verilir.Məlumatlar,həmçinin, bukletlər, fleyrlər, afişalar formasında da hazırlanır. Bunu biz İngiltərədə oxuduğumuz zaman etmişik. Əgər səfirliyin dəstəyi ilə təşkil olunursa, daha böyük miqyasda tədbir  keçirilir. Məsələn, nüfuzlu otellərdə, konfrans mərkəzlərində keçirilir və press-reliz formasında bir çox yerli media qurumuna məlumat verilir və orada yayımlanır”.

İ.Şahbazovun fikrincə, bu işlər bir o qədər də effektli olmur:

“Bu işləri müəyyən  dərəcədə effektiv hesab etmək olar. Amma bir qədər də təsirsizdir. Təbii ki, bunun keçirilmə üsulundan, məkandan, hədəflənən auditoriyadan çox şey asılıdır. Yalnız universitet tələbələrini hədəfləyirsizsə, böyük ehtimalla sizin yaratdığınız təsir universitet daxilində qalacaq.

Səfirlik vasitəsilə daha böyük tədbir olsa, ölkənin parlamentində belə müzakirələrə səbəb ola bilər. Lobbiçilik fəaliyyətində tək səfirlik deyil, orada oxuyan tələbələrin iştirakı da mümkündür. Amerikanın bəzi ştatlarında və digər ölkələrdə qətnamələrin qəbul olunması  görə bilirik. Bu, görülən işin  nəticəsidir. Amma  yekun nəticədə  problemin həlli qalır. Bu isə onu göstərir ki, həmin ölkələrdə  nə qədər  təbliğat, məlumat, Ermənistandan olan tələbələrlə paralel olaraq  müharibəsi aparılsa da nəticə tam istədiyimiz kimi deyil. Bu da tələbə və gənclərin  edə biləcəyi bir şey deyil. Yəni 50% effektsiz olsa da, 50% nəticəsi var”.

İ. Şahbazov təcrübələrdən də danışıb:

“Maraqlı praktikalardan biri də odur ki, bəzi ölkələrdə parlament və ya hökumət binası qarşısında  gənclərin təşəbbüsü ilə yürüşlər də təşkil olunur.  Məsələn, mən İngiltərədə bunun hər hansı nəticəsini görməmişəm.Biz də oxuduğumuz universitetdə tədbir keçirmişik, onun da gözlədiyimiz nəticəsini görməmişik. İnsanlar gəlib məlumata baxır, maraqlanır və məsələ bağlanır. Davamlı nəticə görmürük. Yenə deyirəm bu, gənclərin əlindən gələn nəsə deyil. Burada daha çox siyasətçilərin, dövlət adamlarının, böyük şirkətlərin gücü daha çoxdur”.

“Xaricdə yaşayan azərbaycanlılar, o cümlədən, Azərbaycanda yaşayanlar hər zaman erməni təxribatına qarşı hazır olmalıdırlar. Bu təxribat müxtəlif xarakterli ola bilər. Dəfələrlə bu hallarla rastlaşmışıq və əlimizdən gəldiyi qədər qarşı çıxmağa və mübarizə aparmağa çalışmışıq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında İtaliyada fəaliyyət göstərən Azərbaycan İtaliya Gənclər Assosiyasiyasının  həmsədri  Emin Rüstəmov deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin tanıdılması yalnız xaricdə yaşayan azərbaycanlıların deyil, ümummilli məsələ olub, hərkəsin problemi hesab edilməlidir:

“Merilend prospektinin adının dəyişdirilməsi ilə bağlı erməni təxribatı da bu kimi məqamlar sırasındadır. Bildiyiniz kimi, DAG ( Dünya Azərbaycanlı Gəncləri ) təşkilatının üzvləri və dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimiz artıq bu məsələ ilə əlaqədar olaraq  ciddi addımlar atmağa başlayıb. Məsələn, sosial şəbəkələr üzərindən paylaşımlar edilərək, insanları bu imza aksiyasında iştirak etməyə dəvət edirlər. Əgər bir ay içində topladığımız imza sayı 100.000 olarsa, o zaman bu məsələnin yenidən gündəmə gətirilməsinə və yeni verilmiş adın ləğvinə nail ola bilərik. Fürsətdən istifadə edib bütün soydaşlarımızı imza aksiyasında aktiv iştirak etməyə dəvət edirəm. Gəlin, ermənilərin məkrli siyasətinin qarşısını birlikdə alaq”.

Qeyd edək ki, haqsızlığın aradan qaldırılması, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kompaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb.