Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 12:49:00
BDU və “Clarivate Analytics” şirkəti humanitar elmlər üzrə seminar keçirəcək  

Oktyabrın 18-də Bakı Dövlət Universitetində “Clarivate Analytics” (öncə Tomson Reuters) şirkətinin birgə əməkdaşlığı ilə humanitar elmlər üzrə növbəti seminar keçiriləcək.

Universitetdən AzEdu.az-a bildiriblər ki, seminar çərçivəsində “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakayeva “Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər” mövzusunda təlimlər aparacaq.

Təlimlərin əsas məqsədi beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdən ibarətdir.

Rus dilində aparılacaq təlimlərin birinci hissəsində “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarılıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı məlumat veriləcək.

İkinci hissədə “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələri təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı layihə haqqında məlumat veriləcək.